Həbsdəki NİDA-çının babası əsassız ittihamlara etiraz olaraq damarlarını doğrayıb intihar etdi (FOTO)
45 ilin müəllimi nəvəsinin qanunsuz həbsinə dözmədi
Vicdan məhbusu, “Nida” Vətəndaş Hərəkatının Idarə Heyətinin üzvü Rəşadət Axundovun babası 74 yaşlı Əyanət Axundov nəvəsinə qarşı irəli sürülən ittihamlara, haqsızlığa dözməyərək sentyabrın 13-də damarlarını kəsərək intihar etdi. Onu xəstəxanaya çatıdrsalar da, həyatını xilas etmək mümkün olmadı. Əyanət Axundov xəstəxanada dünyasını dəyişdi. Həkimlər onun ölümünü çoxlu qan itirməsi ilə izah ediblər.
Mərhum sentyabrın 14-də Məhəmmədi kəndində torpağa tapşırıldı. Dəfn mərasiminə ölkənin tanınmış simaları, ictimai-siyasi fəallar və “Nida”çılar qatılmışdı. Mərhumun yası isə Ramanı qəsəbəsində keçirilir.
“Biz də etirazımızı bildirməliyik!”
Olay baş verən gün sosial şəbəkələrdə “partlayış” oldu. “Facebook” və “Twitter”in aktiv ziyarətçiləri intiharda hökuməti günahlandırdılar.
Susduqca, biganə yanaşdıqca bu cür ölümlərin sayının çoxalacağını yazan şəbəkə istifadəçiləri buna “Dur!” deməyin zamanı gəldiyini qeyd edirdilər.
“Bu, artıq son deməkdir. Nəvəsinin haqsız yerə həbs olunduğuna görə intihar edən babaların, nənələrin, ata-anaların sayı getdikcə artacaq. Buna yox deməliyik, hayqırmalıyıq”, – deyə gənclər yazırlar.
Gənc fəal, keçmiş vicdan məhbusu Bəxtiyar Hacıyev isə bunları yazıb: “Şərlənərək həbsdə saxlanılan gənc dostumuz Rəşadət Axundova yeni ittihamlar irəli sürüldüyünə görə babası, 45 illik müəllimlik təcrübəsi olan Ənayət Axundov damarlarını kəsdi və rəhmətə getdi. Zərrə qədər vicdanı olan heç bir şəxs bu həbslərə, bu ölümlərə bəraət qazandıra bilməz. Normal, vicdanlı cəmiyyətdə bu hadisəyə görə xalq küçəyə çıxmalı, etirazını etməlidir. Bu iyrənc oyunun arxasında dayananlar cəzalarını almalıdırlar. Allah bu şəxslərin cəzasını verəcək… Amma biz də etirazımızı bildirməliyik!”.
“Atam rejimə bu cür etiraz etdi”
Rəşadət Axundovun atası Fikrət Axundov jurnalistlərə açıqlamasında atası Əyanət Axundov intihar edərkən evdə olmadığını söyləyib: “Işdə idim, atam qardaşım oğluyla yatırdı. O venasını kəsib. Rəşadət tutulandan sonra atam stress içində idi. Həmişə Rəşadətlə bağlı işin nə yerdə olduğunu soruşurdu. Hər həftə mən Rəşadətin yanına gedəndə soruşurdu: ”Nə oldu, niyə buraxmadılar?”. Həbs müddəti hər dəfə artırılanda daha da narahat olurdu. Onu tez-tez sakitləşdirirdim ki, haqq-ədalət yerini tapacaq. Bu beş ay ərzində bircə istintaq hərəkəti də aparılmayıb. Hər görüşə gedib-qayıdanda da, yalandan deyirdim ki, gələn həftə, ya da o biri həftə buraxılacaq. Sonuncu dəfə uşaqlara yeni ittihamlar veriləndə atama düzünü dedim. Bildirdim ki, Rəşadəti buraxmaq fikrində deyillər”.
“Atam rejimə bu cür etiraz etdi. Hakimiyyətə çağırış budur ki, insanları intihar etməyə məcbur etməsinlər. Kimi başına gətirilən olaydan infarkt, kimi də insult olur. Mənim atam da intihar etdi”.
Oğlunun atasının yanında böyüdüyünü deyən Fikrət Axundov bildirir ki, Rəşadətə “oğlum” deyirdi: “Atam onu hədsiz çox istəyirdi və o həbs olunandan sonra intihar barədə tez-tez danışırdı. Rəşadət 2 yaşından 7-ci sinfədək babasının yanında qalıb”.
Vicdan məhbusunun atası deyir ki, Rəşadət Əyanət Axundovun direktoru olduğu məktəbdə oxuyub: “Atam onun müəllimi və tərbiyəçisi olub. Hər dəfə Rəşadətdən söz düşəndə deyirdi ki, icazə verin prezidentin qəbuluna, Heydər Əliyev Fonduna gedim. Səbəbini soruşanda ”gedib deyəcəm ki, oğlumun günahı yoxdur. O heç bir cinayətə qol qoymayıb” deyirdi.
Fikrət Axundov dedi ki, oğlunun babasının yas mərasimində iştirak etməsi üçün heç yerə müraciət etməyiblər: “Təkcə vəkili gedib Penitensiar Xidmətə, deyiblər ki, buraxmaq bizlik deyil”.
Qeyd edək ki, sentyabrın 12-də həbsdəki 8 gənc fəala əlavə ittiham irəli sürülüb. “Nida” Vətəndaş Hərəkatının üzvləri Rəşad Həsənov, Zaur Qurbanlı, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, və “Azad Gənclik” Təşkilatının üzvü Ilkin Rüstəmzadə iğtişaşların təşkilində günahlandırılırlar. Onlara Cinayət Məcəlləsinin 220.1-ci maddəsi ilə əlavə ittiham irəli sürülüb.
Gənclər bu ilin mart-aprel aylarında saxlanıb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsi onları qanunsuz partlayıcı maddə əldəetmə, saxlama, daşıma və gəzdirmədə günahlandırır. Istintaqın iddiasına görə, gənclər martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşıblar. Gənclərin bir neçəsinə qanunsuz olaraq narkotik vasitələri əldəetmə və saxlama ittihamı da verilib.
Ramin DEKO