Polis rəisi qoçu rolunda

Saatlı sakini Cəmil Həsənliyə imza topladığına görə döyüldüyünü deyir

“Sentyabrın 12-də Saatlı rayonun polis rəisi Cəbrayıl Vəliyev və birinci müavini 15-16 polisin yanında məni döydülər, xəsarət yetirdilər. Xəstəxanaya getdim, döyülməyimlə bağlı Saatlı rayon Mərkəzi Xəstəxanası ekspertiza rəyi vermədi. Dedilər ki, sənin məsələnlə bağlı icra başçısı göstəriş veribsə, biz sənə rəy verə bilməyəcəyik.

Xəstəxanadan adi kağız parçasına adımı qeyd etdilər və imza atmadılar, möhür vurulmadı”. Bu sözlərin müəllifi Saatlı rayonunun Gomuşçu kəndindəki Səməd Vurğun adına orta məktəbdə kimya-biologiya müəllimi işləyən Ruslan Əhmədovdur.

O deyir ki, icra başçısı Siraqəddin Cabbarov, polis rəisi və müavini ona yaşamağa imkan vermir: “Sentyabrın 12-də mənə zəng edildi ki, polis idarəsinə gəlim. Onlardan bildiriş istədim. Heç bildiriş olmadan arxamca dörd polis əməkdaşı gəldi və məcburi şəkildə idarəyə aparıldım. Polis rəisi və müavini məni işdən çıxarılmağımla hədələdi. Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə imza toplamağım onları əsəbiləşdirib. Dedilər ki, işini donduracağıq”. 

Qanunun hər bir vətəndaşa seçkidə iştirak etməli olduğunu söyləyən müsahibimiz deyir ki, təzyiq altında yaşamaq istəmir: “Qanun hamıya şamil olunmalıdır. Vətəndaşın seçkidə iştirak etmək, kiminsə seçki kampaniyasına qoşulmaq haqqı var. Buna görə təzyiq edirlərsə, bu ölkədə yaşamağa dəyməz. Səfirliklərə müraciət edəcəm”.

Gomuşçu kəndinin başqa bir sakini Cavid Allahyarov da təzyiq olduğunu deyir. 4 uşaq atası olan Allahyarov övladlarının yanında bir neçə dəfə təhqir olunduğunu deyir: “Evimə gəlib qolumu buraraq məni idarəyə aparıblar. Mənim nə günahım var? Nə etmişəm? Oğurluq etmişəm, yoxsa başqa bir cinayət törətmişəm? Bütün bunların araxasında icra başçısı dayanır. O, polis rəisinə göstəriş verir”. 

Şikayətçi deyir ki, ona olan təzyiqlərə görə ölkədə yaşamaq istəmir və Iran səfirliyinə müraciət edəcək.

Milli Şuranın Seçki Qərargahının AXCP-dən olan həmsədri Həsən Kərimov “Azadlıq”a açıqlamasında məsələ ilə bağlı MSK-ya müraciət edəcəklərini bildirib.

Ötən gün Daxili işlər Nazirliyi məsələyə reaksiya verib. DIN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Turan”a Ruslan Əhmədovun fikirlərini təkzib edib. Onun sözlərinə görə, məlumat həqiqətəuyğun deyil. Belə ki, R.Əhmədov rayon polis şöbəsinə vətəndaşın müraciəti əsasında çağırılıb və sonra buraxılıb.

O.Mansurzadə hesab edir ki, R.Əhmədov bu cür populist bəyanatlarla diqqəti özünə cəlb etmək istəyir.