Qafqaz İslam Ordusu xatırlanarkən…

Babam Salman Həllac (1930-lardan sonra sovet hakimiyyəti soyadına “ov” sonluğu əlavə etmişdi 1897-cü ildə Ağdam rayonunun Quzanlı kəndində doğulub. 1918-ci ildə Nuru Paşa öz ordusu ilə Azərbaycana gələn zaman o böyük qardaşı Süleymanla birgə könüllü olaraq Qafqaz İslam Ordusuna qoşulublar. Yevlaxda qısa müddətli hərbi təlimlərdən sonra Bakının azad olunması məqsədilə yürüşlərdə-hərbi əməliyyatlarda iştirak edib və Bakıya hücumun iştirakçısı olub. Amma O, Bakıya qədər olan mubarizənin də asan olmadığını xüsusilə qeyd edərdi. Babam Qaraməryəm yaxınlığında olan döyüşlərlə bağlı öz xatirələrində göz yaşı ilə danışırdı ki, çox isti günlər idi. İstidən, yorğunluqdan və susuzluqdan əsgərlərin dodaqları çat-çat olmuşdu. Türk zabitinin dodaqlarından qan axsa da o, öz suyunu içməyib saxlayırdı və bir-bir əsgərlərin dodaqlarına su sürtürdü, ürək-dirək verirdi. Babam deyirdi ki, Qaraməryəm bizə qaracəhənnəm olmuşdu. O döyüşlərdə qələbə xeyli itkilərlə əldə olunmuşdu. Onun qardaşı Süleyman o döyüşlərdə yaralanıb və sonradan aldığı yaradan dünyasını dəyişib, şəhid olub. Bakının azadlığı uğrunda döyüşlərdən, xüsusilə şəhərə girərkən gedən qanlı döyüşlərdən, şəhərin azad olunmasından qürurla danışırdı. Bakını azad etdikdən sonra onun olduğu bölük bir müddət Lənkəranda olmuş, ordan da Qarabağ mahalında kəndləri yandırıb, əhalisini öldürən daşnaqları Qarabağ bölgəsindən atmaq üçün gəldiklərindən danışırdı. Onun hafizəsində Əskəran qalasının erməni daşnaklarından azad olunması uğrunda qısa müddətli, amma qanlı döyüşlər çox dərin izlər buraxmışdı. O, deyirdi ki, Əskəran döyüşü gecə başlamışdı, ön sırada yalnız türklər döyüşür, yüksək səslə “Allah, Allah” nidaları ilə yeri-göyü inlədirdilər. Biz isə onların ardınca irəliləyirdik. Səhər açılanda qala divarlarının üstündə və ətrafında yüzlərlə erməni döyüşçülərinin meyitləri qalmışdı. Bir sutka ərzində yüzlərlə əsgərin iştirakı ilə daşnak döyüşçülərinin meyitlərini çətinliklə basdırıb qurtara bildik. Daşnak əsgərlərinin vahid uniformada olduqları, yaxşı silahlandıqları, buna baxmayaraq, bizim əsgərlərin daha mətinliklə və ölümünə vuruşduqlarını xüsusilə qürurla danışırdı. Babam 1982-cü ilin iyul ayının 15-də 85 yaşında dünyasını dəyişib. Ömrünün son günlərinə qədər sevə-sevə oxuduğu bu marş, babamın xidmət etdiyi Qafqaz İslam Ordusunun bir bölüyün marşıdır: Ay analar cəng havası çalıyor, Biz gedirik vətən sizə qalıyor. Getməliyik, getmək düşər ərlərə, Düşmən ayaq basmasın bu yerlərə!

Ələsgər Məmmədli