Obama Bəşər Əsədə xəbərdarlıq etdi

«Diplomatiya uğursuzluğa uğrasa, ABŞ əvvəlki kimi Suriyaya zərbə endirməyə hazırdır»

ABŞ prezidenti Barak Obama Suriyanın nüvə ehtiyatının məhv edilməsi ilə bağlı  ABŞ-la Rusiya arasında Cenevrədə əldə edilmiş razılığı alqışlayıb. Obama xəbərdarlıq edib ki, diplomatiya uğursuzluğa uğrasa, o halda ABŞ əvvəlki kimi Suriyaya zərbə endirməyə hazırdır. Obama qeyd edib ki, ABŞ-ın hərbi müdaxilə təhlükəsi vəziyyətin dəyişməsinə yardım edib.
Bu həm də Suriyadakı rejimin kimyəvi silah tətbiqi təhlükəsi ehtimalını aradan qaldırıb. “Problemlə bağlı önəmli uğur əldə edilsə də, hələ görüləcək çoxlu iş var” -deyə, ABŞ lideri vurğulayıb. BMT-nin baş katibi Pan Gi Mun da bu razılaşmanı alqışlayaraq, ümid edib ki, Suriyadakı kimyəvi silah üzərində nəzarət sülh müqaviləsinin bağlanmasına yardım edər və suriyalıların məşəqqətinə son qoyular.ÿ
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyadakı münaqişə ilə əlaqədar xüsusi müsahibə verib. Cenevrədə çıxışı zamanı Lavrov Dəməşqin Ğuta rayonunda törədilən hücumlara görə hökumətin məsuliyyət daşımadığını bildirib. Onun sözlərinə görə, avqusutun 21-də törədilən və kütləvi insan qırğınına səbəb olan kimyəvi hücum iddiaları uydurma olub. “Hücumlarla əlaqədər çoxlu sayda şahid və müstəqil ekspertlər var. Biz birbaşa suriyalıların özləri ilə əlaqə yaradır, vəziyyətin nə yerdə olduğunu anlamağa çalışırdıq. Amerika isə hökumətlə əlaqə yaradaraq məlumat əldə etmək istəyirdi. Belə qısa müddətdə bütün sənədlərin hazırlanaraq Birləşmiş Milllətlər Təşkilatına verilməsi təşəbbüsü isə rəsmi Dəməşqə məxsusdur. Amerikalılar Suriya hökumətinin hərbi müdaxilədən çəkindiyi üçün belə bir addım atdığını bildirib, lakin rəsmi Dəməşq kimyəvi silahların qadağası konvensiyasına qoşulmaq üçün heç bir şərt irəli sürməyib”.

Suriya qarşısında hansı şərtlər qoyulub?

ABŞ dövlət katibi Con Keri Suriyada kimyəvi silahların beynəlxalq nəzarətə götürülməsinə dair rəsmi Moskva ilə əldə etdiyi razılaşmada 6 şərtin ödənilməsini tələb edib. Şərtlər bu cürdür.
1. Suriyanın kimyəvi silahları ən qısa zamanda beynəlxalq nəzarətə götürülməlidir.
2. Rəsmi Dəməşq ölkədəki kimyəvi silahların tam siyahısını 1 həftə ərzində təqdim etməlidir.
3. Kimyəvi silahların qadağası konvensiyasına uyğun olaraq silahların məhv edilməsi üçün fövqəladə prosedurlar həyata keçirilməlidir.
4. Suriya təftiş üçün beynəlxalq ekspertlərə ölkəyə daxil olmaq imkanı yaratmalıdır.
5. 2014-cü ilin ortalarına qədər bütün kimyəvi silahlar məhv olunmalıdır.
6. Yuxarıda göstərilənlərə əməl olunmasa, BMT-nin Təhlükəsizlik Şurası beynəlxalq hədələrə cavab olaraq güc tədbiq etmək səlahiyyətini əlində saxlayır.
Con Kerri  öz növbəsində, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu Parisə dəvət edib. Kerri türk həmkarı ilə telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə edib.
Dövlət katibi bu gün Fransanın paytaxtı Parisdə müxtəlif ölkələrlə Rusiya ilə əldə edilən razılığın müzakirə ediləcəyini deyərək Davudoğlunu da Parisə dəvət edib. Türkiyə xarici işlər nazirinin dəvəti dəyərləndirərək, Parisə gedəcəyi gözlənilir.

“Suriyadakı diktator atasını geridə qoyub”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə Suriyada cərəyan edən ən son hadisələrlə bağlı Birləşmiş Millətlər Təşkilatına qarşı sərt ittihamlar səsləndirib. Ərdoğan rəsmi Dəməşqin hələ də öz xalqına qarşı qəddarlıq etdiyini və bu zülmün beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verdiyini vurğulayıb. Suriyada yaşanan bu böhranın bu günə qədər aradan qaldırılmamasına görə isə BMT-ni günahlandıran Ərdoğan Misirə dəstəyini onların sülhə çağırış işarəsini göstərməklə nümayiş etdirib:  “Suriyadakı diktator öz əməlində atasını geridə qoyub. Bütün dünya Suriyada kimyəvi silahların 700-dən çox insanın həyatına son qoyduğunu deyir. Nəticəsi ölüm olan hər günaha görə haqq-hesab çəkilməlidir. Dünyanın səsi haradadır. BMT-nin daimi üzvləri hələ də qərar verə bilməyiblər. Güclü olanlar addım atmır. Türkiyə bu məsələdə həmrəy olmalıdır. Misirdə də demokartiyaya hərbi çevriliş nəticəsində zərbə vuruldu. Suriya xalqının da, Misir xalqının da yanındayıq. Onlar bizim qardaşlarımızdır. Onlarla birlikdəyik”.

