Milli Şura saxta hesab edilən imzaları yenidən yoxlayacaq
Sentyabrın 12-də MSK Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin namizədliyini qeydə aldı.
Xatırladaq ki, Cəmil Həsənlinin nümayəndələri MSK-dan 900 imza vərəqəsi almışdılar və bu vərəqlərin 893-ü MSK-ya təhvil verilmişdi. Müxtəlif səbəblərdən 7 vərəqə korlanmışdı. Bu isə o deməkdir ki, MSK-ya 44495 imza təqdim edilib. Seçki qərargahının üzvləri bildirirdilər ki, imzalar dəfələrlə yoxlanılıb və hansısa səhv imza ola bilməz. Ancaq MSK-nın açıqlamasında Cəmil Həsənliyə verilən imzaların 40290 ədədinin yararlı olduğu bildirildi. Sanki hakimiyyət Cəmil Həsənlinin cüzi üstünlüklə namizəd olduğunu bildirmək istəyirdi. Nəzərə alsaq ki, digər namizədlərdən fərqli olaraq Cəmil Həsənlinin imzaları 120 dairə üzrə toplanılıb, o zaman Cəmil Həsənlinin imzaları daha çox olmalıydı.
Cəmil Həsənlinin seçki qərargahının həmsədri Həsən Kərimov bildirdi ki, hakimiyyət Cəmil Həsənlininin uğurlu seçki kampaniyasına bu kimi cılız statistikalarla kölgə salmaq istəyir: “Biz digər namizədlərin necə imza topladığından xəbərdarıq. Bəzi namizədlərin nümayəndələri, ümumiyyətlə, vətəndaşların qapısını döyməyib. Cəmil Həsənlinin imzatoplama kampaniyası isə göz qabağında, şəffaf şəkildə həyata keçirilib. Biz hakimiyyətin mahiyyətindən xəbərdar olduğumuz üçün imzatoplamada çox dəqiq fəaliyyət göstərirdik. Bu gün də imza topladığımız insanların hər birini şəxsən təqdim edə bilərik və hər bir imzanın sahibi şəxsiyyət vəsiqəsi ilə imzasını təsdiq edə bilər. Başqa bir bəhanə tapılmadığı üçün hakimiyyət öz ”fantaziya”sını bu şəkildə ifadə edib”.
Cəmil Həsənlinin seçki qərargahının üzvü Gülağa Aslanlı bildirdi ki, digər namizədlərdən fərqli olaraq Milli Şuranın namizədinin imzaları ciddi şəkildə yoxlanılıb və nəticənin müsbət olduğunu görüb göydəndüşmə rəqəmlə ifadə ediblər: “Biz indiki vəziyyətdə, işlər çox olduğu üçün, nəticəni yoxlamağa vaxt yoxdur. Ancaq biz protokolları alıb, saxta hesab edilən imzaları yenidən yoxlayacağıq. Aydın görünür ki, bu rəqəm imzaların real sayını ifadə etmir. Görünür, ciddi yoxlama aparılıb və yalnız bu tipli saxtakarlıq edilə bilib”.
Ilham Hüseyn