natiq-cederli

“Cəmil Həsənlinin qalib gəlmək şansları çox böyükdür”

«ReAl Hərəkatının bütün üzvlərini, təəsübkeşlərini Cəmil bəyə səs verməyə dəvət edəcəyik»

Natiq Cəfərli: «İlqar Məmmədovun qeydə alınmaması sırf siyasi qərar idi»

Respublikaçı Alternativ (ReAl) Hərəkatının prezidentliyə namizədi, hazırda həbsdə olan Ilqar Məmmədovun namizədliyi qeydə alınmadıqdan sonra təşkilat seçkidə Milli Şuranın namizədi Cəmil Həsənlinin namizədliyini dəstəkləyəcəyi ilə bağlı qərar qəbul edib. Əslində Ilqar Məmmdovun namizədliyinin məhz siyasi sifariş nəticəsində qeydə alınmadığı açıq görünməkdədir. Çünki MSK-nın Ilqar Məmmədovu namizəd kimi təsdiq etməsi onun azadlığa buraxılması məsələsini gündəmə gətirəcəkdi. Mövzu ilə bağlı bu və başqa sualları ReAl-ın icra katibi Natiq Cəfərliyə ünvanladıq.

– ReAl olaraq imza toplamanı böyük bir kampaniyaya çevirdik. Yüzlərlə insan bu prosesə cəlb olunmuşdu. Prosesdə 360-a yaxın könüllü, 600-a yaxın üzvlər iştirak edirdi. Böyük kampaniya keçirib, imzaları toplayaraq təhvil verdik. Amma ilkin olaraq Ilqar Məmmədovun namizədliyinin qeydə alınacağı ilə bağlı ümidlərimiz az idi. Çünki Azərbaycan hakimiyyəti bu seçkilərə marağın azalmağının tərəfdarıdır. Hakimiyyət əlindən gələni edir ki, seçkilərlə bağlı cəmiyyətdə siyasi aktivlik olmasın. Bu baxımdan Ilqar Məmmədovun namizədliyinin qeydə alınması onun həbsdən azad olunması, televiziyaya çıxması demək olacaqdı. Bu isə seçkiyə marağı artıracaq, seçkidə yeni intriqaya səbəb olacaqdı. Bu seçkiyə ölkə daxilində və xaricində marağı artıracaqdı. Bu səbəbdən hakimiyyət bütün bu məqamları nəzərə alaraq Ilqar Məmmədovu qeydə almamaq qərarı verdi. Bu, sırf siyasi qərar idi.

– Maraqlıdır ki, elə şəxslərin namizədlikləri qeydə alınıb ki, onların təşkilatlarında özlərindən savayı ikinci adamı belə yoxdur, onların təşkilatlarının potensialı heç 4 min imzanı toplamağa belə kifayət etmir…
– Azərbaycanda imzatoplama kampaniyasını insanların hiss edəcəyi səviyyədə görüntü olaraq yalnız Milli Şura, ReAl Hərəkatı və “Ümid” Partiyası apardı. Yerdə qalan təşkilatların təmsilçiləri nəinki imzaverənlərin, hətta imza toplayanların siyahısını verməyə iqtidarları olmayan şəxslərdir. Digər namizədlərin imzalarının toplanmasında inzibati resurslardan istifadə olunduğu açıq görünür. Imzatoplama kampaniyasında iştirak etmiş bir təşkilat kimi anlayırıq ki, bu çox ağır bir prosesdir. On bir gün ərzində 41 min 200 imza toplaya bildik. Ona görə düşünmürəm ki, digər namizədlər, ümumiyyətlə, imzatoplamada iştirak ediblər. Bunlar hamısı sifarişli namizədlərdir və onların müəyyən məqsəd, məramları var. Onlar seçkidə müxalifətin əsas namizədinə qarayaxmaq üçün irəli sürülüb. Çox güman seçki kampaniyası zamanı biz bunun şahidi olacağıq.

