Aslan İsmayılovun vəkillik statusu ləğv olundu

“Məhkəmədə hər 3 iddianın əsassız olduğunu sübut etdim və zalda olan hər kəs bunu gördü”

Bu gün Nərimanov rayon məhkəməsində  Vəkillər Kollegiyasının iddiasına baxılıb. Məhkəmə hakimi Turqay Hüseynov Vəkillər Kollegiyasının iddiasın təmin edərək tanınmış vəkil Aslan İsmayılovun vəkillik statusunu ləğv edib. 

Aslan İsmayılov “Azadlıq”a açıqlamasında bildirdi ki, hakim siyasi sifariş yerinə yetirib və ona qarşı irəli sürülən iddialar ifşa olunub : “ İddiada 3 məsələ qoyulub. Guya mən ordersiz işə çıxmışam, qanunsuz hakimin otağına girərək onun təhqir etmişəm və “Viza” hüquq firmsı və “Aslan İsmayılov və partnyorları” hüquq firması bir ünvanda yerləşir. Ancaq mən məhkəmədə bu iddiaları hamısının yalan olduğunu sübut etdim və məhkəmə zalındakı insanlar da bunun şahidi oldu. Mən orderi məhkəməyə təqdim etdim və birinci iddianın yalan olduğunu bildirdim. Hakimin otağına qanunsuz girməyimə gəlincə, hakimdən xahiş etdim ki, Səbail rayon məhkəmsinin hər yerində görüntü kameraları var və bu kameralar araşdırılıb, həqiqət üzə çıxsın. Ancaq, hakim bu tələbi qəbul etmədi. 3-cü iddiaya gəlincə mən bu iddianın da əsassız olduğunu sübut etdim. Hər 2 firmanın ünvanlarını təqdim etdim və onların fərqli ünvanlarda yerləşdiyini sübut etdim. Mən ətraflı məhkəmə çıxışımı mətbuata təqdim edəcəm. Mənim vətəndaş mövqeyim, siyasi məhbusları təmənnasız müdafiə etməyim hakimiyyəti narahat edir və bu qərar da sifariş əsasında qəbul edilib”