Arif Əsgərovun oğlu 48 milyonluq yeyintidə ittiham olunur

“Bandotdel” Azərbaycan Dəmir Yolları ASC-yə qarşı əməliyyat keçirdi, şöbə rəisi həbs edildi

Təxminən iki həftə əvvəl Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları Azərbaycan Dövlət Dəmir Yolları ASC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynovu həbs edib. Bu barədə virtualaz.org saytına mötəbər məlumatlı qaynaqlar bildirib. R.Hüseynov 48 milyon manatlıq yeyintidə ittiham olunur.
Iri maliyyə fırıldağında əli olan Rahib Hüseynov Azərbaycan Dövlət Dəmir Yolları ASC-nin sədri Arif Əsgərovun yaxın qohumudur. Rahib Hüseynovdan başqa bu maliyyə fırıldağına onun qardaşı Emin Hüseynov da qoşulub. Lakin hüquq-mühafizə orqanları hələlik onun qardaşına qarşı hansısa addım atmayıblar. O da məlum olub ki, Arif Əsgərovun və Rahib Hüseynovun qurduğu iri maliyyə fırıldağında 50-yə yaxın sahibkar zərər çəkib. Bu fırıldaqda bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərov da iştirak edib. 28 yaşlı sahibkar Elnar Əsgərov dəmiryolları şəbəkəsinin təchizatını inhisar altına alıb və məlumata görə, o, atasının idarəsinin təchizatını həyata keçirən iri şirkətin rəhbəridir.
Bildirilir ki, E.Əsgərov, həmçinin Rahib və Emin Hüseynov qardaşları sahibkarlara cəmi 48 milyon manat borclu qalıb. Dəfələrlə müraciət etmələrinə və dəmir yollarının rəhbərliyi ilə danışıqlar aparmalarına baxmayaraq, onların pullarını qaytaran olmayıb. Məlumata görə, sahibkarlar dövlət başçısına müraciət edərək ondan bu məsələyə müdaxilə etməsini xahiş etməyə hazırlaşırlar.
Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Dövlət Dəmir Yolları ASC-nin mətbuat katibi Nadir Əzməmmədovla əlaqə saxladıq. O bildirdi ki, Rahib Hüseynovun həbsi Dəmir Yolları idarəsində fəaliyyəti ilə bağlı deyil: “Rahib Hüseynov xeyli müddətdir ki, Azərbaycan Dəmir Yolları ASC-də fəaliyyət göstərmir, onu vəzifədən azad ediblər. Onun həbsiylə əlaqədar yayılan məlumatların isə, bu qurumdakı fəaliyyətinə aidiyyəti yoxdur. Yəqin ki, bu həbs başqa məsələ ilə bağlıdır”.
Məsələylə bağlı DIN və Respublika Prokurorluğunun mətbuat xidmətləri ilə əlaqə saxlasaq da, konkret mövqe öyrənə bilmədik.

İlham Hüseyn