Ölkəni və həyatı öz istəyi ilə tərk edənlərin eyni səbəbi

Yaxud bu cür intihar, intihara məcbur edilmək deyilmi?

Bir vaxtlar yazanda ki, Azərbaycanda intiharların artması ciddi şəkildə azadlıqla bağlı məsələdir və alman bilicisi Karl Yaspers “intihar öz qurbanlarını azadlığa çağırır” deməkdə tamamilə haqlıdır, o zaman məni bədbinlik yaymaqda qınayanlar da tapıldı. Dünən baş verən hadisə isə göstərdi ki, ölkəmizdəki intiharları anlamaq üçün K.Yaspersin izahına söykənmək ən doğrusudur.

…Çox-çox təəssüflər ki, intihara cəhd edən o məsum insanı xəstəxanada da xilas etmək mümkün olmadı. Fakt budur ki, təhsilli və tam sağlam bir adam doğmasına qarşı hakimiyyətin repressiv addımlarına dözməyib intihar etdi. Daha doğrusu, növbəti haqsızlığı görəndə o artıq bu qədərini qəbul edə bilməyib və öz xoşu ilə bu ədalətsiz olayların baş verdiyi həyatı tərk etməyə qalxdı.

Buradakı “tərk etdi” ifadəsi, mənə həmişə ölkəni tərk edən insanları da yada salır…

Birdəfəlik qəbul etməliyik, çox sayda insanın öz istəyi ilə ölkəmizi tərk etməsi ilə bizim ölkədə insanların öz xoşu ilə həyatı tərk etməsi hallarının artması arasında ciddi bir əlaqə var. Gördünüzmü, bəzən insanın özü repressiyaya dözür, amma onun yaxını buna dözmür. Həyatın ağırlığına, mürəkkəbliyinə, haqsızlığına hərə bir cür tab gətirir, hərənin bir cür reaksiyası var. Həyatın ağırlığı və dözülməzliyi isə burada əsas məsələdir.

Odur ki, Əliyevlər rejiminin elədiklərinin əhatəsi təkcə siyasi məhbuslarla, siyasi haqsızlıqlarla bitmir. Bizim görmədiyimiz, görə bilmədiyimiz qurbanlar, zərərçəkənlər saysızdır axı! Intiharların durmadan artması və kütləvi şəkil alması da bunun sübutudur. Bu, ölkə insanının üzləşdiyi haqsızlığın, çətinliklərin göstəricilərindən biridir. Ölkəni tərk etmək bir göstəricidirsə, intihar da başqa bir göstəricidir. Kimsə başını götürüb başqa ölkəyə qaçır, kimsə, ümumiyyətlə, həyatdan baş götürüb gedir. Heç də hamı dözmür, heç də hamı mübarizəyə qalxmır!

Mən əvvəllər yazdığım təhlilə yenidən qayıdıram. Götürün sadəcə ailə münaqişəsi nəticəsində yaranan intiharları və analiz edin. Bir ucu kasıblığa, işsizliyə, haqsızlığa, özbaşınalığa, dövlət qurumlarının fəaliyyətsizliyinə bağlanacaq. Hətta sevgi intiharlarının çoxu ictimai səbəblərlə yoğrulur. Ölkədəki siyasi, hüquqi və mədəni bataqlıq insanları sevgi çıxılmazlığına da salır, kimlərisə intihara tərəf itələyir. Imkansızlıqlar, ədalətsizliklər, haqsızlıqlar üzərinə təhsilsizlik, vəhşilik, mədəniyyətsizlik, geridəqalmışlıq, öldürücü adətlər vəÿ nadan düşüncələr də gəlir. Bəlli olur ki, insan bu ölkədə köməksizdir, zülm altındadır, əngəllərlə üzləşir, qaranlığa düşdükdə isə işıq tapmır. Biz tamam başqa işığı deyirik, amma çoxları heç işıq pulunu da verə bilmir!

Siyasi nadanlığın hökm sürdüyü ölkə mədəni nadanlığa da məhkumdur. Elə bu da çoxlu namus, ailə, qeyrət, təəssüb toqquşmaları yaradır, tez-tez intiharlara da yol açır. Mənən aşınmış cəmiyyət daha çox sayda xəyanətlər, qəfil zərbələr, atılmış insanlar, yarımçıq talelər ortaya çıxarır – təəssüf ki, bu da bəzən intiharsız ötüşmür. Çətin durumda insan daha çox səhv edir, bir çoxları da bu səhvlərin məngənəsindən çıxa bilmir, bir də baxırsan ki, kimsə bu sıxıntı ilə intihar etdi.

Dürüst insanları götürək.ÿDüz adamım min cür əngəllə üzləşdiyi cəmiyyətdə belələri boğulur, yaşaya bilmir. Onların hamısı mübarizə yolunu tutmur. Bir qismi üz çevirir bu ölkəyə, kimsə buradan gedir, amma bəzən həyatdan getməyə qərar verənlər də tapılır.

Psixi sağlam olmayan insanlar da intihar edir. Lakin həmişə onlar intihar edənlərin statistikasında azlıq təşkil ediblər. Bizim ölkədə intihar edənlərin çoxu qeyri-azad ölkənin zillətlər burulğanından çıxa bilməyənlərdir. Onlar bu burulğandan azad olmaq istəyir. Azad ola bilmir və intiharın vəd etdiyi absurd azadlığı seçir. Ona görə Karl Yaspers deyirdi: “Intihar onları azadlığa çağırır”.

Azad cəmiyyət olsa, bu qədər insan intiharın vəd etdiyi azadlığı seçməyə məcbur olmazdı.  

Əslində, doğmalarının siyasi repressiyaya məruz qalmasına görə intihara cəhd etmək, elə intihara məcbur edilmək və ya intihar həddinə çatdırılmaq halıdır. Və Azadlıq o qədər qiymətlidir ki, o qədər faydalıdır ki, bizim çağımızda onsuz yaşamaq çoxları üçün sadəcə mümkünsüzdür!  

Bundan artığına söz tapmıram.