Cəmil Həsənlinin namizədliyi qeydə alındı

Milli Şura təmsilçiləri Londonda görüşlərə başladı (FOTOLAR)

Mərkəzi Seçki Komissiyasının sentyabrın 12-də keçirilən iclasında Komissiyanın katibi Arifə Muxtarova namizədliyi irəli sürülən Cəmil Poladxan oğlu Həsənli haqqında məlumat verib.
MSK katibi bildirib ki, C.Həsənlinin təqdim etdiyi imza vərəqələri yoxlanıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilib.
MSK-nın Işçi qrupunun rəhbəri Ilham Məmmədov isə deyib ki, MSK-ya 44 495 imza nümunəsi təqdim edilib, 40291 imza etibarlı sayılıb.
Arifə Muxtarova əlavə edib ki, seçki qanunvericiliyinə görə, prezidentliyə namizədin qeydə alınması üçün onun müdafiəsi məqsədilə ən azı 40 min imza toplanmalıdır. Bu səbəbdən də adıçəkilən şəxslərin namizədliyinin qeydə alınması məqsədəuyğun sayılır.
Demokratik Qüvvələrin Milli Şurası Cəmil Həsənlinin namizdəliyinin Mərkəzi Seçki Komissiyasında qeydə alınmasından sonra başlayacaq rəsmi təşviqat kampaniyasına tam hazırdır. Sentyabrın 10-da Cəmil Həsənlinin seçki qərargahı növbəti iclasını keçirib və qarşıda duran işlər müzakirə olunub.
Seçki qərargahının sonuncu iclasından sonra respublika üzrə Mərkəzi Seçki Komissiyasına, Dairə Seçki Komissiyasına, həm də Məntəqə Seçki Komissiyalarına məşvərətçi səs hüquqlu komissiya üzvlərinin təyin olunması ilə bağlı siyahısı hazırlanıb.
Cəmil Həsənlinin seçki qərargahının həmsədri Həsən Kərimov qəzetimizə açıqlamasında bildirdi ki, seçki qərargahı növbəti mərhələnin işlərini yekunlaşdırmaq üzrədir: “Cəmil Həsənlinin namizədliyi artıq qeydə alındı. Eyni zamanda seçki qərargahı platformanın hazırlanması prosesini sona çatdırıb. Yaxın günlərdə müvafiq nəşriyyatlarla müqavilə bağlanıb, bukletlərin, plakatların və digər təbliğat vasitələrinin çapına başlanılacaq. Müşahidəçilərin, məşvərətçi səs hüquqlu nümayəndələrin verilməsi ilə bağlı rayon şöbələrinə tapşırıq verilib. Bundan əlavə, Cəmil Həsənlinin seçicilərlə açıq və qapalı ərazilərdə görüşləri nəzərdə tutulur. Çalışacağıq ki, hər bir vətəndaşın evində Cəmil Həsənliylə bağlı tanıtım materialları olsun”.

Cəmil Həsənli qeydə alınmasını “Azadlıq”dan xəbər tutdu

Bu arada Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli və Şuranın Icra Aparatının rəhbəri Eldar Namazov Londonda görüşlərə başlayıblar. Onların ilk görüşləri Britaniyanın ictimai institutlarında olub.
Görüşlərdə Milli Şura, onun yaranma zərurəti haqda ətraflı məlumat verilib, Azərbaycandakı seçkiöncəsi durum, sərbəst toplaşmaq azadlığı, insan haqları, mətbuat azadlığı və başqa məsələlər müzakirə olunub.

Yeri gəlçişkən, Cəmil Həsənli namizəd olaraq qeydiyyata alınması barədə məlumatı Londonda keçirdiyi görüşlər zamanı alıb.
C.Həsənliyə bu xəbəri görüşlərdə onu müşayiət edən Milli Şura sədrinin London təmsilçisi Murad Həsənli “Azadlıq” qəzetinin saytından göstərib.