«Azərbaycanı idarə etmək üçün xalqın vicdanlı və əxlaqlı bir insana ehtiyacı var»
Ənvər Əliyev: «Heç zaman ABŞ prezidenti televiziyadan çıxış edərək ağac və meydança saldığını bəyan etməz»
Hazırda ölkədə olan ab-hava bir aydan sonra prezident seçkilərinin keçiriləcəyini deməyə əsas vermir. Hakimiyyət beynəlxalq təşkilatların qarşısında şəffaf və demokratik seçkilər keçirəcəyi ilə bağlı vəd versə də, reallıqda tam başqa addımlar atır. Seçkiöncəsi yaranan situasiya ilə bağlı bu və başqa sualları Milli Azadlıq Hərəkatının liderlərindən biri, MSK-nın keçmiş üzvü Ənvər Əliyevə ünvanladıq.
– Seçki demokratiyanın bir təzahürüdür. Seçkilər türk xalqları üçün yad bir ənənə deyil. Hülakilər dövründə tayfalar özlərinə rəhbəri məhz seçki yolu ilə seçirdilər. Yəni seçkilər demokratiyadan da qədim bir anlayışdır. Amma hazırda Azərbaycanda normal seçki üçün təəssüf ki, şərait yoxdur. Azərbaycan kimi ölkələrdə şəffaf seçki prosesindən söhbət gedə bilməz. Cəmiyyətin Azərbaycanda keçirilən seçkilərə münasibəti hər ötən il daha da pisləşir və bu, gözlənilən reaksiya idi. Hər dəfə xalqın rəyini nəzərə almamaq sonda bu cür nəticəyə gətirib çıxarmalı idi. Sonda cəmiyyət də yorulur. Çünki aparılan mübarizə toplumu müəyyən dərəcədə ruhdan salır. Amma bütün baş verənlərə baxmayaraq toplum ruhdan düşməməldir. Çünki Azərbaycandakı situasiyadan da daha amansız toplumlarda belə mübarizə sona – qələbəyə qədər davam edir. Azərbaycan cəmiyyətində hazırda həqiqətən də seçki ruhu yoxdur. Əvvəlki illərdən fərqli olaraq seçkiyə marağın da aşağı düşməsi bununla bağlıdır.
– Indiyə qədər prezidentliyə namizədlərin sayı bu qədər çox olmayıb. Burada məqsəd nədir? Hakimiyyət bununla seçkiyə bir demokratiya donu geyindirməyə çalışır. Yoxsa məqsəd real müxalifəti hədəfə götürməkdir? Başqa bir fərziyyə də vurğulanır ki, hakimiyyətin istəyi ilə namizədliklərini irəli sürənlər seçkidən sonra saxtakarlığı ört-basdır etmək üçün Ilham Əliyevi qələbə münasibəti ilə təbrik etməlidirlər…
– Əslində sadaladığınız faktların hamısı hakimiyyətin qarşısına qoyduğu məqsədlərdə əksini tapıb. Bir çoxları əslində ölkə reallıqlarını gördüyü halda yenə də “mən də varam” prinsipi ilə hərəkət edir. Başqa bir məqsəd, nə qədər qəribə də olsa, müxalifətin səslərini parçalamaqdır. Amma əslində ümumi götürdükdə ölkədə bir dəfə ciddi seçki keçirilərsə, hərə öz yerini bilər. Adamlar bilsə ki, onların seçilmə faizi sıfra bərabərdir bu istiqamətdə addımlar atılmaz. Yaşadığı yerdə tanınmayan bir şəxs seçkiyə qoşulursa, bu onun savadsızlığıdır. Insan gərək öz potensialını dəyərləndirməyi bacarsın. Əgər bir siyasətçi görə bilməyəcəyi işin öhdəsindən gələcəyini düşünürsə, onu sərt uğursuzluq da gözləyə bilər.
“Sovet dövrünə xas seçki”
– Bir müddət əvvəl dövlət başçısının özünün və ailəsinin adına xaricdə xeyli sayda əmlakın olduğu barədə beynəlxalq mediada materiallar getmişdi. Bu əmlaklar barəsində isə Ilham Əliyevin adından MSK-ya heç nə təqdim olunmayıb. Seçki Qərargahı da susur. Belə olan halda bu reallıqların açılmaması nəyi deməyə əsas verir?
