Ceyranbatanda evlər söküldü

Dövlət Neft Şirkəti evyıxan rolunda

Söküntü bumu Abşeron rayonunun Ceyranbatan qəsəbəsinə də çatdı. Artıq 10-dan çox ev sökülüb. Hamısı bir günün içində. Sakinlərin dediyinə görə, özlərini təqdim etməyən şəxslər ARDNŞ adından buldozerlərlə evlərin bir neçəsini uçurublar. Vətəndaşlar evlərinin sənədlərinin olduğunu, ancaq buna heç bir diqqət yetirilmədiyini söyləyirlər. Onlar qorxu içində yaşadıqlarını da bildirdilər. Deyirlər ki, hər an evlərinə yenidən hücum ola bilər.

“Normal pul versinlər, çıxıb gedək”

“Ceyranbatan bağları” adlanan ərazidə bir neçə ev sökülüb. Məlumatlara görə, bələdiyyə ilə Arxitektura Komitəsi arasında problem var. Bu cür məlumatların yayılmasını sakinlərdən eşitdik. Sonda isə zərərçəkən tərəf vətəndaşlar olur. 

Sənədləri qaydasında olduğunu deyən sakinlər bildirirlər ki, Dövlət Neft Şirkəti onlara qan uddurur. Bir sözlə, sənədə baxan yoxdur. ARDNŞ isə ağır texnika yeridərək əhalinin illərlə tikdiyini bir neçə dəqiqənin içərisində yerlə-yeksan etməyə hazırdır. Necə ki edib.

Sakin Malik Bəşirov deyir ki, evinin bir hissəsi artıq uçurulub. Indi tam uçurulmanı gözləyir.

“Nə vaxt gəlib uçuracaqlar, bilmirik. Oturub neft Şirkətinin işçilərini gözləməliyik”- deyən sakin qeyd edir ki, hamı qorxu içində yaşayır. Bildirir ki, aidiyyəti qurumlara etdiyi müraciətlər cavabsız qalıb: “Hara müraciət edək? Kimə üz tuturuqsa, bizlik deyil, deyirlər. Evləri tikəndə hər yerdən icazə almışıq. Üstəlik, kim gəlibsə, haqqını ödəmişik. Niyə indi bizlə belə edirlər? Əgər buradan bizi köçürmək istəyirlərsə, başqa yerlərdə olduğu kimi kompensasiya versinlər çıxıb gedək”.

Hikmət adlı qəsəbə sakini isə böyük iddiada olmadığını söylədi. Bildirdi ki, torpaq və ev tikə biləcək qədər pul ödəsələr, mənzilini hər an tərk edə bilər: “Demirəm ki, şəhərin mərkəzində ev almaq üçün pul versinlər. Istəyirəm ki, Hövsanda, Zabratda torpaq alıb ev tikə biləcəyim qədər pul ödəsinlər. Ya da sənədlə bu qəsəbələrdə ev versinlər. Hökumətlə dava etmək niyyətimiz yoxdur. Deyirlərsə ki bura Neft Şirkətinindir, çıxırıq, ancaq mülkiyyətə sahib olmaq haqqımızı tanısınlar. Daha hücum edib, evlərimizi başımızın üstünə uçurtmasınlar”.

“Təkcə bir istəyimiz var, o da bizə dəyib-dolaşmamaqdır”

“Illərlə əziyyət çəkib tikdiyim evimi qoruyuram. Başqa imkanım yoxdur. Satıblar, almışam, sənədlərim də qaydasındadır. Ancaq buna baxmayaraq, mülkümü əlimdən almaq istəyirlər. Buldozer evimi uçurmaq istəyəndə özümü irəli verdim, nəticədə xəsarət aldım. Dərmanlara 200 manatdan artıq pul xərcləmişəm. Niyə bizlə belə edirlər? Indi biliblər ki, bu ərazilər Neft Şirkətinə məxsusdur? Bunu vaxtında deyəydilər. Biz torpaq alıb ev tikəndə icazə verməyəydilər. Necə olur, torpağı satırlar, ev tikəndə haqq alırlar, indi isə deyirlər, sökün. Dövlət məsuliyyət daşıyır. Heç kim özbaşına idarə rəhbəri olmur. Onu o vəzifəyə təyin edən adam var. Indi kimsə dələduzluq edibsə, yaxud başqa bir problem ortaya çıxıbsa, bunun məsuliyyətini daşımırıq” – deyə vətəndaş Gülçöhrə Hüseynova söylədi.

Sakinlər bizimlə söhbətdə onu da qeyd etdilər ki, ərazidə onlarla villa var ki, onlara toxunan olmayıb. Neft Şirkətinin işçiləri yalnız kasıbın daxmasını sökür. Birincisi, qanunla edirsinizsə, hamıya şamil olunsun. Yox,  qanunsuz iş görürsünüzsə, bizimlə nə işiniz var?”.

Cəbrayıl rayonundan məcburi köçkün olan Yaşar Əliyev ikinci dəfə mənzilindən didərgin düşmək üzrədir: “Birinci dəfə ermənilər bizi yurdumuzdan qovdular, neçə-neçə insanımızı itirdik, indi bunlar. Bəs hara gedək? Bu ölkəni tərk edək? Başqa bir ölkədən yardım istəyək? Biz nə deyirik ki, imkan verin yaşayaq. Bu hökumətdən nə pul, nə də yardım istəyirik. Təkcə bir istəyimiz var, o da bizə dəyib-dolaşmamaqdır”.

Niyə kasıbın evi uçurdulur?

Sözügedən ünvanda hasarları işarələyiblər. Hansı mənzil, yaxud obyekt neft kəmərilə nə qədər məsafədədirsə, qeyd edilib. 

Hələ bir il öncə ARDNŞ-in Neft Kəmərlərini Mühafizə Idarəsinin əməkdaşları qəsəbədə 40-dan çox yarımçıq tikilini, barıları və evləri uçurmuşdu. Səbəb kimi də Bakı-Novorossiysk Neft Kəməri keçdiyini və bunu təhlükəsizliyə görə etdiklərini söyləmişdilər. Ancaq vətəndaşlar bu fikirlə razılaşmamışdı. Onların sözlərinə görə, Bakı-Novorossiysk Neft Kəməri Ceyranbatan qəsəbəsindən on kilometr aralıdan keçir. 

“Qonşuluqda Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin, prezidentin mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun malikanələri, ”Akkord” şirkətinin tikdiyi “Abşeron” Gənclər Şəhərciyi var. Necə olur ki, onların evləri sökülmür, ancaq kasıb insanların evləri sökülür? Buranı sökməkdə məqsəd Ceyranbatan gölü sahilindəki mənzərəli torpaqları alaraq, yenidən villalar tikintisi üçün baha qiymətə satmaqdır”.

Ramin DEKO