«Putinlə Jirinovskinin hədələri Suriyanı zərbədən yayındırmaq üçün deyilib»
Vəfa Quluzadə: «Suriya vurulacağı təqdirdə nə Iran, nə də Rusiya Amerika ilə müharibəyə hazır deyil»
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriyaya hər hansı hərbi müdaxiləsinin dünyada yeni terror dalğasının yaranmasına səbəb ola biləcəyini deyib. “Nyu York Times” qəzetində çap olunan məqaləsində Putin həmçinin bildirir ki, böyük dövlətlərin BMT Təhlükəsizlik Şurasının qərarı olmadan Suriyaya müdaxilə etməsi BMT-yə də Millətlər Liqasının acı taleyini yaşadardı.
Rusiya prezidenti düşünür ki, Suriyaya hərbi zərbələr həmçinin Iranın nüvə problem, Israil-Fələstin münaqişəsi kimi məsələlərin həlli ilə bağlı beynəlxalq cəhdləri əngəlləyər, Yaxın Şərq və Şimali Afrikada vəziyyəti gərginləşdirər.
Qeyri-adi açıqlamaları ilə gündəmdə olmağı bacaran və bir çox hallarda Kremlin mövqeyini dilə gətirən Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski isə Dövlət Dumasında Suriyadakı vəziyyət barədə müzakirələr zamanı Azərbaycandan danışıb. Regionu gərginləşdirən əsas oyunçunun Israil olduğunu deyən Jirinovski bu ölkənin Irandan qorxduğunu və Iranın dağıdılması barədə qərar qəbul edildiyini bildirib. Gələcəkdə Irandan 20 milyon adamın müharibədən qorxaraq şimala qaçacağını iddia edən Jirinovski Bakının buna duruş gətirməyəcəyini deyib.
Həm Putinin, həm də Jirinovskinin açıqlamaları xəbərdarlıqdan çox hədə xarakteri daşıyır. Bu xəbərdarlığın bir əsası varmı?
Politoloq Vəfa Quluzadə Suriya məsələsinin Moskva üçün böyük əhəmiyyət daşıdığını deyir. ABŞ da Rusiyanı Bəşər Əsədin ən yaxın müttəfiqi adlandırıb. Artıq söhbət Rusiyanın Yaxın Şərqdə qalıb-qalmamasından gedir. Bu səbəbdən də Suriyanın vurulması məsələsi gündəmə gələndə Putin və Lavrov narahatçılığını gizlədə bilmirdi: “Suriyanı Rusiya silahlandırıb, Rusiyanın hərbi donanması ordadır. Bəşər Əsəd də ölkənin sərvətlərini Rusiya silahına xərcləyir. Bu, Rusiya üçün həm də maddi məsələdir. Amerikanın məqsədi isə Suriyada vəziyyəti dəyişib onun yerinə Qərbyönlü rejim gətirməkdir. Bu məsələ ətrafında Vaşinqton Moskva ilə bazarlıq edəcək”.
Ekspertin fikrincə, Suriyanın kimyəvi silahlarını beynəlxalq nəzərətə verməsi mühüm məsələdir. Çünki Suriyanın kimyəvi silahı Israilin nüvə silahının əleyhinədir. Lakin Bəşər Əsədi hakimiyyətdə saxlamaq üçün Rusiya buna gedir. Öz növbəsində ABŞ Rusiya ilə razılığa gələrək Əsəd rejimini dəyişməyə ümid edir. Bu halda Suriya tam Rusiyanın əlindən çıxmayacaq. Danışıqlar məhz bu məsələnin ətrafında gedəcək. Əgər bu danışıqlar nəticə versə, məsələ Cenevrədə diplomatik yolla öz həllini tapa biləcək. Yox, razılıq əldə olunmasa, Suriya vurulacaq.
Ekspert Suriya vurulacağı təqdirdə nə Iran, nə də Rusiyanın Amerika ilə müharibəyə hazır olmadığını deyir. Çünki böyük müharibə olsa, heç kim geri çəkilməyəcək. Bu halda NATO-nun nizamnaməsinə əsasən quruma üzv dövlətlər ABŞ-ın köməyinə gələcək. NATO-nun zərbələri qarşısında isə dayanan olmayacaq. Iran və Rusiyanın müharibəyə qoşulacağı şübhə doğurur, ancaq qoşulsalar, məğlub olacaqlar.
Ekspert bu proseslərin Azərbaycana təsir etməyəcəyini də vurğuladı: “Əgər NATO öz arsenalını Suriyanın və onun müttəfiqlərinin üzərinə gətirsə, bu böyük regional müharibə olacaq. Heç kim nə Azərbaycanı, nə Gürcüstanı düşünməyəcək. Hər kəs özünü xilas etməklə məşğul olmalıdır. Türkiyə mütləq müharibəyə qatılmalıdır. Israil bütün qüvvələrini hazırlıq vəziyyətinə gətirib. Regionda böyük fəsadlar ola bilər. Ancaq Azərbaycana birbaşa təhlükəni hələlik görmürəm”.
Ekspertin sözlərinə görə, Putinlə Jirinovskinin hədələri Suriyanı zərbədən yayındırmaq üçün deyilib: “Liviya və Iraq vurulandan sonra dünyada terrorun səviyyəsi artmadı. Azərbaycana gəldikdə, Putinlə Jirinovskidən soruşmaq lazımdır ki, Azərbaycan ABŞ-ın, yoxsa Rusiyanın təsir zonasıdır. Amerikanın təsir zonasıdırsa, onda Rusiya Azərbaycanın qayğısına niyə belə qalır? Rusiyanın təsir zonasıdırsa, onda Rusiya Azərbaycanı müdafiə etmək imkanında olmalıdır”.
Fizzə