Rəşadətin babasını intihara hakimiyyət vadar etdi

Məlum olduğu kimi, N!DA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Rəşadət Axundovun babası Ənayət Axundov dünyasını dəyişib. Qeyd edək ki, Ə.Axundov prokurorluğun R.Axundova qarşı yeni ittiham irəli sürməsi barədə xəbəri aldıqdan sonra damarlarını kəsərək intihar etmək istəmişdi.

Xəstaxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 73 yaşlı Ə.Axundov 45 il müəllim işləyib, onun 20 ilin məktəb direktoru olub. Nəvəsinin üzləşdiyi haqsızlığa dözməyən ziyalı insanın çarəsizlikdən intihara əl atması cəmiyyətdə də birmənalı qarşılanmayıb. Bu hadisəyə görə birmənalı olaraq hər addımda vətəndaşların hüquqlarını pozan hakimiyyət qınaq obyektinə çevrilib. 

«Baş vermiş hadisəyə görə cinayət işi qaldırılmalıdır»

Hüquqşunas Müzəffər Baxış baş vermiş hadisəyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi qaldırılmalı olduğunu deyir. Çünki özünü öldürmə və ya özünü öldürmə cəhd həddinə çatdırma cinayət məsuliyyətinə səbəb olan əməldir. 

«Bu hadisələr bir gün hakimiyyətdə olanların da qapısını döyəcək»

Hüquqşunas Aslan Ismayılov vətəndaşlar susduqca, biganəlik göstərdikcə, bu hadisələrin davam edəcəyini deyir. Çünki insanın intihara əl atmasının əsas səbəbi çarəsizlikdir: “Zaur Qurbanlını müdafiə edirəm. Onun valideynlərinin hansı hislər keçirdiyini görürəm. Xəstə balaları türmədədir, bunlar da ona heç nə ilə kömək edə bilmirlər. Bütün cəmiyət buna ictimai qınaq nümayiş etdirməlidir. Bu artıq sözün qurtardığı bir yerdir”.

Vəkilin sözlərinə görə, təkcə Rəşadətin babasının intiharı yox, gündəlik baş verən onlarla intiharların hamısı bu hakimiyyətin apardığı siyasətin nəticəsidir: “Heç kim hesab etməsin ki, bu baş verənlər onlardan yan ötəcək. Bu gün baş verən həmin hadisələr bir gün hakimiyyətdə olanların da qapısını döyəcək. Hamımız bir ölkənin vətəndaşlarıyıq. Insanların bir hissəsi toxluq, bir hissəsi aclıq içində boğulmamalıdır. Bir hissəsi ədalətsizliyi edib firavan həyat sürmək, digər hissəsi isə ədalətsizliyə məruz qalıb intihara əl atmamalıdır. Təsəvvür edirəm ki, o baba çarəsizlikdən bunu edəndə hansı hislər keçirib. Rəşadət indi hansı hislər keçirəcək ki, babasının ölmünə səbəbkar oldu. Özündə suç axtaracaq. Böyük fəlakətdir. Ən azından heç olmasa arada Allahı yadlarına salsınlar. Allahın qəzəbi çox pis olur. Allah ondan bizi qorusun”.

«Belə hadisələrin baş verməməsi üçün bu rejimdən qurtulmaq lazımdır»

AXCP sədrinin müavini Gözəl Bayramlı Azərbaycan ziyalısının, 45 il müəllim işləyən, şagirdlərin təlim tərbiyəsi ilə məşğul olan bir insanın nəvəsinə qarşı haqsızlığa dözməyərək intihar etməsinin üzücü bir hadisə olduğunu deyir. Azərbaycan cəmiyyəti bu məsələyə biganə qalmamalıdır. Çünki belə davam etsə, bu hadisələrin davamını gözləmək lazımdır.  Insanlar öz həyatlarını Azərbaycanda baş verən haqsızlığa qurban verməli olur: “Hər kəsi insanı bu hadisəyə vadar edənləri qınamağa çağırıram. Əgər Azərbaycanda bu haqsızlıqlar davam edəcəksə, intiharlar da çox olacaq. Bizim ölkədə qanunları ayaq altına salan bu rejimdir. Hüquqi pozulan Azərbaycan vətəndaşının yaxınları intihar edir. Belə hadisələrin baş verməməsi üçün bu rejimdən qurtulmaq lazımdır”.

Fizzə