Çin səddinin bizdəki növləri

Dünən möhtərəm “Azərbaycan Respublikasının dəniz təhlüykəsizliyi strategiyası”nı təsdiqləyib. “Bunda təəccüblü nə var?” deməyin. Çox şey var. Biz bu xəbərdən öyrənirik ki, sən demə, Azərbaycanda dəniz var. Halbuki biz bunu çoxdan unutmuşduq, uşaqlarımız isə ölkəmizdə dənizin varlığından, ümumiyyətlə, xəbərsizdirlər. Hardan bilsinlər? Axı onu hasarların arxasında gizlədiblər. Dənizdən çıxarılan neftin davasını o qədər döydük, onun pulunu basıb yemələrindən o qədər donquldandıq, gileyləndik, bu da nəticəsi: bizi dənizin özünə də həsrət qoydular.
Kim bilir, bəlkə elə o hasarlar dəniz təhlükəsizliyi strategiyasına uyğun çəkilmişdir? Lap çinlilərin özlərini köçəri xalqların hücumlarından qorunmaq üçün sədd inşa etdirməsi kimi. Bəs burada həmin “köçəri xalq” rolunda kim çıxış edir? Əlbəttə, biz! Biz özümüz! Kim təminat verə bilər ki, qara camaat günün birində dənizə hücum çəkib yaptokratların neft buruqlarına yiyələnməyəcək? Hazırlıqlı olmaq lazımdır. Azərbaycanlılardan hər şey çıxar.
Digər tərəfdən, biz həqiqətən “köçəri xalq”ıq, bu ölkədə müvəqqəti, bir növ, kirayənişin kimi yaşayırıq. Yaptokratlar bizi istənilən vaxt arxamızdan təpik vurub Azərbaycandan çıxara, qova bilərlər.
Bəzi antimilli qüvvələr, ünsürlər və elementlər bu hasarlama siyasətini 15-ci əsr Ingiltərəsindəki çəpərləmələrlə müqayisə edirlər. Bu, əlbəttə, ağ yalandır, düşmən dəyirmanına su tökməkdir, müstəqil dövlətçiliyimizin əsaslarını sarsıtmaqdır. O vaxt Ingiltərədə feodallar kəndliləri torpaqlarından qovur, onları dilənçi və səfil həyata sürükləyir, özləri isə varlanırdılar. Bunu müasir Azərbaycana aid etmək yolverilməzdir. Dediyimiz kimi, bizdəki hasarlamaları ancaq Çin səddinin inşa səbəbi ilə müqayisə etmək olar.
Elə götürək yol qırağına çəkilən hündür hasarları. Bəzi ağzıgöyçəklər deyir, guya bu hasarlar arxasında üfunətli, çirkin mənzərələr, zibilliklər gizlədilib. Ayıb olsun onlara!
Əvvəla, Azərbaycanın hər qarışı abadlaşdırılır, yaşıllaşdırılır, gözəlləşdirilir, ölkəmiz başdan-başa gülüstanlığa çevrilmişdir, adama cənnətği xatırladır. Necə deyərlər, “cənnət görmək istəyən Azərbaycana gəlsin!” Indi bir anlıq təsəvvür edək ki, yol qırağındakı hasarlar yoxdur. Bilirsiniz nə baş verər? Yolboyu ürək açan, göz oxşayan mənzərələr sürücülərin diqqətini yayındırar, beləliklə, yol qəzalarının sayı artar.
Ikincisi, Azərbaycandakı inkişafı gözügötürməyən çoxlu qüvvələr var, ölkəmiz hər tərəfdən düşmənlərlə əhatələnib. Bunu nəzərə alsaq, çəkilən hasarların gözlənilən düşmən hücumu zamanı etibarlı istehkam rolu oynaya biləcəyini necə inkar etmək olar? Bəli, bu hasarları aşmaq hər qəvi düşmənin işi deyil.
Ümumiyyətlə, gərək göyün üzünə də hasarlar çəkək, düzdür, buna da dodaq büzənlər tapılacaqdır, deyəcəklər ki, bununla xalqı oksigendən məhrum edirlər, onun nəfəsini kəsirlər. Günəşsiz qoyurlar, qaranlığa məhkum edirlər. Amma istədikləri qədər desinlər. Nə vaxtsa, düşmənlərin hava hücumu zamanı görərlər bunun nə qədər faydalı, uzaqgörən strategiya olduğunu!
Hasarlanan yalnız dəniz, yolqıraqları, bulaq başları, göllər, meşələr deyil. Yaptokratlar haqlı olaraq beyinlərimizi də hasarlayıblar. Həm də bu hasarların öz adları var: Az.TV, ITV, AzərTAc, Anar, Aşıq Əhliman, “Can-cana”, Mübariz Qurbanlı, Ilham Mirzəyev və s. və i.a
Həmin hasarlar bizim beynimizi yad, yaramaz fikirlərdən – azadlıq haqda düşünməkdən, hüquqi-demokratik dövlət barədə fikirləşməkdən qorumaq üçündür. Yol vermək olmaz ki, beynimizi belə sərsəm, axmaq şeylər işğal etsin, bizi milli-mənəvi dəyərlərimizdən, şahsevənliyimizdən, dolmamızdan, aftafamızdan uzaq salsın. Odur ki, Çin səddinin bu növü də ölkəmizdə dəbdədir.
Biz beynimizə göstərdiyi bu atalıq qayğısına görə hörmətli cənab prezidentə minnətdarıq, hər an onun ətrafında birləşməyə hazırıq. Onun ətrafında birləşib yaratdığımız canlı hasar, ətdən Çin səddi isə, əlbəttə, prezidentimizi bədnəzərdən, düşmən gözlərdən qoruyur.

***

Illər əvvəl qəzetlərin birində “Çin səddi Bakıda” başlıqlı xəbər görmüşdüm. Xəbərin özünü oxuyanda məlum oldu ki, sərlövhədə yanlışlıq var, əslində söhbət Çin sirkindən gedir.
Çox keçmədi, Bakıda hasarlamalar başladı. Sonra bütün ölkəyə yayıldı. Məncə, əslində o xəbər başlığında yanlış heç nə yox idi, ölkəmizə gələn doğrudan da, yalnız Çin sirki deyildi…