Göte (azərbaycanlılar bir qayda olaraq, yanlışlıqla Höte yazırlar; guya bu ciddi tərbiyə göstəricisidir, “milli mənəvi dəyər” nümayişidir; oysa əxlaq məsələlərində belə cılız, düşük “diqqətlilik” adamda sadəcə, gülüş və ikrah doğurur) “Gənc Verterin əzabları”nı yazanda 25 yaşı vardı. Əsərin qəhrəmanı Verter sevgisi qarşılıqsız olunca sonda özünü öldürür.
Əslində “öldürülür” demək daha doğrudur. Çünki aradan xeyli vaxt keçəndən sonra Göte özü də etiraf edəcəkdi: “Mən Verteri öldürdüm ki, özüm sağ qalım”.
Çoxları razılaşır ki, əslində Verter Götenin özü idi, Verterin iztirabları da elə onun öz iztirabları idi. Yəni Göte hər nə qədər özü sağ qalmaq üçün Verteri öldürdüyünü desə də, əslində o özü həm də özünü “öldürmüşdü”. Bu isə onların hər ikisinin əbədi diri qalmasına kifayət etdi: Göte də sağdır, Verter də. Elə hər ikisinin iztirabları da.
Bəs Rəşadətin babası niyə özünü öldürdü?
Əlbəttə, bu sadəcə bir intihar deyil, bu, qətldir. Onu buna məcbur etdilər. Haqsızlığın xirtdəyə, ədalətsizliyin boğazacan olduğu ölkələrdə intihar ilk baxışda ölümün bir şəklidir, zahiri görüntüsüdür, dərindən düşündükdə isə onun adına “qətl” demək daha doğrudur. Düzdür, yaptokratlar korrupsiya kimi, intiharın da dünyanın hər yerində olduğunu iddia edə bilərlər. Bəs insanları suçsuz yerə aylarca, illərcə həbsə məhkum etmək…
Adamların qanun, hüquq hərləmədən malını-mülkünü əlindən almaq…
Evini başına uçurmaq…
Toplumu çörəklə, işlə imtahana çəkmək…
Onunla sadəcə, nökər, müti kimi rəftar etmək dünyanın neçə ölkəsində qalıb? Əgər siz adamlara düşdükləri maddi, sosial, mənəvi, psixoloji bataqlıqdan heç bir çıxış yolu qoymursunuz və o qurtuluşu yalnız canına qıymaqda görürsə, bunun adı qətl deyilsə, bəs nədir? Insanları üzləşdikləri haqsızlıq, ədalətsizlik, hüquqsuzluq, süründürməçilik, şər, iftira, əxlaqsızlıq girdabında çarəsiz, əlacsız buraxmaq və beləcə intiharın qucağına itələmək qətl deyilsə, bəs nədir? Bunun içindən “sıradan bir intihar” deyərək sivişib çıxmaq mümkünmü?
Amma mənim demək istədiyim əsl mətləb başqadır: Rəşadətin babası – bizim Ənayət baba özünü niyə öldürdü? Kimin sağ qalması üçün? Hansı dəyərlərin sağ qalması üçün? Hansı iztirabların bitməsi üçün? Bu gün cavablanması gərəkən suallar bunlardır.
Ənayət baba – artıq “qoca Verter” idi. O öldü ki, ləyaqətli, azad ölkənin müəllifi, qurucusu olacaq Rəşadətlər sağ qala bilsin. Lap sonralar Götenin sağ qalaraq “Faust”u yaza bilməsi üçün ölən gənc Verter kimi!
Ənayət babanın qətli hamımızı hiddətləndirir. Ancaq əmin olun, əslində bu intihar mahiyyət etibarı ilə hər il bu ölkədə yaşanan yüzlərcə intihardan heç nə ilə fərqlənmir.
Ənayət babanı nəvəsinə və onun timsalında bu ölkənin aydınlıq üzü, haqq səsi olan gənclərinə qarşı repressiya öldürdü.
Bir başqasını da bu Şər rejiminin başqa haqsızlıqları, ədalətsizlikləri öldürür: işsizlik, yoxsulluq, məmur heyvərəliyi, məhkəmə zırramalığı, polis özbaşınalığı… kimi!
Uzağa getmək lazım deyil: elə Ənayət baba ilə eyni gündə intihar xəbəri gələn 20 yaşlı əsgərimiz Anarın ölümünü düşünün. Kim bilir, onu hansı əzab, iztirab məcbur etdi buna?
Artıq sualdır, bilirəm. Yersiz sualdır, fərqindəyəm.
Çünki bu rejim var olduqca, bu haqsız, oğru sistem qaldıqca, bu pis idarəetmə davam etdikcə heç kimin iztirab problemi, dərd, əzab, məşəqqət çatışmazlığı olmayacaq.
Ona görə də ya biz bu çirkin gedişatı durduracağıq və beləcə, bizim azadlıq, ədalət sevgimiz qarşılıqsız qalmayacaq;
Ya da…
Ya da gəncli, qocalı Verter taleyinə doğru, irəli!