“Azərenerji”dən oğurlanan sənədlərdə erməni imzaları

“Anonimous” beynəlxalq hakerlər qrupunun “Azərenerji” Qapalı Səhmdar Cəmiyyətinin kompüterlərindən ələ keçirdiyi onlarla sənədin arasında altında erməni imzaları olan yarımçıq sənədin fotosurəti də yer alır.

Virtualaz.org saytının araşdırması zamanı üzə çıxıb ki, kifayət qədər müəmmalı və ilginc görünən bu sənəd “Qrant Tronton” adlı beynəlxalq audit şirkətinin Ermənistandakı törəmə şirkətinin rəhbərləri tərəfindən imzalanıb. Sənədin əvvəlki səhifəsi olmadığından onun kimə və ya hansı təşkilata ünvanlandığını müəyyən etmək mümkün deyil.

Lakin möhürlənmiş və imzalanmış sonuncu səhifədə yazılanlardan məlum olur ki, söhbət şirkətin potensial müştəriyə təklif etdiyi audit və maliyyə xidmətlərindən gedir. Sənədin altında Qaqik Gülbudaqyan və Lilit Arabacyanın imzaları yer alıb. Möhür “Qrant Tronton”un Ermənistan şirkətinə aiddir.

“Qrant Tronton” Azərbaycanda da fəaliyyət göstərir, dövlət strukturlarına və banklara audit-maliyyə xidmətləri göstərir.

Şirkət dünyanın 120 ölkəsində 600-dan çox ofisə malikdir və 35 mindən çox əməkdaşı var. Qaqik Gülbudaqyan isə şirkətin Ermənistan ofisinin rəhbəridir. Lilit Arabacyan şirkətin səhmdarı və rəhbərliyinə daxil olan şəxsdir. Lakin indiki halda onların imzaladığı sənədin bir hissəsinin “Azərenerji”nin komptüterlərindən neçə çıxması müəmmalı olaraq qalır. “Azərenerji” hakerlərin qalmaqallı hücumu ilə yanaşı bu detala da aydınlıq gətirməlidir.