YAP rəhbərliyinin yaddaşı zəifləyib

Mübariz Qurbanlıya bir neçə xatırlatma…

YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı APA-ya açıqlamasında müxalifətin iradlarının haqsız olduğunu bildirib. O qeyd edib ki, prezident nə edirsə xalqın rifahı üçün edir və bu, seçki təbliğatı deyil:

“Radikal müxalifət dairələri prezident Ilham Əliyevin seçkiyə qədər dövlət başçısı kimi fəaliyyətini dayandırmasını və faktiki olaraq işləməməsini təklif edirlər. Məsələn, maaşının artımını arzulayan vətəndaş bunu niyə gözləməlidir? Yollarda nəqliyyat, ölüm hadisələrinin qarşısını almaq üçün yeraltı keçid, körpü istifadəyə hazırdırsa, prezident niyə açılış etməməlidir? Telekanallar prezidentin bölgə səfərindən xəbər verirsə, bunun nəyi qanunsuzdur? Rayonlara səfər üçün vaxt azlığından şikayət edən müxalifət, indiyə qədər niyə rayonlara getmirdi?”- deyə Mübariz Qurbanlı bildirib.

Adam bu fikirləri oxuyanda bilmir ki, Mübariz Qurbanlı yaddaşını itirib, yoxsa bilə-bilə yalan danışır.

Əvvəla prezidentin maaşları artırmasından başlayaq. Mübariz Qurbanlı bilmir ki, maaşlar ilin əvvəlində artırılmalıydı? Əgər prezident maaşları əhalinin rifahına görə artıtrırdısa, niyə bu seçki ilində, seçkiyə 1 ay qalmış həyata keçirilir? Bu seçiciləri aldatmaq, növbəti seçkidə xalqın səsin almaq üçün atılmış addım deyilmi? 

Digər tərəfdən, bu maaş artımı xalqın rifahında hansı dəyişikliyi edə bilər? 200 manat maaş alan vətəndaşın, artımdan sonra 220 manat almasını, “xalqın rifahı” adlandırmaq yalnız bu hakimiyyətin düşüncə tərzinə uyğun gələ bilər. Yaxud məcburi köçkünlərin çörək pulunun 1 manat 65 qəpik artırılması, 4 çörək almaqdan başqa hansı ehtiyacı ödəməyə qadirdir? Əhalisinin böyük əksəriyyəti 200-300 manat əmək haqqı alan ölkədə, 10 faizlik maaş artımını qayğı hesab etmək, xalqı təhqir etməkdir. Hətta bu 10 faizlik artım da, seçki üçün nəzərdə tutulur. Yəni seçki ili olmasaydı, xalq bu “qayğı”nı da görməyəcəkdi.

YAP funksioneri yeraltı keçidlərin açılışını, xalqın ölümdən xilası kimi təqdim edir. Əvvəla, bu keçidlərin açılışını niyə ölkə başçısı etməlidir? Niyə bu adam bütün sahələrdəki açılışları öz adı ilə bağlamalıdır? Başqa ölkələrdə bələdiyyə sədrinin icra etdiyi işləri, bizim ölkədə prezident yerinə yetirir. Digər tərəfdən, bu yeraltı keçidlər hansı ölümün qarşısını alıb, avtomobil qəzaları, piyadaların vurulması ilə bağlı azalmanı göstərən statistika hardadır? Bu ölkədə hər gün onlarla avtomobil ağır qəza törədir, onlarla piyada qəzalarının qurbanına çevrilir. Indiyə qədər tikilən yollar, salınan körpülər ölkədəki tıxaclara çarə olmayıb, əksinə, Bakının bütün hissəsi tıxaclar üzündən maşın qəbiristanlığına oxşayır. Və nədənsə, xalqın təhlükəsizliyi yenə də seçkiyə az müddət qalmış “prioritet” olur.

Müxalifətin rayon səfərlərinə gəlincə, Mübariz Qurbanlının yaddaşına “təsir” etmək istəyirəm.

Bu ölkədə qəzet oxuyan, internet istifadəçisi olan, ümumiyyətlə, ictimai-siyasi fəal adamlar müxalifətin Bakıda və rayonlarda keçirdiyi tədbirlərə hakimiyyətin qanunsuz müdaxiləsindən xəbərdardılar. Hakimiyyətdən fərqli olaraq müxalifət rayon tədbirlərini seçkiyə 1 ay qalmış təşkil etmir. Mübariz Qurbanlının ittihamlarına faktlarla cavab verək.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının bu ilin əvvəlindən başalayaraq rayonlarda keçirmək istədiyi onlarla tədbirə əngəl törədilib və zor gücünə bu tədbirlər dağıdılıb. Daha detallı desək, AXCP rəhbərliyinin aprelin 2-də Sabirabadda, mayın 5-də Şəkidə, mayın 6-da Aqstafada, mayın 19-da Ağdaşda, iyunun 8-də Lənkəranda, iyunun 4-də Yardımlıda, iyulun 29-da Ismayıllıda, mayın 25-də Lerikdə və digər rayonlarda yerli cəbhəçilərlə görüşünə hakimiyyət imkan verməyib. Ötən gün isə, AXCP Gənclər Komitəsinə Oğuz, Qəbələ, Yevlax şəhərlərində konfrans keçirməyə imkan verilməyib. Müsavat başqanı Isa Qəmbərin Lənkəran səfərini də xatırlamaq olar. Və bütün bu sadaladığım qanunsuzluqlara yerli polis əməkdaşları “yuxarıdan göstəriş veriblər” arqument ilə haqq qazandırırlar. Mübariz Qurbanlının da gördüyü kimi görüşlərə cəhd olunur, hakimiyyət isə görüş keçirilməməsinə cəhd edir.

Sonda demək istəyirik ki, insan iqtidarda olsa da, həqiqəti “qətlə” yetirməməlidir. Çünki bu həqiqətə bir gün özünün də ehtiyacı olacaq.