Avropa Məhkəməsi İbrahim Musayevlə bağlı qərar çıxarıb
Naxçıvan MTN-nin sabiq əməkdaşı Ibrahim Musayev Azərbaycana təhvil verilməyə bilər. Naxçıvan MTN-nin qətlə yetirildiyi bildirilən Turac Zeynalovun atasının vəkili Əsabəli Mustafayev deyib ki, Avropa Məhkəməsinin bununla bağlı qərarı var: “Rusiya məhkəməsi Ibrahim Musayevin Azərbaycana təhvil verilməsi ilə bağlı qərar çıxarmışdı. Amma Ibrahim Musayevin Azərbaycana təhvil verilməsinin qarşısını almaq üçün beynəlxalq qrup ciddi iş aparırdı. Məhz bu qrupun səyləri nəticəsində sentyabrın 11-də Avropa Məhkəməsi Ibrahim Musayevin Azərbaycana verilməsini qadağan edən qərar çıxarıb. Həmçinin Rusiyadan Ibrahim Musayevin işi ilə bağlı sənədləri təhvil vermək tələb olunub”.
Əsabəli Mustafayev əlavə edib ki, o, Turac Zeynalovun atasının vəkili kimi Ibrahim Musayevin Azərbaycana təhvil verilməməsində maraqlıdır: “Çünki Ibrahim Musayev Turac Zeynalovun ölümündə əsas şahiddir”.
Xatırladaq ki, Ibrahim Musayev Turac Zeynalovun qətlindən sonra onun ailəsinə qarşı həyata keçirilən əməliyyatın əsas iştirakçısı olub. Ibrahim Musayev Turac Zeynalovun xanımı ilə münasibət quraraq onun Naxçıvan MTN-i tərəfindən şantaj olunmasını təmin edib. Daha sonra isə ona Turac Zeynalovun xanımının qətlə yetirilməsi tapşırılıb. Lakin Ibrahim Musayev bu tapşırığı yerinə yetirməyib və Azərbaycandan qaçıb.