Doqquzdan dördü çıxanda…
Doqquz milyon üçün doqquz televiziya əslində azdır. Amma doqquz on doqquz olsa, nə dəyişəcək? Biz sadəcə, Əliyevlər ailəsini – babaları, əmiləri, bibiləri, dayıları, onların uşaqlarını, qayınataları, qayınanaları, tək oğulu (qızı yox), tərifli gəlini, xalanı, yeznəni, xalaqızıları, kürəkənləri, təzə tələbə oğulu, nəvələri – bütün bu saydıqlarımızın yaxın-uzaq ətrafını daha yaxından tanıyacağıq. Bu qədər adama doqquz televiziya yetməz ki…
II yazı
Indi Arif Alışanov olmasın, biz olaq. Cəmil Quliyev, Ədalət Əliyev, Vaqif Mustafayev olmasın, biz olaq, nə edə bilərik? Odur ki, televiziyalardan çox yazmağımıza baxmayın, nəyin nə, kimin kim olduğunu bilirik. Amma yazmağın bir xeyri var ki, az-çox abrı olanlar yazılanların gerçəkliyindən utanır və kimlərsə özünə dərs götürür. Görün prezidentliyə nə qədər namizəd var…
Ölkədə fəaliyyət göstərən telekanallar hakimiyyətə xidmət edir. Bu sözün məsuliyyətini dərk edərək yazıram. Sadəcə, xidmətin forma və növləri, dərəcələri fərqlidir. Biz bu fərqə o qədər həsrətik ki, hələ də ANS-i xidmət siyahısında doqquzuncu yerdə görürük. Bunun gerçəkdə belə olmadığını bilə-bilə. Qalan səkkiz telekanaldan fərqli olaraq ANS faktlarla, görüntülərlə, sözlərlə manipulyasiya etməkdə daha bacarıqlıdır. Bugünlərdə ANS-i o biri televiziyalara qatıb birtərəfli mövqedə, balans gözləməməkdə qınayan “Turan” agentliyinin direktoru Mehman Əliyevə qarşı hazırlanmış süjetə baxdım. Rəsmən hücum, “mənə toxunma, qapımı döymə, dinmə, əzərəm” mövqeyindən çəkilmiş süjetdi. Hikkəylə hazırlanmış cavab materialında Mehman Əliyev ədalətsizlikdə suçlandı və adamın danışıqlarından etiraf xarakterli iki cümlə seçilib verildi. Balans belə olmur, əzizlərim. Adam fikrini bildirib, haqsızdırsa, qoy onu başqaları ittiham etsin. Siz özünüzü haqlı bilirsinizsə, söylənən fikri özünüzə aid etməyin. Yox, əgər məqsəd haqlı-haqsızı araşdırmaq yox, özünü göstərməkdirsə, bu ayrı məsələ.
Etiraf edim ki, ANS digərlərindən fərqləndirilməsini istəməkdə lap elə də haqsız deyil. Heç olmamaqdansa, nə isə olmağı yaxşıdır. Amma bircə zəhərli cümlə, bircə xüsusi kadr, bircə tərs müsahib seçimi gerçək məqsədin nə olduğunu anladır. Anlamağı bacarana anladır. Mehman müəllim anlamağı bacarandır.
Bütləşmiş AzTV-ni, göz dağı “Ictimai”ni qıraqda qoyub o biriləri təftiş etməyin, ayrıca irad bildirməyin adı yoxdur. Bu gün hər kəsin hədəfində məhz Ictimai Televiziya olmalıdır. Prezident seçkilərinə az qalıb və seçkini hakimiyyət üçün uğurla sona çatdırmaq öhdəliyində ITV-nin də öz payı var. Televiziya təbliğat kampaniyasının başlamamasından xəbərsiz kimi cidd-cəhdlə Ilham Əliyevin təbliğatını aparır. Guya, ITV prezidentin sərəncamlarını, səfərlərini, qəbul və görüşlərini AzTV qədər işıqlandırmasa, nə olacaqmış. ITV, “Mədəniyyət” və “Idman”sız yerdə qalan beş kanal da yetir hakimiyyətə. Əslində, onlara tək AzTV də bəsdir. Doqquz telekanaldan dördü (hər birinin formal rəhbəri olsa belə) AzTV sədri Arif Alışanova tabedir. AzTV qos-qocaman imperiyaya çevrilib – “Birləşdir, hökm elə!” siyasəti yeridir. Burada hələ də adamları iki-üç aylıq müqavilələrlə işlədirlər. Kimsə sabahına güvənli deyil. AzTV sədrinə qarşı bir neçə məhkəmə iddiası var.
ITV-nin sürətlə AzTV-ləşməsinin, özünü hakimiyyətin xidmətində olduğunu göstərməsinin bir səbəbi də dövlət televiziyasında olduğu kimi, buradakı ciddi hüquq pozuntularını ört-basdır etmək üçündür. Əməkdaşlara qarşı qərəzli münasibətdən diqqəti yayındırmaq üçündür. “Mən mədəniyyətimizi təbliğ edəcəyəm” vədilə işə başlayıb vədini unudan, iqtidarı təbliğ edən Cəmil Quliyevə kimsə haqq vermir ki, insanların taleyi ilə oynasın. Ötən yazıda qeyd etdiyimiz kimi, dörd ayda 48 nəfər direktorun təzyiqilə üzləşib. Sorub-soruşdurub əldə etdiyimiz üçün bir siyahı var. Çoxları işdən çıxıb, bəziləri daha aşağı vəzifəylə razılaşmaq zorunda qalıb. Rəhbər vəzifələrdə çalışanlardan Cəsarət Valehov, Natiq Abdullayev, Azad Məmmədov, Çingiz Aslanov, Rafiq Nəbiyev, Natiq Babayev, Elman Qədirli, Ilham Hüseynov, Şəfəq Nəcəfova, Pərviz Aslanov, Cavid Təvəkküloğlu, Qərənfil Xəlilova, Ruhəngiz Ibrahimzızı, Kamran Israfilov, Anar Yusifoğlu, Oqtay Bayramov, Ilham Sərxanlı, Telman Məmmədov, Rəhim Ələsgərov, Moskva, Gürcüstan müxbirləri, əksər zona müxbirləri… Bir sözlə, bizim siyahımızda onların sayı 48 nəfərdir. Yəqin ki, direktor dəyişikliyindən sonra iş yerini hər hansı formada itirənlərin sayı daha çoxdur. Indiyəcən ölkənin heç bir televiziyasında belə kütləvi işdənçıxarmalar olmayıb.
Əksər hallarda bunca ədalətsizliyin arxasında mütləq özəl maraqlar dayanır. Və bu maraqlar adətən maliyyə mənimsəmələrinə söykənir, rüşvətə meydan verir.
Çox güman, yaxınlarda ITV direktoruna qarşı da məhkəmə iddiaları başlayacaq. Odur ki, bütün həmkarlarımı prezident seçkiləri ərəfəsində televiziyaların, xüsusən də Ictimai Televiziyanın monitorinqini aparmağa, hər gün gördükləri eybəcərlikləri qələmə almağa çağırıram. Azərbaycan dərəbəylik deyil ki, ITV dərəbəylik olsun. Başında kimin durmasından asılı olmayaraq, o da bizimdir, bu da.
Aydın Türkoğlu