“Tezliklə Avropa Məhkəməsinin qərarı olacaq”

– ReAl olaraq Ilqar Məmmədovun hüquqlarının qorunması ilə bağlı növbəti addımlarınız nədən ibarət olacaq?
– Namizədliyin qeydə alınmamasıyla bağlı hüquq müstəvisində mübarizəmiz davam edəcək. Bundan başqa, Ilqar Məmmədovun həbsi ilə bağlı Avropa Məhkəməsinə müraciət ünvanlamışıq. Bu işlə bağlı kommunikasiya çoxdan başlayıb. Bu da ilk dəfə idi ki, çox qısa müddətdə belə bir qərar verilmişdi. Yaxın həftələrdə Avropa Məhkəməsinin də qərarını çıxaracağını gözləyirik. Yəni Ilqar Məmmədovun qanunsuz, siyasi sifarişlə həbs olunduğunu nəinki ölkə daxilində və xaricində anlayırlar, hakimiyyət təmsilçiləri də bunu etiraf edirlər. Avropa Məhkəməsinin qərarı ilə Ilqar bəyin azadlığa çıxacağını gözləyirik. Hər bir halda Ilqar Məmmədovun azadlığı yubansa belə ReAl Hərəkatı öz işlərini davam etdirəcək. Bir il öncə belə bir qərarımız olmuşdu ki, 2013-cü ilin seçkilərindən sonra ReAl hərəkatının partiyalaşması başlayacaq və ilin sonunda bu proses yekunlaşdırılaraq, qeydiyyat üçün müraciət olunacaq.

– ReAl Hərəkatı prezident seçkilərində Cəmil Həsənlini dəstəkləməklə bağlı qərar verib. Cəmil Həsənlinin namizədliyinin dəstəklənməsi istiqamətində hansı addımları atmağı düşünürsünüz?
– Cəmil Həsənli Azərbaycanda tanınmış şəxslərdən biridir. Görkəmli alim, saf ziyalılardan biridir və ReAl Hərəkatının yaxın dostudur. Cəmil bəylə faydalı görüşlərimiz, fikir mübadilələrimiz olub. Cəmil Həsənli namizəd olmamışdan öncə Ilqar Məmmədovun özünə və ailəsinə dəfələrlə dəstəyini ifadə edib. Buna görə də biz Cəmil bəyin namizədliyinin olmasını ilk gündən alqışlamışdıq. Bu kampaniyada da ReAl Hərəkatının bütün üzvlərini, təsübkeşlərini Cəmil bəyə səsverməyə dəvət edəcəyik. Detallı dəstəyə gəldikdə isə, bu təkcə bizdən asılı məsələ deyil. Cəmil Həsənlinin seçki kampaniyasının aparılmasıyla bağlı müəyyən fikirlər, köməklik üçün müraciət olunarsa, məmnuniyyətlə müzakirələrdə iştiraka, təcrübəmizi bölüşməyə hazırıq.

“Hakimiyyətin legitimliyi sual altındadır”

– Milli Şuranın namizədi olan Cəmil Həsənlinin prezident seçkilərindəki şanslarını necə qiymətləndirirsiniz?
– Azərbaycan demokratik, normal seçkilər keçirilərsə, bu hakimiyyətin nümayəndəsi hətta müxalifətin ən zəif namizədinə belə məğlub olar. Cəmil Həsənli isə çox güclü namizəddir. Hazırda Azərğbaycan cəmiyyətində o qədər köklü problemlər var ki, cəmiyyət dəyişikliyə çoxdan hamilədir. Böyük əksəriyyət ölkədə dəyişikliklərin olmasını istəyir. Ona görə də normal, demokratik seçkilər keçirilərsə, Cəmil Həsənlinin qalib gəlmək şansları çox böyükdür. Amma təəssüf ki, Azərbaycanda son iyirmi illik hakimiyyət dönəmində bir dəfə də olsun normal, şəffaf seçkilər keçirilməyib. Əsas məsələ təşviqat dönəminin çox hazırlıqlı, normal aparılması və seçkilərin saxtalaşdırılmasının qarşısının alınması üçün tədbirlərin görülməsidlir. Bu addımlar atılarsa, Cəmil Həsənlinin seçkilərdə qalibiyyəti şəksiz və şübhəsiz olacaq.

