“İstəyirdik, iqtidar bizi saysın, amma bizə hücum elədilər”

Rüstəm İbrahimbəyov: “Putin Bakıya getməsəydi, mən Rusiya vətəndaşlığından çıxmağımla bağlı sənədi alacaqdım”

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov APA-ya müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik:

– Sizin Londona səfərdən imtina etməyinizin səhhətinizdə, konkret olaraq böyrəyinizdə yaranmış problemlə bağlı olduğu bildirilir. Bu nə qədər doğru xəbərdir?
– Londona getməməyim böyrəyimdə olan problemlə bağlı deyil. Mənim böyrəyimdə çoxdandır ki, daşlar var. Bunu orda Eldəniz Quliyev bilir, elə bu məlumatı da mətbuata o verib. Lakin mənim səfərə buna görə getməməyim həqiqət deyil. Mən indi çox məşğulam, Moskvada vacib işlərim çoxdur. Ona görə Londona gedə bilmədim.

– Bilmək olarmı bu gün sizin üçün Milli Şuradan daha vacib iş nə ola bilər?
– Milli Şuranın əsas vacib işi təkcə Londona getmək deyil. Bizim Milli Şura ilə bağlı çox vacib işlərimiz var. O ki qaldı London səfərinə, bu səfər barəsində qərar veriləndə Milli Şuranın vahid namizədi mən idim. Lakin sonra Cəmil Həsənli vahid namizəd oldu. Londonda keçirilən görüşlər vahid namizədlədir. Ona görə də Londona Cəmil Həsənli getdi. Mən isə Londona səfərimi daha sonraya, təxminən gələn aya planlaşdırıram. Bir də onu da qeyd edim ki, Cəmil Həsənli və Eldar Namazovun Londonda görüşəcəyi adamlarla mənim görüşmək istədiyim adamlar başqa-başqa adamlardır. Ona görə də mən səfərimi daha sonra edəcəm.

– Sizin prezidentliyə namizədliyinizlə bağlı müxalifətin mübarizə aparmamasına necə baxırsınız?
– Deyə bilmərəm ki, mənim namizədliyim uğrunda mübarizə aparılmayıb. Namizədliyimin qeydə alınmaması qanunsuz idi.
Mən Rusiya vətəndaşlığından çıxmaqla bağlı ərizə yazmışam. Bir ay ərzində vətəndaşlıqdan çıxmaq üçün lazım olan sənədləri yığdım. İyul ayının əvvəlində təklif olundu ki, Milli Şuranın vahid namizədi olum. Lakin vətəndaşlıqdan çıxmaqla bağlı sənədləri isə bir ay sonra məndən qəbul elədilər. Milli Şura mənim vahid namizədliyimlə bağlı qərara gəldikdən bir gün sonra mən ərizə yazdım. Lakin məndən çoxlu sənədlər tələb olundu. Həmin sənədləri yığmaq xeyli müddət çəkdi. Bu sənədlər vergidən, polisdən və s. yerlərdən idi. Avqustun 12-13-də ərizəm qəbul olundu. Ərizəm qəbul olunanda təsdiq olundu ki, mənim Rusiya dövləti qarşısında öhdəliklərim yoxdur. Həmin sənədlərin bir nüsxəsin Bakıya da göndərdim.
İş ondadır ki, mənim heç fikrimdə də deyildi ki, prezidentliyə vahid namizəd olum. Məni məcbur elədilər. Milli Şuranın yaradılması mənim təşəbbüsüm idi. Fevral ayında yaranan bu təşəbbüs üç ay çəkdi. İyunda Milli Şura yarananda məni sədr seçdilər. Mən rolumun bundan ibarət olduğunu düşünürdüm. Lakin təkid elədilər ki, prezidentliyə vahid namizəd olum. Gördüm ki, Milli Şurada olanlar bir-biriləri ilə dil tapa bilməyəcəklər. Ona görə də bu qərara gəldim.

