Azərbaycanda niyə mer seçkiləri keçirilmir?

Ilham Hüseynli: «Hakimiyyət bununla özünə əlavə problem, başağrısı yaratmaq istəmir»

Bəllidir ki, Avropa Şurasının yeganə üzvü olaraq yalnız Azərbaycanda mer seçkiləri keçirilmir. Bəziləri bunu hakimiyyətdəki hər qruplaşmanın öz mer namizədinin olmasıyla əlaqələndirir. Məsələnin prezident seçkilərindən sonra yada düşəcəyini deyənlər də var. 

Digər tərəfdən, mer vəzifəsinə  prezidentliyə tramplin kimi baxanlar da kifayət qədərdir. Belə ki, Iranda Əhmədinejatın, həmçinin Gürcüstanda Mixail Saakaşvilinin timsalında merin prezidentliyə real namizəd olması bu məsələyə münasibətdə xüsusilə diqqətli olmağı tələb edir. Bu baxımdan hakimiyyət Azərbaycanda mer seçkilərinin keçirilməsindən ehtiyat edərək onu prezidentliyə rəqib kimi görür. Məsələnin bu qədər siyasiləşməsinin səbəbi nədir?

Ekspert Ilham Hüseynli qeyd edir ki, Bakıda mer seçkilərinin zəruriliyindən zamanında danışılsa da real iş görülməyib. Müsahibimizə görə, dünyanın təkcə demokratik deyil, bizə uzaq avtoritar ölkələrində də, yaxın qonşumuz Rusiyanın özündə belə seçkilər keçirilir: “Bu məsələdə təkcə mer deyil, onun kollegial sistemi, qurumun idarəedilməsi də formalaşmalıdır. Azərbaycanda gec də olsa, mer seçkiləri keçirilməlidir. Bu bir reallıqdır ki, xalqın etimad göstərdiyi insanların seçkilər vasitəsilə vəzifəyə gətirilməsi praktikası Azərbaycanda aşağı səviyyədədir. Əslində, bələdiyyə seçkiləri keçiriləndə bu məsələ reallaşmalıydı. Bu sahədə təxirəsalınmaz addımlar atılmalıdır. Amma hakimiyyət yetkililəri özləri üçün əlavə problem, başağrısı yaratmaq istəmir”. I.Hüseynli avtoritar rejimlərin mer seçkilərinə getməsiylə özünü demokratik, müstəqil adlandıran Azərbaycanın belə seçkiləri qəbul etməməsini qarşılaşdırır. Ekspert bunu əlavə problem yaratmaq istəməyən idarəetmənin köhnə qaydayla işləməsinə üstünlük verməsi kimi qiymətləndirir: “Hakimiyyət ciddi təpki olmadığı şəraitdə istədiyi şəxsi vəzifəyə gətirməyi daha asan bilir. Onlar üçün kimisə vəzifədən çıxarıb başqasını qoymaq daha rahatdır. Bu məsələyə ictimaiyyətin ciddi təpkisi olarsa, Azərbaycanda da mer seçkiləri reallaşa bilər. Mer əslində, xalqın seçdiyi şəxs olmalıdır. Yəni xalqın arzusu özünün seçdiyi şəxsin mer olmasıdır. Belə olarsa, xalqa xidmət etmək uğrunda yarış başlayar, ciddi yarışma gedər və bundan da əhali qazanar”.

Nigar