“Qoca”nın qətlindən qabaq “bandotdel” rəisinin Rövşən Lənkəranski ilə görüşdüyü iddia olundu
“Habertürk”ün yoxa çıxan yazısı təxribatdır, yoxsa gerçək?
Azərbaycan Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinin rəisi, general Mirqafar Seyidovun adı Türkiyədə qətlə yetirilmiş, kriminal aləmdə “Lotu Qoca” kimi tanınan Əlibaba Həmidovun işilə bağlı məlumatlarda hallanıb. Türkiyənin populyar qəzetlərindən olan “Habertürk”də Ə.Həmidovun qətlindən qabaq M.Seyidovun İstanbulda Rövşən Lənkəranski ilə görüşdüyündən bəhs edən məqalə dərc olunduğu haqda Azərbaycandakı bəzi redaksiyalara foto-xəbər göndərilib. “Haqqın.az” və “virtualaz.org” saytları bu barədə məlumat yayıb və fotonu məlumata əlavə edib.
Fotodan məqlənin mətni oxunmasa da, başlıqlar aydın seçilir: “Azeri işadamının katlinde yeni isim. Azeri asıllı mafia babası Rövşen Lenkoranskinin Azerbaycan İç İşleri Bakanlığının general Mirqafar Seyidovun sifarişi ile haraket etdiyi malum oldu”. (başlıqları olduğu kimi təqdim edirik – red.). Fotodan belə məlum olur ki, məqalə “Habertürk”ə 11 sentyabr, Bakı vaxtı ilə saat 23 radələrində yerləşdirilib.
“Haqqın.az” və “virtualaz.org” yazır ki, “Habertürk”ün məqaləsində M.Seyidovun R.Lənkəranski ilə avqustun 17-də – Ə.Həmidovun qətlindən bir gün öncə görüşdüyü bildirilir.
“Haberturk.com saytı “Rövşən Lənkəranski”nin Türkiyəyə Azərbaycan pasportu ilə daxil olduğunun və adının Rövşən Əliyev kimi qeyd edildiyinin isbat olunduğunu bildirir. Hətta “Rövşən Lənkəranski”nin qaldığı oteldə bir azərbaycanlı generalla görüşdüyü, ondan sui-qəsdlə bağlı təlimatlar aldığı və bu faktların da aparılan araşdırmalar nəticəsində sübuta yetirildiyi deyilir.
Saytın Türkiyənin təhlükəsizlik orqanlarından əldə etdiyi məlumata görə, həmin general Azərbaycan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (xalq arasında “bandotdel” kimi tanınır-red.) rəisi, polis general-mayoru Mirqafar Seyidovdur”, – deyə “haqqın.az” və “virtualaz.org” saytları yazır.
Ə.Həmidovun qətlində R.Lənkəranskinin şübhəli bilindiyinə dair isə “Habertürk” sentyabrın 10-da məlumat dərc edib (http://www.haberturk.com/gundem/haber/876343-bahcesehirdeki-cinayetten-rus-hayalet-cikti). Bu məlumat bir gün sonra Azərbaycan qəzet və saytlarında da tirajlanıb.
Amma maraqlıdır ki, M.Seyidovun R.Lənkəranski ilə görüşdüyü haqda “Habertürk”də dərc olunduğu deyilən məqalə qəzetin saytında yoxdur. “Haqqın.az” və “virtualaz.org” yazır ki, məqalə Türkiyə qəzetinin saytında yerləşdiriləndən bir saat sonra “gözlənilməz və müəmmalı şəkildə” yoxa çıxıb. Yoxa çıxan məqalədə isə general Seyidova bənzəyən adamın fotosu da yerləşdirilib.
“Haqqın.az” və “virtualaz.org” saytlarının rəhbəri Eynulla Fətullayev “Azadlıq”a açıqlamasında bu müəmma ilə bağlı “Habertürk”ə sorğu göndərdiyini deyib. Onun sözlərinə görə, Türkiyə qəzetindən məsələni araşdırandan sonra cavab verəcəklərini yazıblar.
Məsələnin daha bir müəmmalı tərəfi odur ki, haqqında danışılan qətl hadisəsi barədə “Habertürk”ün 10 sentyabr tarixli məqaləsində Ə.Həmidovun avqustun 17-də qətlə yetirildiyi bildirilir. Amma qəzetin sonuncu – yoxa çıxan məqaləsində avqustun 17-i qətldən əvvəlki gün kimi qeyd olunur.
