Allahşükür Paşazadənin deputat-biznesmen qudası müxalifətə qarğış edib, deyib, “niyə ölkədəki inkişafı görmürsünüz? Allah sizin bəlanızı versin!”
Bu artıq təzə dəbdir, keçənlərdə də Mübariz Qurbanlı müxalifətə qarğış eləmişdi, demişdi, “arzum budur, müxalifət bataqlıqda qalsın”.
Ondan əvvəl isə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Avropaya qarğış eləmişdi, “Kül Avropanın başına!” demişdi. Yeri gəlmişkən, son vaxtlar Əli müəllim görünmür, bizi dərin məzmunlu politoloji-antropoloji, fəlsəfi çıxışlarından məhrum edibdir. Saytlardan oxudum ki, səhhətində problemlər var, hazırda Almaniyada müalicə olunur. Allah şəfa versin (biz YAP-çı deyilik ki, duraq qarğış edək!), tez qayıtsın gəlsin, amma mən soruşmadan keçə bilmirəm: “kül Avropanın başına!” demək nədir, Avropaya müalicəyə getmək nə?
Hələ həmin Avropa ölkəsi Almaniyadırsa, lap pis. Əli Həsənovun özünün kurasiyasındakı qəzetlərin hesabı ilə götürsək, bu saat Almaniya yer üzündən silinibdir, daşı daş üstündən qalmayıbdır, böhran elə, səfalət belə, işsizlik elə, özbaşınalıq belə. Amma ictimai-siyasi şöbə müdiri ora ürəyindən müalicəyə gedir. Doğrudan da bu ölkədə heç nə təsadüfi baş vermir. Ağacdan yarpaq belə təsadüfi düşmür. Hər şeyin mütləq bir səbəbi, mistikası olur.
Qayıdaq Şeyxin qudasının qarğışına. Dəqiq kim idi, xatırlamıram, amma bu rejimin söz sahiblərindən biri vaxtilə “mübarizəni də kişi kimi aparmaq lazımdır” demişdi. Amma YAP-çılar durmadan qadın kimi qarğış edirlər.
Açığı, Şeyxin qudası çox gecikib bu qarğışında. Allah bizim bəlamızı çoxdan – hardasa 20 ildir veribdir. 20 ildir normal ölkədə hansısa dülgərin, pinəçinin əlinə suya tökməyə yaramayacaq adamlar Azərbaycanda at oynadırlar, xalqın başında turp əkirlər, ölkəni korrupsiya ğataqlığına, yalan-yaltaqlıq yuvasına çeviriblər. Daha bəla necə olur? Bəlanın başında palıd ağacı olmur ki?
Digər tərəfdən, Şeyxin qudası yanılır ki, guya biz ölkədə inkişafı görmürük. Əlbəttə, görürük. Məsələn, mənim gözlərimin 20-30 faiz görməsi qalıb, amma yenə də hətta adi bir JEK müdirinin belə gündən-günə necə şişdiyini, harınladığını, boynunun necə yoğunladığını, qarnının necə irəli çıxdığını, buxaqlarının necə sallandığını, yanaqlarından necə yağ damdığını əla görürəm. Normal, hüququn işlədiyi, rəqabət mühitinin hökm sürdüyü, insanların sadəcə bilgisi, qabiliyyəti, ağlı ilə önə çıxa biləcəyi ölkələrdə velosiped belə minə bilməyəcək adamların burada CIP-lərdə şütüdüyünü, yaxtalarda əyləndiyini, az qala evdən işə, işdən evə belə “Boinq”lə gedib-gəldiyini necə görməmək olar? Biz əlbəttə, bu korrupsioner, oğru inkişafı görürük. Görməyə bilərikmi? Haqsızlıq etməyin, lütfən.
Üstəlik, görməklə qalmırıq, hələ utanırıq. Gör hansı təfəkkürlü, hansı səviyyə sahibi adamlarla eyni ölkədə, eyni göyün altında, eyni yerin altında yaşayırıq. Gör bu gözəlim vətəni hansı əllərin, hansı başların ümidinə buraxmışıq, onillərdir bu zülm, istibdad rejiminə “dur” deməyi bacarmamışıq. Allah həqiqətən bizim bəlamzı versin!
Tam ciddi deyirəm. Tam ciddi.
Qarğış yağdıran yaptokratlara da qəzəblənmirəm. Qəzəblənənləri isə başa düşmürəm.
Belə də olmalı idi. Bəs siz nə gözləyirdiniz? Başqa nə cür ola bilərdi?
Heç olmasa, bundan daha pis olmaması üçün (əgər bundan daha pisi varsa!) çalışmaq lazımdır. Fərdlərin və firqələrin şəxsi hırsı, ehtirası, maraqları bir kənara qoyulmalıdır. Hər kəs anlamalıdır, hər kəsə anladılmalıdır: bir meşə yanarsa, oradakı bütün canlılar yanar. Odur ki, əgər Azərbaycanı bürüyən bu yanğını söndürməzsək, kül olmaq növbəsi hamımız üçün var.
Arabirsə dönüb arxaya baxmaq lazımdır: indiyədək nəyi düz etmədik?!
Nəyi düz etmədiyimizi bilək ki, bir daha dönüb arxaya baxmaq lazım gəlməsin.