AXCP sədrinin müavini YAP-çı deputata cavab verdi
Asəf Quliyev: «Hakimiyyət nümayəndələri də ora getməkdə çətinlik çəkirlər»
YAP idarə heyətinin üzvü, deputat Eldar Ibrahimov müxalifəti Naxçıvana dəvət edib. Modern.az saytına açıqlamasında deputat müxalifətdən olan prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində Naxçıvana səfər etməməsinə toxunaraq, qarşı tərəfin bu addımını pisləyib.
E.Ibrahimov Naxçıvanda müxalifəti dəstəkləyən insanların olmadığını da bildirib. YAP-çı deputatın bu açıqlaması cavabsız qalmayıb. AXCP sədrinin müavini, Naxçıvan Ziyalıları Birliyinin sədri Asəf Quliyev ötən ilin dekabr ayında Ictimai Palatanın Naxçıvan bölməsinin yaradılması məqsədi ilə Muxtar Respublikaya səfəri zamanı çətinliklərlə üzləşdiklərini xatırlatdı. O zaman iclaca toplanan yüzlərlə insan sonradan təzyiqlərə məruz qaldı. Ümumiyyətlə, müxalifətin Naxçıvanda keçirdiyi hər hansı tədbirə qarşı yerli hakimiyyət dairələri tərəfindən sərt reaksiya nümayiş olunur. A.Quliyev son günlər imzatoplama kampaniyasında iştirak edən, müşahidəçilərin müəyyənləşdirilməsi ilə məşğul olan AXCP Naxçıvan təşkilatının sədri Yaşar Bağırsoyun evinin qarşısında polis postunun qurulduğunu və onun daim polis tərəfindən izləndiyini, təzyiqlərə məruz qaldığını deyir.
Bununla belə, AXCP sədrinin müavini müxalifətin Naxçıvanda hər hansı fəaliyyətdən çəkinmədiyini və dəfələrlə ora səfərlər etdiklərini bildirdi: “Naxçıvandakı rejimin sərt, qəddar olmasına baxmayaraq müxalifət öz sözünü deyir və bu gün də deyəcək. Bu günlərdə məlumat almışıq ki, Naxçıvanda polis təzyiqi yenə artıb. Insanlar çağırılır, dindirilir, imza verdiklərinə görə təqib olunur. Çalışırlar ki, seçkidə Naxçıvan əhalisinin iştirakının qarşısı maksimum dərəcədə alınsın”.
A.Quliyev müxalifəti ittiham edən Eldar Ibrahimovun və digər hakimiyyət təmsilçilərinin özlərinin də Naxçıvana getməkdə çətinlik çəkdiklərinin, problemlə üzləşdiklərini də qeyd etdi: “Indi seçki ərəfəsi olduğuna görə Eldar Ibrahimovu Naxçıvana buraxırlar, başqa vaxtı hakimiyyətin öz nümayəndələri də ora getməkdə çətinlik çəkirlər”.
Fizzə