Rahim Hacıyev: «Brüssel Cənubi Qafqaz məsələsində gerçək vəziyyətə uyğun olmayan addımlar atır»
Avropa Birliyinin genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle Moskvanı Brüssellə sıx əlaqələrə can atan ölkələri cəzalandırmaqda ittiham edib. Sentyabrın 11-də Strasburqda Avropa Parlamentində çıxış edən Füle bildirib ki, noyabrda keçiriləcək Vilnüs Sammiti ərəfəsində Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalamaması üçün hər hansı ölkəyə Moskvadan təhdidlər qəbuledilməzdir.
O, belə qəbuledilməz davranış kimi enerji qiymətlərinin artırılması, süni ticarət maneələri, təhlükəsizliklə bağlı təminatlar, ya da hərbi əməkdaşlıq öhdəliklərindən çıxmaq kimi təzyiq vasitələrini sadalayıb.
Füle həmçinin bildirib ki, Avropa Birliyi Moskvanın himayə etdiyi Gömrük Ittifaqı əvəzinə Brüssellə Assosiasiya Razılaşması imzalamağa üstünlük vermiş ölkələrin tərəfində durmalıdır.
Fülenin də qeyd etdiyi Rusiya ilə Avropa Birliyinin bu qarşıdurması nə ilə bitəcək?
Siyasi ekspert Rahim Hacıyev Rusiyanın keçmiş sovet respublikalarının Avropaya inteqrasiyasının qarşısını almaq üçün əlindən gələni edəcəyinin əvvəlcədən gözlənilən olduğunu deyir. Bir müddət öncə Ukrayna, Moldova, Gürcüstan, Ermənistan Avropa Birliyi ilə Assosiasiya və azad ticarət müqaviləsi bağlamaq niyyətlərini bildirəndən sonra Rusiya bu ölkələrə qarşı ən müxtəlif təzyiq formalarını işə saldı. Amma hələlik Rusiyanın yalnız Ermənistanı öz orbitində saxlamaq planının gerçəkləşdiyini demək olar.
Ekspertin sözlərinə görə, Putinin Bakı səfərinin başlıca məqsədlərindən biri məhz Ermənistana təzyiq göstərmək idi. Rus rəsmilərinin Ermənistana olan hədə-qorxuları təsirini göstərdi və sonda Putin Sərkisyandan Gömrük Ittifaqına daxil olmaq haqqında razılıq ala bildi. Fülenin açıqlamasında isə əslində vəziyyət haqqında yarımçıq məlumat var. Bu da ondan ibarətdir ki, Rusiya avrointeqrasiya yolu tutmuş keçmiş sovet ölkələrinə təzyiqlər edir. Avropa Birliyinin genişlənmə üzrə komissarının demədiyi başqa bir həqiqət var. Belə ki, Brüssel Cənubi Qafqaz məsələsində gerçək vəziyyətə uyğun olmayan addımlar atır. Nə qədər ki, Rusiyanın xüsusilə Cənubi Qafqazda kifayət qədər ciddi rıçaqları var, Avropa Birliyi Ermənistanın bu quruma inteqrasiyası variantına çox ümid bəsləməməli idi. Nə qədər ki, Putin Rusiyasının region dövlətlərinə ciddi təsir imkanları var, o vaxta qədər belə planların həyata keçirilməsi çətin ki, mümkün olsun. Ərazisində Rusiya qoşunları yerləşən və Azərbaycanla münaqişə vəziyyətində olan Ermənistanı Rusiyanın çox asanlıqla bu oyundan çıxara biləcəyini Brüsseldə görməli idilər.
Fizzə