– Hazırda seçki qanunvericiliyini o qədər qəlizləşdiriblər ki, bu faktların əksinin sübutunu tələb etmək bəzən mümkünsüzlüyə çevrilir. Amma ölkə reallığından da çıxış etsək, MSK-nın hətta Ilham Əliyev barəsində xarici mətbutda yazılanları təkzib və ya təsdiq etməyə gücü çatsa belə, bu istiqamətdə addım atıla bilməz. Azərbaycan kimi cəmiyyətlərdə namizədlərin gəlirləri, əmlakları haqqında məlumatın verilməsi də formal xarakter daşıyır. Qanunun bu tələbləri də təəssüf ki, nəzərə alınmır. Konkret faktlarla reallıqlar sübut olunsa belə, onlar nəzərə alınmır. Məhz bu faktların nəzərə alınmaması, qanunların işləməməsi cəmiyyətdə bu cür durumun yaranmasına səbəb olub.
– Iqtidar yetkililəri bəyan edirlər ki, hakimiyyət namizədi üçün təbliğat kampaniyası aparmayacaq və təşviqat dövründə dövlət başçısı iş qrafikini dəyişmək niyyətində deyil. Hətta bəyan edilir ki, qanunvericiliklə namizəd üçün nəzərdə tutulan 50 vəkil belə hakimiyyətin namizədi üçün təyin edilməyəcək. Dünyanın hər yerində namizədliyini irəli sürən şəxs bilavasitə seçki yarışına qatılır. Azərbaycanda isə tam fərqli situasiya müşahidə olunur. Bu yanaşma tərzi nəyin görsənişidir?
– Bu yanaşma tərzi sovet dövrünü xatırladır. O zaman da hakimiyyət seçicilərə heç bir diqqət göstərmir, əmlak siyahısını dəqiq təqdim etmirdi. Indi də həmin dövrün bir növ təkrarını yaşayırıq. Seçki təbliğatının əsas hissəsini ölkədə güclü, qüdrətli zavod və fabriklərin olması təşkil edir. Yəni baş verənlər hazırda ölkədəki psixoloji durumun mahiyyətindən irəli gəlir. Təbliğatı o adamlar aparar ki, onlar söz verdikləri şeyləri reallaşdırarlar.
“Ölkədə dəqiq seçici siyahıları yoxdur”
– Əyalətlərə səfəri zamanı dövlət başçısının qanunun hələ imkan vermədiyi halda seçki təbliğatına başladığı hiss olunur. Belə ki, Ilham Əliyevin keçirdiyi görüşlər etdiyi çıxışlar rəsmi KIV-lərdə heç bir məhdudiyyət qoyulmadan tirajlanır. Sizcə, qanunvericiliklə KIV-də bu məlumatların yayılmasına müəyyən məhdudiyyət qoymaq olarmı?
– Hakimiyyət bu istiqamətdə fəaliyyətini elə qurur ki, tam formada sübut etmək olmur ki, Ilham Əliyevin keçirdiyi görüşlər və verdiyi bəyanatlar təbliğatdır, yoxsa büdcə fəaliyyətinin yerinə yetirilməsi istiqamətində cəmiyyətə verilən hesabatdır. Bütün bu çıxışlar arasında fərqin sübutu və seçki dönəmində onun yolverilməzliyini sübut etmək üçün normal cəmiyyət lazımdır. Normal cəmiyyətlərdə belə hallar baş vermir. Heç zaman ABŞ prezidenti televiziyadan çıxış edərək ağac və meydança saldığını bəyan etməz. Cəmiyyətdə belə bir səhv fikir formalaşıb ki, əgər bağ və ya hər hansı bir tikili inşa edilibsə, bu mütləq prezidentin fəaliyyəti kimi qiymətləndirilməlidir.
– Maraqlıdır ki, MSK-nın elan etdiyi seçici siyahısı ilə Statistika Komitəsinin elan etdiyi rəqəm arasında bir milyon fərq var. Bu fərqi nəylə izah edərdiniz?
