Dörd nəfərin prezidentliyə namizədliyi qeydə alındı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiyanın katibi Arifə Muxtarova namizədliyi irəli sürülən şəxslər – Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə və Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev barədə ayrı-ayrılıqda məlumat verib.

 MSK katibi bildirib ki, namizədliyi təsdiq olunmuş bu şəxslərin təqdim etdiyi imza vərəqələri yoxlanıb, onların namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilib. MSK-nın İşçi qrupunun rəhbəri İlham Məmmədov isə deyib ki, BAXCP sədri Qüdrət Həsənquliyev MSK-ya 92 dairədən 44 min 111 imza təqdim edib, onlardan 40  min 324-ü etibarlı hesab olunub. MMP sədri Hafiz Hacıyev isə MSK-ya qeydə alınması məqsədilə 44 min 900 imza təqdim edib, bunlardan 40 min 286-sı etibarlı sayılıb. ASDP sədri Araz Əlizadə tərəfindən təqdim olunan 44  min 550 imzadan 40 min 250-si etibarlı sayılıb. Namizədliyinin qeydə alınması üçün MDHP sədri Fərəc Quliyev isə MSK-ya 45 min 333 imza təqdim edib, bunlardan 40 172-i etibarlı sayılıb.

 Arifə Muxtarova qeyd edib ki, seçki qanunvericiliyinə görə, prezidentliyə namizədin qeydə alınması üçün onun müdafiəsi məqsədilə ən azı 40 min imza toplanmalıdır. Bu səbəbdən də adıçəkilən şəxslərin namizədliyinin qeydə alınması məqsədəuyğun hesab edilir. MSK açıq səsvermə yolu ilə adıçəkilən şəxslərin namizədliyini qeydə alıb. (APA)