– Əgər əvvəllər beynəlxalq təşkilatlar məhdudiyyətsiz prezident seçilməsinin legitimlik problemi yaranacağını bəyan etsələr də, hazırda aksent bir qədər dəyişib. Hazırda vurğulanır ki, əsas olan neçənci dəfə namizədliyin irəli sürülməsi yox, seçkilərin şəffaf və ədalətli keçirilməsidir. Bu baxımdan hakimiyyətin növbəti dəfə seçki saxtakarlığına getməsi iqtidara legitimlik problemi yarada bilərmi?
– Beynəlxalq təşkilatların verdikləri bəyanatlar diplomatik dil ilə ifadə olunur. Bu da anlaşılandır. Çünki Azərbaycan Konstitusiyası xalqın, cəmiyyətin problemidir. Bu Konstitusiyaya bu dərəcədə mürtəce dəyişikliklər edilibsə və bu sənəd artıq bir şəxsə sonsuz sayda dövlət başçısı olmağa imkan verirsə, beynəlxalq təşkilatlardan, xarici dövlətlərdən bununla bağlı kəskin addımın atılmasını gözləmək düzgün deyil. Çünki bu bizim daxili məsələmizdir. Amma beynəlxalq praktika, sivil dünyanın qəbul etdiyi oyun qaydaları var. Sivil dünyada isə bir nəfərin iki dəfədən artıq dövlət başçısı seçilməsi yolverilməzdir. Bu, demokratiya, ölkənin inkişafı üçün ciddi sədd sayılır. Cəmiyyətin seçkidən sonra ən böyük problemi 3-cü dəfə namizədliklə bağlı olacaq. Bu istiqamətdə veriləcək qərarlar həm beynəlxalq təşkilatlarla fəaliyyətinin qurulmasından, beynəlxalq aləmdə müxalifətlə bağlı hansı piar kampaniyanın aparılmasından asılı olacaq. Düşünürəm ki, Azərbaycan müxalifətinin əlində hakimiyyətin legitimliyini sual altında qoymaq üçün ciddi şanslar var. Sadəcə olaraq bu istiqamətdə ciddi şəkildə işləmək lazımdır. Legitimliyi ciddi şəkildə gündəmə gətirməklə gələcəkdə hakimiyyətə ciddi problemlər yaratmaq olar. Hakimiyyətin də məhz bu problemdən çəkindiyi hiss olunur.

“Hakimiyyət mərkəzdən yerlərə ötürülməlidir”

– Hakimiyyət bir yandan bəyan edir ki, onların namizədinin cəmiyyətə tanıtımına ehtiyac yoxdur. Amma digər tərəfdən nazirlərin rayonlara səfəri zamanı minlərlə insan şikayət ərizələri ilə müraciət edir. Elə fövqəladə hallar naziri Kəmaləddin Heydərin Zaqatala səfəri zamanı 5 min nəfər problemlərinin həll edilməsi məqsədi ilə nazirin qəbuluna düşmək istəyib…
– Bu göstərir ki, Azərbaycanda idarəetmə sistemi bərbad gündədir. Nazirlər siyasi qərarlar verən, strateji postlar tutan insanlar olmalıdır. Onlar strateji qərarlar əsasında öz sahələrinə rəhbərlik etməlidir. Hər hansı nazirin hər hansı regiona gedərək, oranın kommunal, sosial problemləri ilə məşğul olması Azərbaycanda idaretmə sisteminin böhranlı olduğunu göstərir. Əksinə, bu addımlar hakimiyyətin düşündüyü kimi bir piar aksiya deyil. Çünki düşünən, stuasiyanı bilən insan anlayır ki, belə idarəetmə olmaz. Fövqəladə hallar nazirinin rayonlarda insanların problemləri ilə məşğul olmasının nə anlamı var. Hakimiyyət islahatlar həyata keçirmək, yerlərdə vəziyyəti dəyişmək istəyirsə, bələdiyyələri gücləndirməlidir. Hakimiyyət mərkəzdən yerlərə ötürülməlidir.