Bununla belə, ortalıqda başqa və daha ciddi detallar da var. Belə ki, “Habertürk”ün Ə.Həmidovu R.Lənkəranskinin öldürtdüyü iddiasına dair Türkiyə polisinin məlumatları əsasında dərc etdiyi, yuxarıda linkini verdiyimiz məqalədə yazılır: “İddiaya görə, aldığı borcları ödəyə bilməyincə criminal qruplarla problem yaşayan Həmidov, yüksək faizlərlə birlikdə sevgilisini də götürüb Türkiyəyə qaçdı. Canıyev (Rövşən Lənkəranski – red.) Qafar adlı azərbaycanlı xəfiyyənin də yardımı ilə Həmidovun izini İstanbulda tapdı. Sui-qəsdi azərbaycanlı xəfiyyə planlaşdırdı. İstanbula gələn və 5 ulduzlu bir oteldə qalan azərbaycanlı xəfiyyə, Əli Həmidov və sui-qəsdin necə həyata keçiriləcəyi ilə bağlı təlimat hazırladı. Məlumatları tətikçi Hacı G.-ya (32 yaş) ötürdü…
Sui-qəsd planı hazır olandan sonra Rövşən Canıyev Türkiyəyə gəldi. İstanbulda dəri ticarəti ilə məşğul olan bir iş adamının evində qalan sui-qəsd qrupu ilə görüşdü və azərbaycanlı xəfiyyənin hazırladığı planın icraya yönəltdi. Cinayətdən sonra polis Rövşən Canıyevin adamlarının qaldığı evə getdi. Evin boşaldıldığı aydın oldu…”.
“Habertürk” bu məlumatın video variantını da hazırlayıb və həmin video qəzetin saytında qalır (http://tv.haberturk.com/gundem/video/hayalet-istanbulda-ortaya-cikti/98073). Videodakı kadrlarda Qafar adlı xəfiyyədən söhbət gedərkən M.Seyidova bənzəyən bir nəfərin fotosu göstərilir. Müqayisə göstərir ki, sentyabrın 11-də “Habertürk”də dərc olunduğu, lakin sonradan yığışdırıldığı deyilən məqləyə əlavə olunan da elə həmin fotodur. Sadəcə, videoda foto nisbətən irəli çəkilir və daha iri planda təqdim olunur.
Məsələ ilə bağlı “Yeni Müsavat” qəzeti də müəyyən məqamlar açıqlayıb. Bəlli olub ki, M.Seyidovun adı çəkilən həmin müəmmalı məlumat bu qəzetin də redaksiyasına göndərilib. Lakin qəzet bunun dezinformasiya olmasından şübhələnib və onu dərc etməyib. Haqqında danışılan şübhəli məqalənin fotosu (screen shot) isə qəzetə “Habertürk” qəzetinin redaktoru, eyni adlı TV-nin rəhbərlərindən biri Murad Bardakçının adın olan elektron ünvandan – mbardakci@htgazete.com.tr daxil olub.
Qəzet “Habertürk”də dərc edildiyi deyilən məqaləni və oradakı fotonu “montaj” kimi dəyərləndirib.
E.Fətullayev isə “Azadlıq”a açıqlamasında eyni screen shot-u anonim mənbədən aldığını deyib.
E.Fətullayevin rəhbərlik etdiyi saytlarda məsələ ilə bağlı dərc olunan yazılarda iddia olunur ki, M.Seyidovun adı çəkilən məqalə “Habertürk”ün saytından sifarişlə götürülüb: “Bizim redaksiya artıq bilir ki, türk saytı ilə sövdələşmədə kimlər vasitəçi kimi çıxış edərək o saytda saat 23:48-də yerləşdirilmiş həmin informasiyanın dünən gecə oradan çıxarılmasına yardım edib…”.
Məsələyə Daxili İşlər Nazirliyi də münasibət bildirib. “Qafqazinfo”nun sorğusuna cavab olaraq nazirliyin mətbuat xidmətinin rəisi Sadiq Gözəlov deyib ki, M.Seyidovun R.Lələnkəranski ilə görüşdüyü haqda iddialar cəfəngiyyatdır: “Bu, tamamilə cəfəngiyyatdır. Cəfəng mülahizələrə isə şərh vermirik”.
İnformasiya şöbəsi