Varlı hakimiyyət, yoxsul müxalifət faktoru

Dostlardan biri mənə “Azərbaycan”la “Yeni Azərbaycan” qəzetini gətirdi. “Baxarsan”, – dedi. Baxdım, bir daha iyrəndim. Çoxdan dövlət siyasətinə çevrilmiş iyrənclikdən iyrəndim. Əliyevçi rejimə bağlı bütün mass-media ölkənin dünəninə, bugününə, gələcəyinə düşmənçiliklə dolu, dopdolu ideologiya daşıyıcısıdır. Bu, 1993-dən (dərinə getsək, 1969-dan) götürülən kurs, tutulan yoldur.

Rejimin, rejim əlaltılarının Rüstəm Ibrahimbəyova yönəlik uzun sürəli, çoxsaylı gözdənsalma kampaniyasından sonra doktor-professor Cəmil Həsənli ilə bağlı çox dərinə gedə bilməyəcəklərini yazmışdım. Indi göründüyü kimi, yanılmışam. Rüşvətin-korrupsiyanın-oğurluğun-soyğunçuluğun-monopoliyanın DÖVLƏT SIYASƏTINƏ çevrildiyi yerdə abır-həya, əxlaq, doğru-düzgünlük kimi anlayışlar əliyevçi rejimdəki donluq artımı kimi necə dəyərsiz-gərəksiz olarmış (öncəki sonugörünməz qiymət artımları üzündən). 

Dünənədək R.Ibrahimbəyovu necə utanmazcasına, necə əxlaqsızcasına gözdən salmağa girişmişdilərsə, eləcə də Cəmil Həsənliyə girişiblər. Bəllidir: “Ağa deyir: sür dərəyə – sür dərəyə!” Açıq-aydın göründüyü kimi, əliyevçi rejim jurnalistikasında ağa – nökər faktoru başlıca, aparıcı faktordur. Bu isə korrupsioner hakimiyətə, korrupsioner hakimiyətin doğurduğu dövlət yönətiminə bağlı görsənişdir.

Rejimə bağlı olanların müxalifətlə bağlı baxışı birdir: müxalifətin pulu yoxdur. Buna görə “Yeni Azərbaycan” başda olmaqla bütün rejim əlaltıları pulsuzluqla bağlı müxalifəti qınayır, ələ salırlar. “Yeni Azərbaycan” R.Ibrahimbəyovun 1 manatlıq pul yığımı ilə bağlı çağırışını “dilənçilik” adlandırır, müxalifəti metro girəcəklərində pul dilənməyə çağırır. Gerçək müxalifətçi, doğru-düzgün kimsə olaraq mən bu çağırışa könüllü gedərəm! Burada Azərbaycana DÜŞMƏN  “Yeni Azərbaycan”çıların düşündüyü əskiklik yoxdur, tərsinə, Ölkəmizi, Millətimizi, Dövlətimizi əliyevçi IŞĞAL rejimindən qurtarmaq istəyinə bağlı UCALIQ var!

“Azərbaycan” qəzetində “milli məclisin deputatı, professor” Musa Qasımlının müxalifətlə bağlı seçkiöncəsi yazısı çıxıb. “Professor” antimüxalifət kampaniyasına qoşulmadığını, bu kampaniyadan qıraqda qalmaqla hansısa ucalıqda dayandığını göstərmək üçün yazısını bu sözlərlə başlayır: “Bu yazı qarşıdan gələn prezident seçkilərində hansısa namizədin əleyhinə və ya lehinə təbliğat aparmaq deyil, sadəcə ölkədəki seçkiöncəsi siyasi prosesləri təhlil etmək məqsədi güdür”. Olduqca gözəl başlanğıcdır. Ölkədəki siyasi proseslərlə bağlı analitik yazılar yazan kimsə olaraq mən istər bu, istər başqa professorun siyasi proseslərlə bağlı yazısını, yazılarını çox böyük istəklə oxuyardım – bilmədiklərimi bilmək üçün. “Professor” M.Qasımlının sözügedən “Iflas labüddür” adlı yazısı, başdan-ayağa yaltaqcasına yalanlarla dolu bir yazıdır. Elə buna görə də “pofessor” sözünü hər yerdə dırnaqda yazmaq gərəyi yaranır. 

