«Fövqəlnazir»ə şikayətə 5 mindən artıq vətəndaş gəldi
Ölkədə narazılığın pik həddə çatdığı bir daha sübut olundu
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov şimal-qərb bölgəsinə səfər edib. Kəmaləddin Heydərovun bu səfərini hakimiyyətin ifşası saymaq olar. Çünki bu səfər zamanı bir neçə rayonun sakinləri ilə görüşdə böyük izdiham yaşanıb. 5 mindən artıq şikayətçi Kəmaləddin Heydərovla görüşə yazılıb.
“Azadlıq” radiosu xəbər verir ki, görüşün keçirildiyi ərazidə sıxlıq ucbatından huşunu itirənlər, ürəyi gedənlər olub. Bir nəfər isə halı pisləşdiyi üçün təcili yardımla xəstəxanaya aparılıb. Ərazidə xeyli sayda təcili yardım və post-patrul xidməti növbə çəkib. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin əsgərləri də görüş yerini mühafizə edirlər.
Jurnalistlər ərazidən uzaqlaşdırılıblar.
Kəmaləddin Heydərovla görüşə 5 mindən artıq şikayətçinin gəlməsi ölkədəki vəziyyətin real mənzərəsini ortaya qoyur. Hələ məlumatlar var ki, Kəmaləddin Heydərovun görüşünə gələn şikayətçilərin əhəmiyyətli hissəsinin qarşısı alınıb.
Kəmaləddin Heydərov ölkə başçısı deyil, nazirdir. Nazirə şikayətə minlərlə vətəndaş gəlirsə, Ilham Əliyevə şikayətçilərin sayını təsəvvür etmək çətin deyil. Bəlkə də bu səbəbdəndir ki, ölkə başçısı seçki kampaniyasında özü iştirak etmək niyyətində deyil. Vətəndaşlarla görüşündə sürprizlərlə üzləşəcəyindən ehtiyat edir.
Kəmaləddin Heydərovun səfərində diqqət çəkən məqamlardan biri də onun iki məktəbin açılışın etməsidir. Adətən açılış mərasimlərini (ən xırda tikilidən tutmuş tutmuş, ən iri obyektə qədər) Ilham Əliyev özü edir. Görünür, Kəmaləddin Heydərov haqqında işlədilən “ikinci prezident” ifadəsi əsassız deyil. “Fövqəlnazir” artıq prezident kimi açılışlar etməyə başlayıb.