«Böyük qüvvəyə, böyük nəfəsə malik rəssam…»
Görkəmli fırça ustası Cavad Mircavadov Azərbaycan rəssamlığında müasir istiqamətin banisi kimi tanınır. Rəssamın 1989-cu ildə Moskvada Şərq Xalqları Muzeyində təşkil olunmuş fərdi sərgisinin annotasiyasında Cavad Mircavadov müasir Azərbaycan rəngkarlığının banisi adlandırılıb.
Məhz 20-ci əsrin son 25 ilində fəaliyyət göstərən rəssamların , daha dəqiq desək “70-ci illər”in əsas nümayəndələri Cavadın həmfikirləri, şagirdləri, həmkarları olmuşlar.
Cavad Mircavadov yazırdı: “Mən Azərbaycanda doğulmuşam, lakin yaradıcılığımla Qolfstrimlə Sakit okeandan, Eskimoslar torpağı ilə Afrika kontinentindən gələn küləklərin qovuşduğu yerə ucalmışam”.
Azərbaycan rəssamlarının “yetmişinci” illər nəsli “Cavad təsiri” altında formalaşıblar. Özünü bütövlükdə peşəsinə həsr edən Cavadın 1987-ci ildə sənəti tanındı. Bakının, Moskvanın, bir sıra Avropa paytaxtlarının, həmçinin Yaponiya şəhərlərinin ən nüfuzlu sərgi salonlarında təşkil olunan bir çox sərgilər artıq xəstə Cavad üçün heç olmasa nisbətən mənəvi kompensasiya oldu.
Görkəmli sovet sənətşünası, rus və Avropa incəsənəti tarixi ilə bağlı çoxlu əsərin müəllifi M.V.Alpatov Cavad haqqında yazıb: “Mircavadov – böyük qüvvəyə, böyük nəfəsə malik rəssamdır. Onun rəngkarlıqla əzbərlənmiş üsulu yoxdur.”
Onun əsərləri dünyanın bir çox muzeylərində və şəxsi kolleksiyalarında saxlanılır.
Mir Cavad 19 yanvar 1923-cü ildə Bakıda doğulub. Uzun illər ağır xəstəliklə mübarizə aparıb, 1992-ci ildə “Kopenhagen -Moskva” qatarında vəfat edib. Məzarı Yasamal qəbiristanlığındadır.
Öz sənətinə vurğun olan Cavad incəsənəti ideoloji təbliğat vasitəsi kimi tamamilə inkar edirdi. Cavad Mircavadov Konçalovski ailəsinin yaxın dostu idi və dəfələrlə Pyotr Petroviçin Abramsevodakı evində olmuş, incəsənət haqqında uzun müddət söhbət etmişdi.
Cavad Mircavadov Leninqrada Dövlət Ermitajında adi fəhlə işləmişdir. O bunu orada onu maraqlandıran kolleksiyalara baxmağa nail olmaq üçün etmişdi. Rəssamın xatirələrinə görə, onu muzeyin işçiləri “dəli” adlandırırdılar və öz niyyətindən daşınmayacağını görüb, ona Sovet Ittifaqının ən böyük muzeyinin əsas guşələrinə maneəsiz daxil olmağa icazə verirlər. Beləliklə, rəssam El Qrekonun, Rembrandtın əsərlərindən çox şey öyrənir, surətlərini çıxarır, orijinalını ətraflı tədqiq edir. Sezan və Van Qoqun qadağan edilmiş əsərləri Cavad üçün əsl məktəb olur.
