İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm sentyabrın 10-da jurnalistlərə Azərbaycan Respublikası ilə əlaqələrdən və Nizami Gəncəvinin Gəncədəki məqbərəsində gedən təmirdən danışıb.
“Media forum” saytının məlumatına görə, Mərziyə Əfxəm deyib: “Biz Azərbaycanla ortaq mədəniyyətə, tarix və məzhəbə malik müsəlman qonşularıq. Həmişə çalışmışıq ki, münasibətlərimiz güclənsin, ticarət əlaqələrimiz genişlənsin. Azərbaycandan da gözləyirik ki, qarşılıqlı ticarət dövriyyəsinin artmasına və münasibətlərimizin genişlənməsinə meyl göstərsin. Çünki azərbaycanlılar üçün İranla əməkdaşlıq etmək, onların bölgədəki xarici ölkələrə üz tutması daha sərfəlidir”.
Mərziyə Əfxəm “Azərbaycan hökumətinin Nizami Gəncəvinin Gəncə şəhərindəki məqbərəsindən fars dilində olan yazılı daşları götürməsi haqda nə deyirsiniz” sualına belə cavab verib: “Azərbaycanlıların mədəniyyət adı ilə həyata keçirməyə çalışdıqları bu əməl mədəniyyətə zidd bir addımdır. Əgər Nizaminin fars dilindəki şeirlərinin türk dilinə (Azərbaycan dili – red.) tərcüməsi məsələsi bir fenomenin kimliyi və kökünün qorunması ilə bərabər aparılsa, bu dəyərlidir. Lakin əgər bu tərcümə təxribat və onun kimliyinin məhvi ilə nəticələnsə, bu, mədəniyyətə zidd addım sayılar. Elə buna görə də ümid edirik ki, Azərbaycan mədəniyyətin, o sıradan da mədəniyyət əsərləri və abidələrin kimliyinin qorunmasının vacibliyinə diqqət yetirəcək”