Azərbaycanın adı “Eurovision”da rüşvət qalmaqalında

“Eurovision” mahnı yarışmasında səslərin rüşvətlə alındığına dair yeni qalmaqal yaranıb. Britaniyanın “The Daily Mail” qəzeti yazıb ki, Azərbaycan və daha dörd ölkə yarışmada daha çox səs toplaya bilmək üçün ədalətsiz yollara əl atırlar (Virtualaz.org).

İddiaya görə, Azərbaycan o qədər böyük məbləğdə pul təklif edir ki, bu pula televiziyaçılar il boyu rahat yaşaya bilər.

Qalmaqal İsveçin “Skanska Dagbladet” qəzetində dərc edilmiş yazıdan sonra başlayıb. “Eurovision” yarışmasında iştirak edən nümayəndə heyətlərindən birinin təmsilçisi qəzetə deyib ki, digər nümayəndə heyətlərinin təmsilçiləri ona müraciət edərək “səslərin alınmasına dair müqavilə bağlamağı” istəyiblər. Həmin şəxs bildirib ki, builki yarışmada Azərbaycan nümayəndələri ona “jüri ilə anlaşmaq üçün” böyük məbləğ təklif ediblər. “Eurovision”un təşkilinə məsul Sietse Bekker deyib ki, bu iddia ilə bağlı araşdırma aparılır.

Azərbaycanın səsləri almaq üçün hansı ölkənin təmsilçilərinə rüşvət verdiyi göstərilməsə də əsas şübhələr artıq dörd ildir ki, hər dəfə yarışmada Azərbaycan iştirakçılarına ən yüksək – 12 bal verən Maltaya yönəlib. Bu şübhələr meydana çıxan kimi Maltanın ictimai yayım şurası PBS Azərbaycandan rüşvət aldıqlarını qəti surətdə təkzib edib. PBS bildirir ki, bu iddiaların heç bir əsası və sübutu yoxdur.

Lakin “Yahoo” iddia edir ki, Azərbaycanın Maltanın jüri üzvlərinə böyük məbləğdə rüşvət verdiyi haqda məlumatlar var.

Maltanın İctimai Yayımlar Şurasının direktoru Anton Attard bildirib ki, o, jüri üzvləri ilə təmas saxlayıb və onlar hər hansı rüşvət faktını qəti inkar ediblər. A.Attard Maltanın hər dəfə Azərbaycana 12 bal verməsini bu ölkədən olan iştirakçıların Maltaya səfər edərək özlərini yaxşı tanıtması ilə izah edib.

Lakin Maltanın “İndependent” qəzeti yazır ki, Azərbaycanın və bəzi digər ölkələrin, o cümlədən Rusiyanın səsləri rüşvətlə aldıqlarına dair başqa iddialar da var. Məsələn, Böyük Britaniyanın “Eurovision”dakı builki təmsilçisi Bonni Tayler fransız qəzetinə deyibmiş ki, o, rusların azərbaycanlı həmkarlarına şikayətləndiyini eşidib. “Ruslar şikayətlənirdi ki, azərbaycanlılara 10 bal üçün pul ödəsələr də onlar heç bir bal verməyiblər” – ingilis müğənnisi belə deyib.

Qeyd edək ki, Azərbaycanın Rusiyaya bal verməməsi iki ölkə arasında ciddi diplomatik gərginliyə səbəb olmuş və dövlət başçısı “səslərin hara itdiyini” araşdırmaq üçün xüsusi göstəriş vermişdi. Azərbaycan tərəfi deyirdi ki, Rusiya təmsilçisinə 10 bal verilib, ancaq səslər harasa yoxa çıxıb. Lakin “Eurovision”un təşkilat komitəsi Azərbaycanın heç bir səs vermədiyini və səslərin itmədiyini bəyan etdi.