– Kimlər sizi vahid namizəd olmağa məcbur elədilər?
– Konkret olaraq ad çəkə bilməyəcəm. Milli Şuraya çox partiyalar, təşkilatlar daxildi. Mən vahid namizədliyə üç-dörd adamın, onların sırasında da Cəmil Həsənlinin adını çəkdim. Lakin mənə dedilər ki, yox! Konkret deyə bilərəm ki, Rəsul Quliyev buna qarşı çıxdı. O, mənim namizədliyimin irəli sürülməsini dəstəkliyirdi. Deyirdi ki, Cəmil Həsənlinin şansı yoxdur. Rəsul Quliyev və Eldar Namazov deyirdilər ki, vahid namizəd mən olmalıyam.

– Milli Şuranın digər üzvləri necə, sizin namizədliyinizin verilməsini istəmirdilər? 
– Xeyr! İsa Qəmbər də, digərləri də mənim namizədliyimi dəstəkləyirdilər. Əvvəldən məsələ belə qoyulmuşdu ki, Milli Şuranın prezidentliyə namizədi siyasətçi olmasın. Namizəd ziyalılardan biri olmalıdır. Məsələ belə qoyulanda bir neçə şəxs irəli çıxdı. Mən, Cəmil Həsənli, Rafiq Əliyev və Mehman Əliyev. Bu dörd adamın adı çəkildi. Lalə Şövkət, Rəsul Quliyev və “El” hərəkatı mənim tərəfdarım olduqlarını bildirdilər. O birilər də bununla razılaşdılar. Mən razılıq verməsəydim, həmin adamlar deyəcəkdilər ki, başqa adamın namizəd olmasına razı deyillər. İstəmirdim ki, Milli Şurada belə ayrı-seçkilik olsun və təfriqəli vəziyyət yaransın, məcbur oldum razılıq verəm.     
Mən heç vaxt Rusiya vətəndaşlığımı bu seçkilərlə bağlamırdım. Çünki mən bu qanunları bilirəm. Qanunda da yazılıb ki, başqa ölkə qarşısında öhdəliyi olan şəxslər? Mənim Rusiya qarşısında heç bir öhdəliyim yoxdur. Rusiya ərazisində nə biznesim, nə də mülküm var. Ona görə də mən rahat idim. Əgər Putin Bakıya getməsəydi, mən Rusiya vətəndaşlığından çıxmağımla bağlı sənədi alacaqdım. Bunu məsuliyyətlə deyirəm.
Qeydiyyatdan keçməməyimə və Cəmil Həsənlinin qeydiyyata alınmasına görə heç də təəssüf eləmirəm.

– Sizi Rusiya vətəndaşlığınız olduğunu bilə-bilə vahid namizədliyi qəbul etməyinizə görə ittiham edirlər. Bu barədə nə deyə bilərsiz?
– Bunu ya qəsdən deyirlər, ya da ki, başa düşmürlər. İş ondadır ki, mənim namizədliyik problemim iyulun 12-dən başlanıb. O vaxta kimi mən qarışıq heç kəs bu haqda bilmirdi. Ümumiyyətlə, vahid namizəd problemi yox idi. İyunun 2-də ancaq Milli Şura yarandı. Kim bilirdi ki, Milli Şuranın sədri mən olacam? Kim bilirdi ki, vahid namizəd mən olacam? Bunu heç kəs bilmirdi. Bunları bilməyə-bilməyə Rusiya vətəndaşlığından çıxmaq üçün niyə ərizə verməliydim? Vahid namizəd məsələsi dəqiq deyə bilmərəm, iyulun 2-də, ya 8-də yarandı. O vaxta qədər bu haqda bilmirdim, heç bunu istəmirdim də? Bunu hamı bilirdi ki, mən siyasətlə məşğul olmaq istəmirəm. Məcbur oldum bunu qəbul eləməyə. Mənim üçün əsas Ziyalılar Forumu idi. Mən bu təşkilatda fəaliyyətimi davam etdirəcəyəm. İki il bundan qabaq Ziyalılar Forumunu yaratdıqda deyirdik ki, biz siyasətlə məşğul olmaq istəmirik, sadəcə istəyirdik ki, iqtidar bizi saysın. Amma bizə hücum elədilər, biabır elədilər. Ondan sonra məcbur oldum ki, seçkiqabağı müxalifəti birləşdirim. Ondan qabaq mən heç vaxt müxalifətlə yaxın olmamışam. Hərdən bir onlara kömək eləmişəm. Bu da 90-cı illərin əvvəllərində olub.