Milli Şuranın mitinq günü bilindi

“Milli Şuranın növbəti mitinqinin vaxtı bəllidir. Sentyabrın 22-də mitinqin keçirilməsi planlaşdırılıb”. Bunu virtualaz.org-a Milli Şuranın mitinq komitəsinin sədri Asəf Quliyev deyib. Onun sözlərinə görə, mitinqin harada keçirilməsi dəqiqləşdirilməyib.

Asəf Quliyev mitinqlərin keçirilməsi üçün hakimiyyət tərəfindən təklif olunan yerlərin onları qane etmədiyini söylədi: “Sərbəst toplaşmaq üçün təklif olunan yerlərdən Qələbə kinoteatrının arxasındakı stadiondan başqa siyahıda olan yerlər şəhərdən çox uzaq məsafədədir. Nəqliyyat problemlərini də nəzərə alsaq mitinqin keçiriləcəyi yerlərə insanların çatması imkansızlaşır”.

A.Quliyevin sözlərinə görə, sentyabrın 22-də keçiriləcək mitinq Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçicilərlə görüşünün təşkil edilməsi məqsədi daşıyır.

A.Quliyev bildirdi ki, Milli Şura bu mitinqə əvvəlki mitinqdən fərqli hazırlaşır: “Bu mitinq avqustun 18-də keçirilən mitinqdən fərqli olacaq. Artıq şüarlar hazırdır. Texniki məsələlər həll olunub. Sadəcə olaraq mitinqin keçiriləcəyi yer müəyyənləşdirilməlidir”.

O, qeyd etdi ki, Milli Şura tərəfindən mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müaraciət edəcəklər: “Böyük ehtimalla sentyabrın 16-da İcra Hakimiyyətinə rəsmi şəkildə müraciət edəcəyik. Yəqin ki, onlar da ötən mitinqdə olduğu kimi, iki gün qalmış cavab verəcəklər. Bu da hakimiyyətin seçkiqabağı yol verdiyi qayda pozuntularından biridir. Vaxtı azaldacaqlar ki, insanların mitinqə gəlməyinin qarşısını bu yollada alsınlar”.