Məhəmməd Hatəmidən Cəmil Həsənliyə dəstək

Məhəmməd Hatəmi: «Mən Cəmil Həsənliyə səs verəcəm və bu ölkənin sülalə hakimiyyətindən azad olmasını istəyirəm»

 

Milli Azadlıq Hərəkatının liderlərindən olmuş Məhəmməd Hatəmi Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənliyə dəstək ifadə edib və xalqı bu şəxsə səs verməyə çağırıb. 

Məhəmməd Hatəmi “Azadlıq”a açıqlamasında bildirdi ki, ölkənin prezidenti olmaq bir insanın adına yazılmayıb və digər layiqli insanlar da bu prosesdə iştirak etməlidir: “Mən Cəmil Həsənliyə imza toplanılanda da səs vermişəm və onu seçkilərdə dəstəkləyəcəm. Tanıdığım insanlara da telefon edib, bu şəxsə səs vermələrini xahiş etmişəm. Ancaq mənim bu addımım hakimiyyəti razı salmayıb. Xüsusi öyrədilmiş qadınları evimin qarşısına yığıb, mənə qarşı hörmətsizlik etdirirlər. Mən evimin eyvanına çıxa bilmirəm. Məni ev dustağı ediblər. Mənim bu milllətə, bu dövlətə heç bir pisliyim dəyməyib. Axı bir sülalə nə qədər hakimiyyətdə ola bilər? Bunlar 20 illik hakimiyyətləri dövründə 1 qarış torpağı geri qaytara bildilərmi? Prezident olmaq ölkənin sərvətlərin talamaq üçün deyil, xalqı ağ günə çıxartmaq üçündür. Seçkilər demokratik keçirilməlidir və layiq olan şəxs qələbə qazanmalıdır. Ölkədə alimə, ziyalıya hörmət yoxdur. 35 il akademiyada işləmişəm, ancaq pensiya ala bilmirəm. Düşünürəm ki, ölkədə xalqın hakimiyyəti qurulmalıdır və xalqın layiqli təmsilçisi ölkəni idarə etməlidir. Mən sona qədər Cəmil Həsənlini dəstəkləyəcəm”.

Ilham Hüseyn