M.Qasımlı ilə C.Həsənli uzun illərin iş yoldaşları, BDU-nun tarix fakültəsində professor adı almış kimsələrdir. Tarixin ironiyasına baxın: M.Qasımlı yazı boyu “indiki prezident” Ilham Əliyevi tarixçi kimi də, siyasətçi kimi də, dövlət adamı kimi də yüksəldir, Cəmil Həsənlini aşağılayır. Nonsens? Yox, “professorun” professional yaltaqlığı! “Professor” oxucunu yalanlarına inandırmaq üçün yazı boyu “təcrübə göstərir ki” deyə, “yalançının kor şahidi” sayağı bir görsənişdən yaralanmağa çalışır. Onun absazlarının çoxu bu sözlərlə başlayır, ardınca müxalifətin çoxillik uğursuzluğu, korrupsiyanı dövlət siyasətinə çevirmiş rejim başçısının uğurları gəlir. Bu uğurlarsa – “təcrübə  göstərir” – Ölkəni, Milləti, Dövləti yenmək uğurlarıdır. “Professor” I.Əliyevin “təcrübəyə” bağlı üstünlüklərini belə göstərir: “həyat şəraitinin yaxşılaşması, yolların tikilməsi, su kanallarının çəkilməsi, yeni iş yerlərinin açılması, abadlıq işləri və s.” “Professorun” professional düşüncəsinə görə, Bakıda, Moskvada yağ-bal içində böyümüş Ilham Əliyev su kanalı çəkdirə bilər, Biləsuvarda doğulub-böyümüş Cəmil Həsənli bunu bacarmaz. “Professor” “təcrübədən” göründüyü kimi, yalançı sadalamada bulunur. Onlardan birinin üzərində dayanmaq yetər: “həyat şəraitinin yaxşılaşdırılması”. Azərbaycan bu nominasiyada MDB ölkələri arasında doğal resurslar baxımından ən yoxsul ölkə sayılan Moldovadan da geri qalırsa, hansı “yaxşılaşmadan” danışmaq olar? Doğal resurslar baxımından MDB-də ən varlı ölkə olan Azərbaycan yaşam göstəricilərinə görə Moldovadan da geri qalır. Budur “təcrübə”, budur ata-oğul Əliyevlərin “uğurlu neft-qaz strategiyası”!

Azərbaycandan hər gün 4 minədək adam canını götürüb Iran xəstəxanalarına axışır. Prezident bizim seçdiyimiz Cəmil Həsənli olsa belə, bu, prezidentin cinayəti sayılmalıdır. Bir elə bu fakta görə ona cinayət işi açılmalıdır. Hələ mən Azərbaycanın təhsil sistemini başdan-ayağa bürümüş rüşvət faktını demirəm. Korrupsiyanın at oynatdığı, DÖVLƏT SIYASƏTINƏ çevrildiyi yerdə hansısa ABADLIQ işlərindən danışmağa gəlincə, burası iç dünyası BƏRBAD olanların gözgörəti yalan “təcrübəsi”dir. Özü öz yalanlarından coşub-kükrəyən “professor” Böyük Azərbaycan yolçusu M.Ə.Rəsulzadəni də xalqın-müxalifətin yanında deyil, Rəzulzadə ideyalarına düşmən I.Əliyevin yanında görür – başlıca olaraq “Dövlət canlı orqanizmdir, daim genişlənməlidir” kimi geosiyasi nəzəriyyəni ilk dəfə həyata keçirərək ölkəni yeni dünya bazarına çıxaran, dünya işlərini mükəmməl bilən prezident” olduğuna görə. 

“Dövlət canlı orqanizmdir, daim genişlənməlidir” tezisi anatomik-bioloji baxımdan yanaşsaq, patologiyadır. Canlı orqanizmin genişlənməsi, özü də “daimi” genişlənməsi… bundan qorxulu nə ola bilər?! Ideya-siyasi, eləcə də  geosiyasi baxımdan indiki əliyevçi “təcrübə” ilə tutuşdurduqda bu tezis bütünlüklə göydən asılı durumda qalır. Yalnız hakimiyətini qoruyub saxlamaq güdüyü ilə neft-qaz başda olmaqla bir çox resurslara söykənməklə ölkəni alver obyektinə çevirmək “geosiyasi nəzəriyyənin ilkin” gerçəkləşdirilməsi deyil, min illərdən qalma alver-bazar prinsiplərinin Milli Itkilər bahasına (“sizə 2 trilyon qaz verəcəm” kimi ikili bağlaşmalar) gerçəkləşdirilməsidir. 20 faiz torpaqlarını itirən, onu qaytarmağı hansısa gələcəyin boynuna yükləyən bir dövlətin bazar böyüməkliyinə “geosiyasi” uğur donu geyindirmək özümlü “professor” dönüklüyüdür.

