İlham Əliyevin seçki səxavəti

Nemət Əliyev: «Bu vəsaitlər səmərəsiz məqsədlərə və istiqamətlərə xərclənir»

«Bunun qarşısını almaq üçün xalq öz sözünü deməlidir»

 

Hakim partiya təmsilçiləri ölkə başçısı, prezidentliyə namizəd Ilham Əliyevin seçki kampaniyasında iştirak etməyəcəyini bəyan etsə də, son günlər Əliyevin regionlara ardıcıl səfərlərinin məhz seçkiyə hesablandığını demək olar.

Səfər etdiyi rayonlara Prezidentin Ehtiyat Fondundan vəsait ayırması, rayonlarda bəzi inzibati binaların, məktəb və xəstəxanaların açılışını etməsi də məhz seçicilərin səsini qazanmağa hesablanıb. Qeyd edək ki, bir müddət əvvəl dövlət büdcəsində çalışanların əmək haqqınını, pensiya və müavinətlərin 10 faiz artırılması da məhz seçkilərə hesablanmış addım idi. Bütün bunlar bir növ vətəndaşlara seçki ərəfəsində verilən rüşvət kimi də qiymətləndirilə bilər. 

Iqtisadçı-ekspert Nemət Əliyev prezidentliyə namizədliyini irəli sürmüş vətəndaşın yalnız qanunun imkan verdiyi zaman müddətində təbliğat və təşviqat aparmaq hüququnun olduğunu deyir. Əgər qanunvericilikdə təbliğat-təşviqat kampaniyası üçün nəzərdə tutulmuş vaxt yetişməyibsə, bunun xaricində təbliğat-təşviqat kampaniyasının aparılması, ona oxşar hər hansı əməllərin, hərəkətlərin icra olunması qadağan olunur. Bu məsələnin hüquqi tərəfidir. Digər tərəfdən, Ilham Əliyevin ölkə iqtisadiyyatı, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün nəzərdə tutduğu planların yerinə yetirməsi üçün kifayət qədər vaxtı olub. Bütün bu işlər həmin müddət ərzində həyata keçirilməli idi. Tələsik formada seçicilərin, insanların rəğbətini qazanmaq cəhdi isə bir sıra fəsadlara yol açır: “Dövlət başçısının rayonlara səfərləri zamanı səhiyyə, ya təhsil müəssisəsinin tikilib istifadəyə verilməsi ilə bağlı göstərişlər verilir. Tikintinin, yaxud təmir-tikinti işlərinin başa çatdırılması üçün konkret vaxt müəyyən edilir. Ancaq o təmir-tikinti işlərinin normal şəkildə yerinə yetirməlməsi üçün normativlər mövcuddur. Həmin normativlərdən kənara çıxanda təmir-bərpa yaxud tikinti işlərinin keyfiyyəti kəskin şəkildə aşağı düşür. Tikinti işini həyata keçirən podratçı təşkilatlar bilirlər ki, dövlət başçısının səfərinə qədər qısa zaman müddətində görülməsi mümkün olmayan işlərbaşa çatdırılmalıdır. Bu da  işin keyfiyyətini kəskin şəkildə aşağı salır. Nəticədə dövlət büdcəsindən, Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitlər səmərəsiz məqsədlərə və istiqamətlərə sərf olunur”.

Ekspertin sözlərinə görə, Azərbaycanda bir qrup şəxsin hakimiyyəti ələ keçirib və özünün üstün imkanlarında, imtiyazlarından şəxsi maraqlarının gerçəkləşdirilməsinin qarşısını almaq üçün xalqı öz sözünü deməlidir. Çünki ölkəyə normal düzəni yalnız Azərbaycan xalqı gətirə bilər. Əks halda dövlətin maliyyə vəsaitlərinin talanmasının, monopoliyanın, rüşvətxorluğun, saxtakarlığıq, qanunların pozulmasının qarşısını almaq çox çətin olacaq.

Fizzə