– Dövlət başçısı əyalətlərə səfərlər edərək regionların abadlaşdırılması üçün prezidentin ehtiyat fondundan vəsaitlər ayrılır. Biz abadlaşdırmanın əleyhinə deyilik, amma bu addımlarla yanaşı, büdcədən maliyyələşən təşkilatlarda çalışanların maaşlarının artılırmasının da seçki ərəfəsinə təsadüf etməsi maraq doğurur. Bu nə dərəcədə qanuna, siyasi etikaya uyğundur?
– Bu, qanun pozuntusundan daha çox, siyasi cəhətdən etik  normaların pozulmasıdır. Dövlət başçısının səlahiyyətlərinə uyğun olaraq belə səfərlər edilə bilər. Amma atılan addımlar bərabər rəqabət prinsipinin pozulması deməkdir.

– İlham Əliyevin rayonlara səfərləri zamanı geniş ictimaiyyətin qarşısına çıxmaması, əhalinin problemlərini  dinləməməsi nəylə bağlıdır?
– Bunu bir çox məsələlərlə izah etmək olar. Bəziləri bunu təhlükəsizliklə bağlasalar da, digərləri bunu prezidentin birbaşa şikayətləri dinləmək istəməməsiylə izah edirlər. Hər halda bütün bu məsələləri araşdırarkən bəlli olur ki, prezident birbaşa xalqla dialoqdan çəkinir. Çünki eşidəcəyi problemlər, qanun pozuntuları haqqında onun kifayət qədər məlumatı olsa da, konkret addım ata bilmir. Çünki hakimiyyət bütün elitaların konsalidasiya edilmiş formasıdır. Ilham Əliyev bütün elitaların da rəyini nəzərə almaq məcburiyyətindədir. Ona görə Ilham Əliyev problemləri eşitməkdənsə, heç bir problemi dilə gətirməyən çox kiçik bir qrupla görüşməyə üstünlük verir.

– Rayonlara nazirləri ezam etməklə yanaşı hakimiyyət ölkədəki gəncliyə qarşı bir kampaniya aparır. Təzyiqlər və həbslərlə gənclərin qarşısını almağa çalışır. Bu nəyin təzahürüdür?
– Gənclər təşkilatlarına qarşı olan repressiyalar, həm də Ilqar Məmmədovun namizədliyinin qeydə alınmaması ondan xəbər verir ki, hakimiyyət situasiyaya düzgün diaqnoz qoya bilir. Hakimiyyət anlayır ki, bu cəmiyyəti dəyişmək qabiliyyətində olan yeni nəsil yetişir və bu nəsil qanuni yol ilə mütləq dəyişikliklərə nail olacaq. Hakimiyyət bunu anladığından hədəfə məhz gənclər təşkilatını alır. Bu cəmiyyətdə gedən siyasi aktivliyi tormozlamağa xidmət edir.

– Bir neçə gün öncə sevimli nəvəsi Rəşadət Axundovun Cinayət Məcəlləsinin daha bir maddəsi ilə ittiham olunduğu barədə xəbəri eşidərkən, buna etriaz əlaməti olaraq intihara cəhd edən Ənayət Axundov sentyabrın 13-ü dünyasını dəyişib. Baş verən faciəni necə qiymətləndirirsiniz?
– Bu, ürəkağrıdıcı haldır. Bu, yaşlı bir insanın haqsızlığa, qanunsuzluqlara dözməyərək atdığı addımdır. Bir insanın özünə qəsd etməsinə səbəb olan fakt da indiki sistemin vicdanına yazılacaqdır. Bu fakt mütləq gələcəkdə öz qiymətini alacaqdır.

Xəyal