Dövlət sınırları ilə genişlənir. Ancaq bundan qabaq dövlət gerçəkdən canlı, diri, varlı adamları ilə böyüyüb genişlənir. Korrupsiya-monopoliya, hərbi-polis rejimi üzündən Xalqın bütünlüklə hüquqsuz duruma gətirildiyi ölkədə güclü, genişlənən dövlətdən danışmağa dəyərmi? Prezidentin bircə Dubayda 75 milyonluq mülkü, bircə offşor zonada 48 milyard dollarlıq oğurluğu üzə çıxırsa, belədə dövlət yalnız ölən, öləziyən orqanizmə çevrilə bilər.     

“Professorun” yazısında vur-tut bir abzaslıq yarımbaşlıq da var: “Maliyyə imkanları”. Burada müxalifətin yoxsul maliyə “imkanından” danışılır. Abzas oluğu kimi: “Təcrübə göstərir ki, seçki kampaniyasını aparmaq üçün müəyyən maliyyə vəsaiti lazımdır. Bu gün ”Milli Şura” adlanan şeyin (“professorun” tərbiyəsinə baxın: pis-yaxşı bir çox partiyanın birliyini “şey” adlandırır!) maliyyə imkanlarının olmadığı göz qabağındadır”. Bilərəkdən bu abzasın üzərində ayrıca dayanır, bunu gərəkli sayıram. 

Yuxarıda deyildiyi kimi, bütün əliyevçi rejim əlaltıları yoxsulluğu, pulsuzluğu müxalifətin baş qaxıncına çeviriblər; bununla da onlar “professor” başda olmaqla rejimə “ayı qulluğu” göstərirlər. Burası bütün dünyaya bəllidir: əliyevçi rejim korrupsiya-monopoliya rejimidir. Bəlli piramidanın başında birbaşa prezident Ilham Əliyev durur. Ölkənin bütün yeraltı-yerüstü başlıca gəlir qaynaqları Ilham Əliyevin, Əliyevlər ailəsinin əlindədir. Neft-qaz, qızıl-gümüş yataqları, başlıca zavod-fabriklər, ayrıca olaraq 17 zavodu birləşdirməklə yaradılan, əlaltı parlamenti işə qatmaqla vergidən yayındırılan Sumqayıt Texnologiya Parkı, ölkənin bütün infrastrukturu… hamısı, hamısı, hamısı bir ailənin, qalan “xırda-xuruş” da onlara yaxın olanların əlindədir. Bütün bunlar azmış kimi müxalifət hərbi-polis rejiminin sərt kontrolu altındadır. Üstəlik, 20 illik əliyevçi rejim dönəmində bilərəkdən, planlı olaraq ölkədə ORTA QAT adamlarının ortaya çıxmasına yol verilməyib. Belə bir ALLAHSIZ sosial-siyasi durumda müxalifətin necə pulu ola bilər? 

Xalqdan pul yığmaq çağırışına gəlincə, dünyanın ən demokratik ölkəsi sayılan ABŞ-da prezidentliyə adayların seçki fondu yaradılır, istəyənlər o fonda pul keçirirlər. Əliyevçi rejim dönəmində Azərbaycanda OĞURLUQ DÖVLƏT SIYASƏTINƏ çevrildiyindən, rejim əlaltıları müxalifətin adayına pul yardımı ilə bağlı çağırışları baş qaxıncına çevirir, bunu “dilənçilik” kimi dəyərləndirirlər. Dəyərsizlərin dəyərləndirməsinin özü bir dəyərsizlik deyilmi?! Bilmək gərək: hər kimsənin dəyəri dəyərləndirməsindədir! Nəyə dəyər verirsənsə, dəyərini ortaya qoyursan! Dəyərləndirdiyin sənin özünsən – bax, özünü tanı!!!