«Bu o demək deyil ki, Suriya sənədləri imzalayacaq və şərtlərə əməl edəcək»
«Bu, ABŞ-ın hədə-qorxu siyasətindən imtina etməsinə hesablanmış ikitərəfli prosesdir»
Suriya prezidenti Bəşər Əsəd “Rossiya 24″ telekanalına müsahibə verərək kimyəvi silahın beynəlxalq nəzarətə verilməsi məsələsinə aydınlıq gətirib. O bildirib ki, bu, ABŞ-ın hədə-qorxu siyasətindən imtina etməsinə hesablanmış ikitərəfli prosesdir: ”Mən hamıya açıq bildirmək istəyirəm: bu mexanizmlər (kimyəvi silahın qadağan olunması haqqında konvensiyaya qoşulmaq proseduru) birtərəfli şəkildə icra olunmayacaq. Bu heç də o demək deyil ki, Suriya sənədləri imzalayacaq və şərtlərə əməl edəcək. Bu ikitərəfli prosesdir və hər şeydən əvvəl ABŞ-ın hədə-qorxu siyasətindən imtina etməsinə hesablanıb”.
Əsəd bildirib ki, Dəməşq kimyəvi silahın qadağan olunması haqqında konvensiyanı imzaladıqdan bir ay sonra Suriyanın kimyəvi silah ehtiyatlarının beynəlxalq nəzarətə verilməsi ilə bağlı razılaşma qüvvəyə minəcək: “Mənim fikrimcə, razılaşma imzalanmadan bir ay sonra qüvvəyə minəcək və Suriya beynəlxalq təşkilatlara kimyəvi silah ehtiyatları barədə məlumatları ötürməyə başlayacaq. Bu nəzərdə tutulmuş standart proseslərdir və biz onlara əməl etmək niyyətindəyik”.
Suriya prezidenti bəyan edib ki, Türkiyə və Səudiyyə Ərəbistanı daxil olmaqla bir neçə dövlət Suriya terrorçularını silahla təmin edir: “Bütün ölkələr terrorçularla əməkdaşlıq etmədiklərini bəyan edir. Lakin biz dəqiq bilirik ki, Qərb onlara loqistik dəstək göstərir. Nəticədə Qərb, Türkiyə və Səudiyyə Ərəbistanı, bir müddət əvvəl isə Qətər də daxil olmaqla bölgə ölkələri terrorçularla birbaşa təmasdadırlar və onları bütün növ silahlarla təmin edirlər”.
Əsəd hesab edir ki, avqustun 21-də Dəməşq ətrafında kimyəvi silahın istifadəsi ilə baş vermiş insident ABŞ-ın təxribatı olub: “Son zamanlar hərbi müdaxilə təhdidləri Dəməşq ətrafında kimyəvi silahla törədilmiş təxribata əsaslanıb. Bu təxribat isə ABŞ rəhbərliyi tərəfindən həyata keçirilib”.
Suriya kimyəvi silahın qadağan olunması haqqında konvensiyanın tamhüquqlu üzvü olub. Bunu ötən gün Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri bəyan edib.
Onun sözlərinə görə, ölkə prezidenti Bəşər Əsəd artıq müvafiq sərəncam imzalayıb: “Hüquqi nöqteyi-nəzərdən Suriya bu gündən kimyəvi silahın qadağan olunması haqqında konvensiyanın tamhüquqlu üzvü olur”. Cəfəri vurğulayıb ki, Suriya hakimiyyəti kimyəvi silah ehtiyatını Israilin nüvə arsenalının qarşısını almaq üçün vasitə kimi saxlayırdı.
Diplomatın sözlərinə görə, artıq BMT baş katibi Pan Gi Muna Suriya XIN rəhbəri Valid Muallem adından müvafiq məzmunlu məktub göndərilib.
Pan Gi Mun Suriyanın kimyəvi silahın qadağan olunması haqqında konvensiyaya qoşulması barədə bəyanatını alqışlayıb. Baş katib bütün ölkələri ona qoşulmağa çağırıb.
Sülhməramlı əməliyyatlar üzrə BMT baş katibinin müavini Erve Ladsus isə bəyan edib ki, Təhlükəsizlik Şurasında müvafiq qərar qəbul olunarsa, sülhməramlılar Suriyaya göndərilə bilər: “Belə bir qərar olduqda biz müvafiq addımlar atacağıq”. Ladsusun sözlərinə görə, onun əməkdaşları tərəfindən bu məsələ ilə bağlı artıq planlaşdırma aparılıb.
Suriya hakimiyyətinin 1000 tonadək kimyəvi silahı ola bilər. Bu barədə “Röyters” agentliyi ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb: “Bu Liviyanın nə vaxtlarsa sahibi olduğu kimyəvi silah arsenalından xeyli çox, lakin Rusiya və ABŞ-ın o zamankı ehtiyatlarından azdır. Bu isə ciddi çağırışlar yaradır”(APA).