“Cəmiyyətimizin əsasları, ənənələri, milli dəyərləri vardır. Böyük-kiçik, davranış qaydaları var. Biz bunu poza bilmərik. Bizi əsrlər boyu bir millət kimi saxlayan milli dəyərlərimiz olub. Böyük-kiçik münasibətləri, normal davranış qaydaları – bizim milli xüsusiyyətlərimizi təsdiqləyən və göstərən amillər bunlardır”. Bu, Ilham Əliyevin son çıxışlarından birindən sitatdır.
“Normal davranış qaydaları”, “cəmiyyətimizin əsasları”, “milli dəyərlər”…
Ilk baxışda qulağa xoş gəlir, elə deyilmi?
Amma dərindən oturub düşündükdə, analiz etdikdə tamam fərqli vəziyyət yaranır. Məsələn, bilmək istəyirsən ki, söhbət hansı “normal davranış qaydaları”ndan gedir? Başqalarının yatağını güdməkdənmi, yaxud 5 yaşlı qızcığaz “Azadlıq” qışqırdı deyə sürüyüb polis maşınına basmaqdanmı? Onun anasını “bar qadını” deyə aşağılamağa, ləkələməyə çalışmaqdanmı?
Nədir “cəmiyyətimizin əsasları?” Hamıdan bir nəfərin beyni ilə düşünüb, bir nəfərin ağzı ilə danışmağı tələb etməkmi? “Ağa deyir, sür dərəyə, sür dərəyə”mi? Sorğulamamaqmı? Təpki verməməkmi? Susmaqmı? Razılaşmaqmı? Sorğulayan, susmayan, razılaşmayan vətəndaşını “narkoman”, “ünsür”, “düşmən dəyirmanına su tökən”, “xuliqan” deyə damğalamaqmı, onu dəmir barmaqlıqlar ardına göndərməkmi?
Hansı “milli dəyərlər?” Buyurub sadalasın cənab yaptokratlar. Sadalasınlar görək, məsələn elə möhtərəmin dediyi “böyük-kiçik münasibətləri”nin özüdürmü “milli dəyər?” Elə isə uzağa getməyək, elə dünən-srağagünədək Rüstəm Ibrahimbəyovla bağlı niyə müşahidə etmədik bunu? Yaşı 70-i ötmüş bir adamı sadəcə, sistemə qarşıdır, hakim gücə qarşıdır deyə, ən iyrənc, çirkin ifadələrə qonaq etmək o “milli dəyər”in harasına yazılmışdı?
Suallar çoxdur. Və hamısının cavabı da elə o sualların özündədir. Bu məsələnin bir tərəfi.
Ikincisi, möhtərəmin məlum sitatı Əliyevçi rejimin hansı zehniyyət üzərində bərqərar olduğunun, gücünü hardan aldığının, hardan ilhamlandığının göstəricisidir. Məsələn, böyüklüyü başla deyil, yaşla ölçmək kimi mental buxova əsaslanır yaptokratiya. Bizdən başqalarının başına görə deyil, yaşına görə hörmət tələb edir. Çünki bu, onun işinə yarayır. Çünki Rəşadət Axundov kimi bu ölkənin aydınlıq üzü, parlaq gənclərini Fəttah Heydərov kimi itaətkar ağsaqqallar ordusuna ancaq bu yolla məğlub etdirmək, uduzdurmaq olar.
Bir sözlə, “milli dəyərlər” kimi pərdələnən “milli buxovlar”dan danışmaq olar əslində. Padşahı allahın yerdəki kölgəsi kimi qəbul edən…
“Hökumətlə hökumətlik etmək olmaz” hökmünə tabe olan…
El üçün ağlayan gözün kor olduğuna inanan bu “milli buxovlar”dır onillərdir bu bərəkətli vətən torpaqları üzərində hegemonluğunu sürdürən çağdışı, geriçi rejimi ayaqda saxlayan, var edən, diri tutan.
Məsələ yalnız sistemin çağdışı, geriçi olmasında da deyil. Bu mücərrəd, təyinatsız “milli dəyərlər” həm də bəşəri dəyərlərə alternativ kimi düşünülüb. Toplumu həmin “milli dəyərlər”ə kökləməklə insan hüquq və azadlıqları, ədalət, tolerantlıq, milli iradənin üstünlüyü kimi recimin nifrət etdiyi, xor gördüyü bəşəri dəyərləri arxa plana atırlar.
Bizə dəyər olaraq, bilgini deyil, şahsevənliyi göstərirlər.
Bizə dəyər olaraq, hüququ deyil, ağsaqqal-ağbirçək öyüdünü göstərirlər.
Bizə deyirlər ki, keçmişinizdən ikiəlli yapışıb qalın, onunla nəfəs alın, onunla yaşayın, bu gün və gələcək isə sizin yeminiz deyil. Bu günün və gələcəyin sahibi ancaq bizik. Ancaq biz də olmalıyıq.
Budur məsələ.
Hər şey bu qədər sadə və bəsitdir.
Azərbaycanın işıqlı gələcəyə yolunu açacaq, tərəqqipərvər bəşəriyyətin, azad dünyanın bir parçasına çevirəcək dəyərlərin adı, adresi isə bəllidir.
Azadlıq. Bilgi. Hüquq. Çağdaşlıq – dünyəvilik.
Bu dəyərlərin yolunu heç nə və heç kim kəsmək gücündə deyil. Heç bir aqrar təfəkkür, mental zehniyyət zamanın axışı önündə dayana, tab gətirə bilməz.
Müqavimət əbəsdir. Dirənməyin xeyri yoxdur.
Keçmiş keçəcəkdir!
Gələcək gələcəkdir!