– Azərbaycan daxili miqrasiyaya görə dünyanın ən qabaqda gedən ölkəsidir. Bundan başqa, Rusiyada iki milyondan artıq soydaşımız yaşayır. Çar Rusiyasının əhalinin siyahıya alınmasıyla bağlı hazırladığı rəqəmlərə baxanda adam heyran olur. Həmin dövrdə imkanların məhdud olmasına baxmayaraq dəqiq siyahıyaalma həyata keçirilib. Amma indi heç kim deyə bilməz ki, Azərbaycanda siyahıyaalma dəqiq yerinə yetirilib. Siyahıyaalma zamanı heç kimə müraciət olunmur, heç kimin adı qeyd edilmir. Yanvardan may ayına qədər MSK-ya vaxt verirlər ki, seçki syiahıları dəqiqləşdirilsin. Amma dəqiqləşdirilmə tam formada aparılmır. Siyahının formalaşdırılması üçün bir sıra dövlət strukturlarına müraciət olunur və siyahı bu formada ərsəyə gəlir.
– Konstitusiyaya dəyişiklik edilərək bir şəxsin məhdudiyyət olmadan dövlət başçısı seçilməsinə qanunla imkan yaradıldı. Bütün bunların fonunda hakimiyyət cəmiyyətdə onların namizədinə alternativin olmadığını bəyan edir. Bu iddialar xalqa hansı mesajın ötürülməsidir?
– Alternativsiz hakimiyyət diktatura, sovet hakimiyyəti deməkdir. Bu o deməkdir ki, əgər bir ölkədə hakimiyyətin alternativi yoxdursa, deməli, o qeyri-demokratikdir. Doqquz milyonluq bir xalqın alternativ bir prezidentliyə namizədi yoxdursa, o xalq məhvə məhkum ola bilər. Bu cür iddialara getmək olmaz. Əslində bu cür iddiaları ilə hakimiyyət öz mahiyyətini ortaya qoyur. Elə bir tarixi təcrübə, cəmiyyət yoxdur ki, orda bir qüvvənin alternativi olmasın və həmin cəmiyyət sona qədər yaşayaraq, güclü nailiyyət əldə etsin.
“Azərbaycanı Cəmil bəy kimi ziyalı idarə etməlidir”
– Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçkiyə qatılmasını və onun seçkidə qələbə şanslarını necə dəyərləndirirsiniz?
– Cəmil bəyi həm yerli, həm beynəlxalq ictimaiyyət çox gözəl tanıyır. Bu insan barəsində nəsə mənfi fikir söyləmək mümkün deyil. Yalnız vicdanında ləkə olanlar Cəmil bəyə qarşı nəsə bir söz deyə bilər. Cəmil Həsənli vətənpərvər ziyalı olaraq haqqın tərəfində daynan bir şəxs kimi əvəzsiz bir insandır. Azərbaycanı idarə edib, ölkəni haqq-ədalətin hökmran olduğu bir duruma, korrupsiya və rüşvətin olmadığı bir vəziyyətə gətirmək lazımdır. Cəmil Həsənli bu işin öhdəsindən gələ biləcək bir şəxsdir. Azərbaycanın geniş təbii resursları var. Azərbaycanın insan, təbii resursları o qədər genişdir ki, ölkənin ildırım sürətli inkişafına nail olmaq olar. Azərbaycanı idarə etmək üçün xalqın vicdanlı və əxlaqlı bir insana ehtiyacı var. Cəmil bəydə bu keyfiyyətlər, bu göstəricilər yüksək səviyyədədir. Biz şad olardıq ki, nəhayət ki, Azərbaycanı Cəmil bəy kimi ziyalı, alim bir şəxs idarə etsin. Və alternativsiz olduqlarını iddia edənlər də görsünlər ki, alternativli cəmiyyətdə yaşamaq nə deməkdir. Azərbaycan daha yaxşı, daha sürətlə inkişaf edə bilər.
– Ölkədə dəyişikliklərə nail olmaq, Cəmil Həsənliyə dəstək vermək istiqamətində ziyalı təbəqəsinin üzərinə hansı vəzifələr düşür?
– Azərbaycan əhalisi qayğılar içərisindədir. Amma Cəmil bəyin namizədliyi elan olunan gündən ona qarşı böyük rəğbət nümayiş etdirildi və cəmiyyət onun namizədliyini dəstəklədi. Azərbaycanda çox az adam belə bir dəstəyə layiq görülə bilər. Cəmil bəyə ziyalı təbəqəsinin hazırda dəstəyinin şahidiyik. Bu təbəqənin dəstəyini hələlik aktiv adlandırmaq çətin olsa da, bu tendensiyanı passiv də adlandırmaq olmaz. Allah elə etsin ki, seçkidə hər şey halallıqla həll olunsun.
Xəyal