Hadisənin təfərrüatları «Azadlıq»da
Paytaxda yeni bir zorlama hadisəsinin baş verməsi haqqında redaksiyamıza məlumat daxil olub. Məlumata əsasən Q.Ə adlı bir şəxs aldadılaraq Bakıda yerləşən “Oskar” adlı qəzetin redaksiyasına aparılaraq orada T.Ə (Əli) adlı bir şəxs tərəfindən zorlanıb.
Iş ilə bağlı təfəərüatları öyrəndiyimiz zaman aydın olub ki, 2012-ci ilin oktyabr ayında Q.Ə ali təhsil müəssəsində qış sessiyası üçün yaşadığı Gəncə şəhərindən Bakıya gəlib. Bakıda bir xanım rəfiqəsi ilə birlikdə iş axtarışı nəticəsində “Oskar” adlı redaksiyaya gəlib. Bu zaman bu redaksiyadakı işin xanım rəfiqəsinə uyğun olmadığını, ancaq Q.Ə-nin dərs qrafiki ilə tam şəkildə uyğun olduğunu görüb, işləmək barədə razılaşıb. Işə qəbul edən şəxsin adı Əli olub. Əli bundan sonra Q.Ə-nin əlaqə nömrəsini də götürərək, bir neçə dəfə telefona sevgi mesajları yazmağa başlayıb.
2012-ci noyabr ayının 27-də Əli ona zəng edərək “20 Yanvar” dairəsi yaxınlığında işçilərlə birlikdə tədbir olacağını deyib və Q.Ə-ni də oraya çağırıb. Ora getdikdə isə heç kimin olmadığını görüb. Bundan sonra Əli işlərin yarımçıq qaldığını və işə qayıtmaq lazım olduğunu bildirib. Onlar birlikdə redaksiyaya gediblər. Redaksiyaya daxil olduqda Əli arxadan qapıları bağlayaraq Q.Ə-ni zorla cinsi əlaqəyə məcbur edib. Qız müqavimət göstərsə də, nəticəsi olmayıb. Əli Q.Ə-nin bakirəliyini pozaraq onu cinsi təcazüvə məruz qoyub. Və səhər açılana qədər Q.Ə-ni redaksiyadan buraxmayıb. “Əgər bir adama bir söz desən səni biabır edəcəm”, “onsuz da səni heç kim almayacaq, kiməsə deyib özünü də biabır etmə” deyərək onu təhdid edib.
Q.Ə dekabr ayını 30-da tətil üçün evə getdiyi zaman bu barədə öz yaxın qohumlarına məlumat verib. Daha sonra yenidən dərslərin başlanılması üçün Bakıya qayıdan zaman Əli ona zəng vurub vacib danışmalı olduğunu bildirib. Bununla da Q.Ə-ni Fəhlə prospektində yerləşən evinə gətirib. Onu həmin evdə girov saxlayıb.
Gəncə və Binəqədi rayon polis idarələri zəng edərək Q.Ə-ni təhvil verməli olduğunu bildirsələr də, Əli bununla razı olmayıb. Yalnız Binəqədi RPI-nin işçiləri onu aldadaraq redaksiyaya çağırıb və orada saxlayıb.
Bundan sonra cinayət işi üzrə ilkin təhqiqat sənədləri hazırlanaraq Yasamal Rayon Prokurorluğuna göndərilib. Iş Yasamal Rayon Prokurorluğunun müstəntiqi Əhmədov Fuad Səlim oğlunun icraatındadır.
Lakin məlumatlara görə, prosessual hərəkətlər tam aparılmır və demək olar ki, bütün xususatların tam şəkildə aydın olmasına baxmayaraq iş üzrə istintaqın müddəti qanunsuz uzadılır.
Bu məsələ ilə bağlı maraqlı məqam isə Q.Ə-nin açıqlamasında öz əksini tapıb. Onun sözlərinə görə, T.Ə-nin cinayət məsuliyyətinə cəlb edilməməsində bir sıra adamların rolu var. Q.Ə deyib ki, Əlinin son dəfə onu evdə girov saxladığı vaxt Həsən adlı bir şəxs tərəfindən himayə olunduğunu və heç vaxt onu həbs edə bilməyəcəklərini bildirib. Sözügkdən şəxsin Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Həsən Əkbər oğlu olduğu iddia edilir.
Ümumiyyətlə qeyd etmək olar ki, Əli tərəfindən bu cür əməllərin edilməsi ilk hal deyil. Lakin bütün bu halların ortaya çıxmasının qarşısı alınıb.
Bundan əlavə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Həsən Əkbər oğlunun da adının qalmaqallı işlərdə keçdiyi bildirilir. Hətta söhbət Ramazan adlı bir şəxslə sövdələşmədən gedir. Bu barədə Məhkəmə Hüquq Şurasının icazəsi ilə cinayət işinin başlandığı da deyilir.
Bütün bunlarla bağlı Q.Ə-nin vəkili Adəm Məmmədovla əlaqə saxladıq. Vəkil baş verənlərlə bağlı bunları deyib: “Mən Q.Ə-nin vəkiliyəm. Onun hüquqları pozulmuş və bununla ona ağır mənəvi zərər dəymişdir. Cinayət işi ilə bağlı bir sıra vasitələrlə cinayət işinin xitam edilməsini istəyən qüvvələr vardır. Bu şəxslərə verilən səlahiyyətlər cinayət işi üzrə istintaqın tam şəkildə araşdırılmasına maneçilik törədir. Lakin biz inanırıq ki, bütün maneələr aradan qaldıralaraq müdafiə etdiyim şəxsin gələcək həyatını korlamış və ona zorlama cinayəti nəticəsində psixi zərbə vurmuş Əli adlı şəxs layiqli cəzasını alacaqdır”.
Məsələ ilə bağlı yazıda adı hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.