Ilham Əliyevin şərləyib məhbəsə atdığı Rəşadət Axundovun babası nəvəsinə edilən haqsızlıqlara görə özünə qəsd etməklə çoxlarını ağlatdı. Amma heç ağlamadan bunun əvəzinə o məsum insanın qatili olan rejimə nifrətini artıranları və qəzəbini püskürənləri mən daha yaxşı anlayıram. Belə müqayisə aparmağı heç istəməzdim, amma nə etməli, gözümüz çox şey görür. Bir gün rejim üçün çağlayıb, o bir gün bu rejimin qurbanı olan Rəşadətin babası üçün ağlayanlara baxanda hər cür müqayisə nöqsanını itirir.
Bəli, Rəşadətin babası böyük iradə qoydu ortaya. “Özünə qəsd etmək” ifadəsində “özü” kəlməsi elə iradəni açır, bütün hallarda hər kəsin bacaracağı bir addım deyil bu…
Rəşadətin babası həm də böyük sevgini göstərdi hamıya. Hər kəs öz övladını bu qədər sevməyi bacarmır…
Babanın mübarizəsi də bu idi, bu da onun azadlıq istəyi idi…
Amma Rəşadətin babası özünə olan böyük zülmü də göstərdi, göstərdi ki, dözülməzdir bunların etdiyi. Ilham Əliyevin etdiyi. Onun cinayətkar dəstəsinin etdikləri.
Hər cür yorumlar olacaq, amma məhz bu faktı demədikdə onların heç biri tam deyil və həqiqəti ifadə etmir. Çünki həmin yorumlar davam edəcək, ağrı da bir az soyuyacaq, sonra başlayacaqlar ki, bəs gördünüzmü, bizim xalq xalq deyil, Tunisdə bir kişi özünü yandırmağı ilə xalq ayağa qalxdı, amma biz qalxmadıq. Guya Tunisdə rejimin zillətlərindən təngə gəlib özünə qəsd edən cəmi bir nəfər həmin adam olub və sanki elə bizdə də bu cür olay birincidir.
Əyanət baba bir cinayətin qurbanı oldu. Nəvəsinə qoyduğu ad onun özünün gerçək xarakteri imiş; rəşadətli idi, yalvarmadı, sızlamadı, peşmanlıq bildirmədi, amma yenə də qurban getdi. Bu cür cinayətlərin davam etməsini istəməyən və buna görə Azərbaycan xalqının qalxmasını istəyən hər kəs bunu deməyi bacarmalıdır: “Ilham Əliyev, bu sənin cinayətindir!”.
Azərbaycan xalqına gəldikdə, o hökmən meydana çıxacaq. Qubada, Ismayıllıda göstərdi bunu. Əgər bir nəvə dönməz iradəsi ilə meydanda təzyiqlərə sinə gərirsə, bir baba isə ona “bu yoldan çəkil” demirsə, onunla fəxr edirsə, amansız hakimiyyətə yalvarmırsa, sadəcə, canından artıq sevdiyi insan üçün canına qıyırsa, deməli, bu xalqın meydanda olacağı gün uzaq deyil.
Yolun çox gedilib. Buna kimin şübhəsi var?! Əgər yolun çoxu gedilibsə, yoldan dönmək heç olmaz. Bu sözlər sadəcə pafos deyil. Biz Əyanət baba kimi nigaran gedənlərin qarşısında da borcluyuq. Biz övladlarımız qarşısında da borcluyuq bu yolu başa çatdırmağa. Amma bunlarsız da biz bu murdarlıqları ölkəmizdən, tariximizdən təmizləməliyik.
Hər dəfə soruşurlar ki, bəs çıxış yolu nədir. Həmişə bir çıxış yolu var. Özümüzü, başqalarını, xalqımızı həqiqətə bağlamaq. Həqiqəti qəbul etmək. Bundan sonra hər kəs ən kiçik doğru əmələ başlayır. Bu gün Facebook-da bir faydalı fikir söyləmək də, seçkidə kiçik bir işin qulpundan yapışmaq da, doğru namizədə səs vermək də, mitinqə çıxmaq da, ardıcıl və sistemli siyasi iş aparmaq da həqiqəti qəbul etməkdən başlayır. Bir qığılcımdan meydana axışan milyonlar da sadəcə həqiqətlə ora axışır.
Həqiqət isə absurd deyil – o, yalanlar hakimiyyəti olan bu rejimi inkar etməkdir.