abs-azerbaycan2

Qərb “Azərbaycan savaşı” başlatdı

Rusiya, Azərbaycan və Ermənistan hakimiyyətlərinə qarşı nələr düşünülür?

ABŞ Dövlət Departamenti kəskin reaksiya verdi. Dövlət Katibinin Müavini Melianın Bakı səfərinin alınmaması Ağ evdə ciddi əsəb yaradıb. Azərbaycanda seçkiqabağı vəziyyətdən narahatlıq bildirilir, söhbət Ilham Əliyevin üçüncü dəfə namizədliyi ilə paralel həm də hələ də ölkədə siyasi məhbusların olmasından gedir. Eyni zamanda ölkədə nisbi demokratik şərait və toplaşma azadlığı da yoxdur. ABŞ Əliyev iqtidarının Rusiyanın qorxusu kölgəsində bir seçki keçirəcəyini düşünür və buna görə də hesab edir ki, bu şəraitdə normal seçkilər keçirmək mümkün deyil. Milli Şuranın sədri Rüstəm Ibrahimbəyova namizədliklə bağlı aşkar mane olmaqla Rusiya Azərbaycanın daxili işinə qarışdı, bu isə Azərbaycanla bağlı yeni siyasi şərait yaradır.

ATƏT və AP qərar dəyişdi

ATƏT Azərbaycanda seçkiləri müşahidə etmək üçün 350 nəfərlik müşahidəçi göndərəcək. Avropa Parlamenti Idarə Şurası da bu seçkiləri 7 nəfərlik heyətlə müşahidə edəcək. Bu qərarın verilməsi ölkə üçün çox əhəmiyytlidir ona görə ki, Rusiya hazırda Cənubi Qafqazın bir ölkəsini tam ekspansiya etmək ərəfəsindədir. Bu isə bölgədə yeni tarazlıq yaradacaq hadisədir. Ermənistanla həm də Azərbaycana təsir etmək mümkündür, çünki Azərbaycanın ərəziləri də bu dövlətin işğalındadır. ATƏT isə özünü bur prosesdən kənarda tutmaq istəyirdi. Niyə?

Uçurumda yanlış naxış olmur…

ATƏT və Avropa Parlamentinin bu qərarı vəziyyətin kritikliyini göstərir, amma onlar niyə öncədən bu seçkini müşahidə etmək istəmirdilər. Çünki Rusiya kimi düşünürdülər. Yəni ki, Ermənistanla münasibətləri yaxşılaşdıraraq bu ölkə üzərindən Azərbaycana nəzarət etmək yolunu tutmaq. Bu özlüyündə çox uğursuz yoldur, amma belə bir taktikanın məntiqi də oxucu üçün maraqlı olar. Qərb dairələri düşünürdülər ki, Ermənistan AB ilə assosasiya sazişinə girməyə razılıq verir. Bununla da Cənubi Qafqazda üç dövlətdən ikisi Qərb sistemini seçmiş olur. Yəni Azərbaycanın mövqeyi bütün hallarda təsiredici olmur. Üstəlik, Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı üçün bu ölkə və Azərbaycanda olan iqtisadi layihələr vasitəsilə rəsmi Bakıya da təsir və təzyiq imkanları qalacaq. Yəni bütün hallarda Ermənistanı əldə etməklə vəziyyəti öz xeyirlərinə dəyişəcəklərini düşünürdülər. Bu həm də varlı Azərbaycan hakimiyyətinə enerji sərf etməkdənsə, kasıb Ermənistanla dil tapmağın asan olacağı düşüncəsi idi. Təbii ki, Rusiya da bunun eynisini düşünürdü. Qərb dairələrindən fərqli olaraq Rusiya təkdir, qərar qəbul etmək və icra etmək asandır. Məsələn, AB Ermənistana qarşı vahid siyasət yürüdə bilmir. Hələ iki il öncə xarici siyasət komissyasında komissar Ketrin Eştona vahid xarici siyasətlə bağlı mandat verilməsi məsələsi qoyulmuşdu. Ermənistan Fransa və Yunanıstanın siyasi dəstəyini itirə biləcəyini hiss etsəydi, bu cür radikal qərar verməzdi. Amma Rusiya konkret qərar verdi və icra etdi. Bu isə Qərbə nümunə olmalıdır. Sadəcə, real siyasi nəticəyə addımlamaq baxımından.

