Keçmiş müstəntiq Tale Bağırzadənin vəkilindən və qəzetimizdən 50 min manat istəyir
Hacı Tale Bağırzadənin vəkili Cavad Cavadov və “Azadlıq” qəzeti məhkəməyə verilib. Bu haqda “İslamazeri.az”a Cavad Cavadov özü məlumat verib. İddiaçı Tale Bağırzadənin istintaq işini aparmış keçmiş müstəntiq Vüsal Salehovdur.
Salehov onun barəsində vəkil Cavad Cavadova istinadla “Azadlıq” qəzetində dərc olunmuş məlumatdır. Məlumatda deyilirdi ki, müstəntiq ərizə yazaraq işdən çıxıb və bunda Tale Bağırzadənin onunla etdiyi söhbətlərin təsiri var. Müstəntiq isə işdən çıxdığını təsdiqləsə də, səbəbin bu olmadığını bildirir və vəkilin onunla bağlı səsləndirdiyi “özünə halal iş tapıb” ifadəsini şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirir.
Vəkil Cavad Cavadov bununla bağlı “İslamazeri.az”a deyib ki, keçmiş müstəntiqlə bağlı məlumatda onun şərəf və ləyaqəti alçaldan heç bir məqam yoxdur: “Bu, digər məmurların müdafiəsinə bənzəyən iddia ərizəsinə oxşayır. İddiaçı qeyd edir ki, vəkil barəmdə “özünə halal iş tapıb”deyir. Belə çıxır ki, mən indiyə qədər haram pul qazanmışam. Amma sonda qeyd edir ki, bütün məmurlara halal iş arzu edir”.
Vəkil hesab edir ki, Vüsal Salehovun iddia ərizəsi kimlərinsə təzyiqilə hazırlana bilər.
“İddia ərizəsində uzun-uzadı məsələlər sadalanıb. Bildirilir ki, Tale Bağırzadə ilə heç vaxt elə söhbət aparmayıb. Burada heç bir problem yoxdur. Tale Bağırzadə məhkəməyə gətirilib dindirilər, məsələ də aydınlaşar. Əsas olan odur ki, işdən ərizə yazıb çıxıb və başqa işdə işləyir”, – deyə vəkil qeyd edib.
Vəkil bildirib ki, bu məsələ gözlənilən idi. Son dövrlərdə müstəqil mövqe tutan müdafiəçilərə bəzilərinin müdafiəsi işinə qoşulmamaq üçün üçün bu və başqa formada təzyiq edirlər: “Keçən həftə Yalçın İmanovla bağlı olan və ondan əvvəlki hadisələr bunu sübut edir”.
İddia üzrə ilkin məhkəmə iclası hakim Ayaz Məmmədovun sədrliyi ilə Yasamal rayon məhkəməsində sentyabrın 20-ə saat 15:30-a təyin olunub.
İddiaçı vəkildən və “Azadlıq” qəzetindən 50 min manat təzminat istəyir.
Vəkil kolleqalarının onun müdafiəsinə qoşulacaqlarını gözləyir. Ümid edir ki, iş ədalətlə aparılacaq.