Dərbənddə Novruz şənliyi keçiriləcək

Tədbirə Azərbaycandan da qonaqlar qatılacaq

Martın 17 və 18-də Dərbəndin Narınqala adlanan tarixi ərazisində azərbaycanlıların Novruz şənliyi keçiriləcək. Bu barədə “Azadlıq”a Dünya Azərbaycanlıları Konqresi Idarə Heyətinin üzvü, təşkilatın mədəniyyət məsələləri üzrə təmsilçisi, əməkdar artist Ağalar Bayramov bildirib.
Novruz şənliyini Dərbənddə və qonşu vilayətlərdə yaşayan soydaşlarımızın təsis etdiyi “Ədalət” cəmiyyəti təşkil edib. Təşkilatın sədri DAK üzvü Sakit Əsgərov tədbirdə Azərbaycandan da qonaqların iştirak etməsi üçün DAK-a müraciət ünvanlayıb.
Ağalar Bayramovun sözlərinə görə, soydaşlarımızın bayram tədbirində DAK-ın həmsədri Paşa Qəlbinur, təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri Nadir Orucov və əməkdar artistin özü iştirak edəcək. Qiraət ustası tədbirin aparıcılığını etməklə yanaşı hələ təqdimatı keçirilməyən “Nə yatmısan qoca vulkan” adlı diski soydaşlarımıza hədiyyə edəcək. Narınqalada keçiriləcək Novruz şənliyində Azərbaycan mədəniyyət ustalarının iştirakı da nəzərdə tutulub.

İnformasiya şöbəsi