Azərbaycanın önəmi niyə artdı?

Ermənistan Rusiyaya boyun əyməkdən imtina edə bilmədiyi üçün burada əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi balanslı natarazlıq yarandı. Yəni indi Cənubi Qafqazın iki ölkəsi müxtəlif seçimlər edib. Azərbaycanın mövqeyi isə bölgənin hara üz tutacağı baxımından həlledicidir. Rəsmi Bakı Rusiyanın təsiri altındadır. Bunu Qərb dairələri də aydın görür. Hesab edirlər ki, Ilham Əliyev Putinin Bakıya səfərini təmin edə bilməklə onun dəstəyini alıb. Putin üçün isə Ilham Əliyevin ən azı siyasi mənada bir mahiyyəti var – dünyadan daha bir avtoritar rejimin getməsi Kremlə tərəfə çəmbəri daralda bilər. Buna görə də Rusiya Ilham Əliyevi sevməsə belə onu ayaqda tutmaq istəyər. Bu şəraitdə isə belə bir status-kvo bu bölgədə Qərb siyasətinin intiharı deməkdir. Ona görə də bütün istiqamətlərdən yenidən Qərb Cənubi Qafqaz uğrunda savaşa başlayıb və bu qarşıdurmanın qarşı tərəfi Rusiya, Azərbaycan və Ermənistan hakimiyyətləridir. Çünki məhz bu üçlüyün qarşılıqlı oyunu burada anormal vəziyyətlərin yaranmasına imkan verir.

Demokratik proses canlanacaq

Hakimiyyətmeyilli qəzetlərdə “Milli Şura 9 oktyabrdan sonra dağılmalıdır” kimi yazılar yazılır, analizlər verilir. Bunun başlıca səbəbi Azərbaycan hakimiyyətinin ölkədə dinc demokratik prosesin başlayacağından narahat olmasıdır. Hakimiyyət bilir ki, 9 oktyabrda saxtakarlığa cəhd edəcək və bunun qarşılığında ölkədə ciddi demokratik hərəkat başlayacaq. Bunun qarşısını almaq və zəiflətmək üçün öz nəzarətində olan adamlardan istifadə edib belə bir görüntü yaratmaq istəyir ki, Milli Şura güclü bir struktur deyil. Əlbəttə, bu qurumun çoxsaylı üzvlərinin bəziləri hansısa “solo ifa”ya yol verə bilər, amma bu məsələ bütövlükdə Milli Şuradakı liderlərin, ziyalı və gənclərin iradəsi daxilindədir. Onlar, əlbəttə, hakimiyyətin bu ssenarilərini duyur və dəyərləndirir. Buna cavabı isə özünün sistemli və prinsipial addımları ilə verməlidir və verir.
Beynəlxalq aləm də Azərbaycanda olacaq dəyişikliyi həm də Cənubi Qafqazın siyasi taleyi kimi qiymətləndirir. Yəni bu ölkədə siyasi baxışları aydın olan qüvvələr hakimiyyətə gəlməlidir ki, bölgədə projelər və təhlükəsizlik məsələləri Rusiyanın əsəblərindən asılı olmasın. Bütün bunları hakimiyyət də düşünür və ola bilsin ki, Qərbə hansısa vədləri də verir. Amma Ermənistan nümunəsi elə kobud və aşkar sabotajdır ki, indi heç bir vəd qarantiyalı ola bilməz. Vəziyyəti yalnız konkret addımlar və seçimlər dəyişə bilər. Belə bir fürsət isə hamı üçün yaxın günlərdə olacaq. Gözləməyək, çalışaq!

Seymur Həzi