Ölümün başqa adları

Qəfil, gözlənilməz ölümlər artıq bizdə, uşaqların sevimli əsər qəhrəmanı Karlsonun dili ilə desək, “adi həyat hadisəsi”nə çevrilib. Tanınmış təhsil eksperti, dostumuz Əlövsət Osmanlı bir andaca ürəyini tutub gözlərini dünyaya yumur. Qışda dənizə girib çiməcək qədər sağlam olan Sirus Təbrizli göz qırpımındaca həyata əlvida deyir. 

Elə bir gün yoxdur ki, qohum-əqrəbadan, dost-tanışdan acı xəbər eşitməyək. Ikicə kəlməlik: “Yatıb, oyanmayıb”.

Fikir vermisinizsə, əksərən də eyni şeyi deyirlər: “Maşallah, top kimi idi. Heç bir ağrı-acısı yox idi”. Əslində bu, boş söhbətdir. Lap divarları çöldən ağardıb, küçələrə bahalı çilçıraqlar asıb inkişaf, abadlıq görüntüsü kimi. Yolların qırağına hündür hasarlar çəkilib, amma o hasarların arxasında hansı kədərli mənzərələri gizlədirlərsə, indi bizim bədənimiz də onun kimi bir şeydir: kənardan baxırsan, sağlam, dimdik, ucaboy, enlikürək, qüvvətli əzələlər-zad.

Amma içimizi bir qurd gəmirib yeməkdədir. Hər addımbaşı əsəb, hər addımbaşı haqsızlıq. Hər addımbaşı problem. Xirtdəyimizəcən çıxan borc, kredit bataqlığı. Qayğı bolluğu, dərd-azar çoxluğu. Və heç olmasa, sabah nələrinsə yaxşı olacağına dair ümidlərin yoxluğu. Ölən arzular. Boz və boş bir ölkə. Darıxdırıcı, bezdirici, yorucu bir həyat.

Və sonunda bizə qəfil, gözlənilməz görünən, əslində isə illərdir içimizdə bəslənən, böyüyən, yetişən ölüm! 

Əlbəttə, ölümü hər kəs dadacaqdır. Ondan qaçmaq deyə bir şey yoxdur. Amma bir ölkədə ölüm bu qədər gəncləşir, adiləşir, mənasızlaşırsa, bunu əcəllə, Əzrayılla bağlamaq çətindir, çox çətindir. Hələ üstəlik, sizin ölkənizdə məsələn, “əsgər ölümlərinə yox” deyənləri tutub həbsə atırlarsa, deməli, biriləri istəyir ki, ölümlər olsun. “Əsgər ölümlərinə yox” deyənlərdən birinin, ağır talassemiya xəstəsinin özünü indi dəmir barmaqlıqlar ardında ağır sonluqla üz-üzə, baş-başa buraxırlarsa, deməli, biriləri bu ölkədə doğrudan-doğruya ölümləri sizin üçün planlaşdırır, hazırlayır. 

Bəlkə bu kədərli yazını iki iri məmurun quda olması haqda xəbərlə davam etdirmək heç doğru deyil. Hər halda kimliyindən asılı olmayaraq, yeni evlənənlərə xoşbəxtlikdən başqa bir şey arzulamazlar. Amma bu haqda xəbərdə də ölkə adına ağrılı, kədərli motivlər yox deyil. Əvvəla, Azərbaycanda artıq bir məmurun bütün-qohum əqrəbasını vəzifəyə gətirməsi ənənəsi heç kimi təəccübləndirmir, mağara təfəkkürlü bir rejimdən başqa nə gözləmək olar? Indi bu ənənə daha da genişlənib, məmurlarımız artıq övladlarını da bir-birləri ilə evləndirirlər. Tayfa, klan zehniyyətinin görsənişidir. Bununla sistemdaxili bağlar möhkəmləndirilir, komanda monolitləşdirilir. Ikincisi, məlum toy xəbərindən bəlli olurdu ki, “Azərenerji” prezidentinin rabitə naziri Əli Abbasovun oğlu ilə ailə quran qızı modelyerdir, onun şirkəti isə atasının idarəsi üçün uniformalar hazırlayır. Təəccüblənirikmi? Əsla. Başqa cür ola da bilməzdi. Üstəlik, belə nümunələr də kifayət qədərdir. Məsələn, Ziya Məmmədovun nazirliyi dövlət vəsaiti hesabına yeni avtovağzal inşasını sifariş edir, sifariş Ziya müəllimin oğlunun rəhbəri olduğu “ZQAN holdinq”ə verilir, işin icrasını Ziya müəllimin qardaşının təsis etdiyi firma həyata keçirir. Lap axırda isə xərclənən dövlət vəsaitini Ziya müəllimin Hesablama Palatasının sədri olan qudası audit edir. 

Budur bunların qurduğu recimin mahiyyəti! Budur bunların adını “dövlət” qoyduqları tayfa-klan sistemi! Hansı ki, onun analoquna isə heç Zimbabvedə, Konqoda-zadda rast gəlmək mümkün deyil. 

Biz indi belə sistemin qurbanlarına çevrilirik. Onun onillərdir davam edən hegemoniyasını öz canımızla, öz həyatımız bahasına ödəyirik.

Elə bir çağda, elə bir dünyada yaşayırıq ki, artıq ölüm artıq bioloji akt, təbiət qanunauyğunluğu deyil, artıq ölümün də çoxlu başqa adları var: korrupsiya kimi. Hüquqsuzluq kimi. Haqsızlıq kimi. Ədalətsizlik kimi. Işsizlik, yoxsulluq kimi. Səfalət, cəhalət kimi. Durğunluq kimi. 

Ölümün bu adlarının hamısına rast gəlinən bir ölkədə isə hər kəs üçün sadəcə, bir fövqəlhadisə, bir möcüzə var: axşam yatırsan, amma səhər də oyana bilirsən!

Fəxr etmək olar, dünyanın səkkizinci möcüzəsi artıq bizdədir.