İrandan ABŞ-a dəstək

Iran Suriyanın kimyəvi silahları ilə bağlı ABŞ dövlət katibi Con Kerri və Rusiyanın XIN rəhbəri Sergey Lavrov arasında əldə edilən razılığı müsbət qiymətləndirib. Iran parlamentinin spikeri Əli Laricani Tehranda keçirilən mətbuat konfransında bildirib ki, amerikalı siyasətçilər Suriya məsələsinə rasional yanaşma göstəriblər: “Biz ümid edirik ki, amerikalı siyasətçilər ekstrimal yanaşmalardan qaçmaq üçün rasional olacaqlar. Onların son günlərdəki vəziyyətlə bağlı qəbul etdikləri qərar regionun problemlərinə müsbət yanaşmanı nümayiş etdirir”.
Onun sözlərinə görə, ABŞ Suriyaya qarşı hərbi əməliyyataların müharibə atəşini dahada alovlannasına yol açacağını anlayıb.

AB və NATO Rusiya ilə ABŞ-ın razılığa gəlməsindən məmnundur

Avropa Birliyi  və NATO Rusiya və ABŞ-ın Suriyaya dair razılaşmasından məmnundur. Bu  barədə adıçəkilən qurumlar tərəfindən verilən açıqlamada qeyd olunur. Hər iki təşkilat bu ölkələrin Suriyadakı kimyəvi silahların ləğv edilməsi barədə razılaşmasını alqışlayıb. Belə ki, NATO-nun baş katibi Anders Foq Rasmussen bəyənatında “Mən ABŞ dövlət katibi və Rusiya XIN rəhbərinin Suriyanın kimyəvi silahının ləğv edilməsi barədə razılaşmasını alqışlayıram”, – deyə qeyd edib. Baş katib açıqlamasında bildirib ki, o razılaşmanın Suriyada münaqişənin siyasi yolla nizamlanmasına və qırğına son qoymasına təkan verəcəyini hesab edir. NATO rəsmisi beynəlxalq ictimaiyyətin kimyəvi silahların istifadəsinin qadağan olunması üçün tədbirlər görməli olduğunu vurğulayıb. Rasmussen söyləyib ki, bu cür silahlardan istifadə edənlər öz əməllərinə görə cavab verməlidir.
Avropa Birliyinin xarici işlər üzrə nümayəndəsi Ketrin Eşton isə Dəməşq rəhbərliyinə əlindəki kimyəvi silahların BMT müşahidəçilərinə və Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının nəzarətinə icazə verməsi barədə çağırış edib. AB rəsmisi təmsil etdiyi qurumun Kimyəvi Silahların Qadağan Olunması Təşkilatına hər cür dəstəyə hazır olduğunu bildirib. Eşton BMT TŞ-ni öz məsuliyyətinə sahib çıxamağa səsləyib. O həmçinin bu razılşamanın Suriyadakı böhranın siyasi yolla həllinə təkan verəcəyinə ümid etdiyini dilə gətirib(anspress).
Bu arada, ABŞ mütəxəssisləri hesab edir ki, Suriya ərazisindəki 45 obyektdə kimyəvi silah istehsal olunur, yaxud saxlanılır. Bu haqda Fransada çıxan “le Fiqaro?”qəzeti xəbər yayıb. “Daha doğrusu orada kimyəvi silahla bağlı 45 obyekt mövcuddur” –  deyə, qəzet amerikalı məmura istinadən bildirib. Onun sözlərinə əsasən, həmin müəssisələrin təxminən yarısında hazır kimyəvi silah ehtiyatı var.ÿ

“Əsəd kimyəvi silahları Livana və İraqa daşıyır”

Suriya müxalifətinin nümayəndələri Rusiya ilə ABŞ arasında bağlanan razılaşmanın əleyhinə çıxış edib. Azad Suriya Ordusunun Ali Hərbi Şurasının başçısı, general Səlim Idrisin açıqlamasında bildirib ki, bu addım Rusiya tərəfindən rəsmi Dəməşqəÿ”vaxt udmaq” üçün atılıb. S.Idris bəyan edib ki, Bəşər Əsədin əleyhdarların əldə etdiyi məlumata görə, hökumət qoşunları kimyəvi silah ehtiyatlarını Livan və Iraqa köçürürlər. Beləliklə, onlar bu ilin noyabrında ölkəyə səfər edəcək beynəlxalq müfəttişliyinin səfərinə hazırlaşırlar. Müxalifət təmsilçisi qeyd edib ki, razılaşmanın bağlanması Suriya müxalifətinin Bəşər Əsəd rejiminə qarşı atdığı addımlarına heç bir təsir etməyəcək. Müxalifət ordusu komandanlığının başqa bir təmsilçisiÿ Kasım Səadəddin qeyd edib ki, Azad Suriya Ordusu – BMT müfəttişlərinin qorumayacaq və onlara ölkə ərazisində işləməyə imkan verməyəcək”(lent.az). Xatırladaq ki, ABŞ və Rusiya arasında əldə olunan razılaşmaya əsasən, Suriyanın beynəlxalq nəzarətə veriləcək kimyəvi silah arsenalı 2014-cü ilin ortalarında məhv ediləcək.