Deputat Fəttah Heydərovdan maraqlı açıqlama
“Biz xahiş etdik və məsləhət gördük ki, prezidentimiz namizədliyini versin. Bu artıq reallaşıb”. Bu sözləri modern.az-a Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov deyib.
Fəttah Heydərovun sözlərindən belə çıxır ki, Ilham Əliyev namizədliyini irəli sürmək istəmirmiş. Lakin ona edilən xahiş-minnətdən sonra namizəd olmağa qərara verib. Maraqlıdır ki, əgər Fəttah Heydərovun dediyi kimi məhz onların xahişindən sonra Ilham Əliyev namizədliyini irəli sürübsə, bəs 2008-ci ildə keçirilən prezident seçkisindən sonra bir nəfərin iki dəfədən artıq namizəd olmasına qoyulan qadağa niyə aradan qaldırılmışdı? Bəlkə məlum referendum Ilham Əliyevin iradəsindən kənar keçirilib? Əgər belədirsə, o zaman deməli ölkə başçısı komandaya təsir etmək imkanının itiirib. Yox əgər belə deyilsə, o zaman Fəttah Heydərovun söylədiklərində səmimi olmasına inanmaq müşkülə çevrilir.