Insanlardan uzaq dünyada…
Cavad Mircavadov 1954-cü ildə Leninqraddan Bakıya qayıdaraq Buzovnadakı tanışının sahibsiz qalmış mənzilində tək-tənha yaşamış, yaradıcılıq eksperimentləri ilə məşğul olmuşdur. Bu həyat tərzi 10 il çəkmişdir. Rəssam öz təcrübələrində təsviri sənət üçün qətiyyən ənənəvi olmayan materiallardan- metal, daş, qum, bitum, qatran, sementdən istifadə edirdi. Rəssam yalnız çox az adamı hərdənbir özünün tənha aləminə buraxırdı. Bağ evi sahibinin tələbinə görə rəssam bütün bu “antisovetçiliyə” son verməli idi. Rəssam Buzovnanın gözdən uzaq bir yerində özünün “nəhənglərini” quma basdırır, kartda onların yerini qeyd edib öz aləmində bir vaxt onları həyata qaytaracağı haqqında düşünür. Lakin kart itir, həmin yeri tapmaq mümkün olmur və o, 1966-cı ildə şəhərə, adamların arasına qayıdır.
Cavad Mircavadovun ən erkən rəngkarlıq əsəri 1967-ci il tarixi ilə qeyd olunur. Bu əsərin adı “Yırtıcı”dır. Bizim qarşımızda ayaqları sarılı, arxası üstə atılmış qoyun, yaxında isə – hansısa canlı, dişini ağartmış, torbasayağı gövdəsi olan qeyri-adam təsvir olunub. Burada rəssamın təsvir etdiyi cəmiyyətə, onu əhatə edən mühitə alleqorik yanaşması aydın görünür.
Cavad Mircavadov yaşadığı mühitə münasibətini belə ifadə etmişdir: “Sovet sistemi mənim sənətimin cəlladı olub.
Cavad Mircavadovun yaratdığı div obrazı insanda ola biləcək bütün alçaq və rəzil cəhətləri özündə birləşdirən personajdır. “Divin hiylələri” (1980), “Arena” (1981), “Ehtiras” (1983) kimi əsərlərdə bu, qabarıq verilir.
Cavad Mircavadov: “Mən şəkillərimdə bizim insan qəlbimizin gözəlliyini, həmçinin onun alçaqlığını, ağciyərliyini və insani günahlarını əks etdirirəm. Məhrumiyyətə baxmayaraq, həyatın mənasına özümü ifadə vasitəsilə nail olmağa çalışıram – bu mənim başlıca məsləkimdir”.
C.Mircavadovun “Toy” (1973), “Naxır bulağına” (1982), “Şaman-qadın” (1983), “Sakitlikdə və sərinlikdə” (1984), “Çılpaq qadın” (1984), “Iris ilə qız” (1986), “Uzanan qadın” (1987) əsərləri buna misal ola bilər.
Cavad Mircavadovun əsərləri içərisində elələri vardır ki, rəssam bunların üzərində bir neçə il işləmişdir. “Müxtəlifliyin vahidlik panoramı” (1985-87) adlı əsərində rəssam şərti olaraq, müxtəlif tayfa və xalqlara məxsus olan simaların nümunəsində bütün bəşəriyyətin ümumi problem və qüsurlarla yükləndiyini nümayiş etdirməyə çalışmışdır. “Əsrin himni” və “Şərq miniatürü mövzusunda improvizasiya” da bu qəbildən olan əsərlər silsiləsinə daxildir.
“Şərq miniatürü mövzusunda improvizasiya” silsiləsindən olan – “Atlılar” (1984), “Lüt-üryan” (1984), “Günəşli atlı” (1984), “Sarayda” (1985), həmçinin “Gəzinti” (1981), “Uşaq arabası” (1985) əsərləri də bu üslubda yaradılmışdır.
“Ümid işığı”nda əbədiyyətə…
Cavad Mircavadovun yaratdığı əsərlərin sayı çoxdur. Rəssamın yaradıcılığında iki əsər xüsusi yer tutur. Bunlar “Məxfi gecə” (1982) və “Ümid işığı” (1982) əsərləridir. “Ümid işığı” əsərinin yaranma səbəbini və tarixini rəssam özünün tərcümeyi-hal essesində nəql edib. Buzovnadakı həyatı dövründə o, isti gündə gəzintiyə çıxan rəssamın yolunun üstünə heç kəsin yaşamadığı koma çıxır. Yorulmuş rəssam qum üzərində uzanır: “Qumdan sərinlik gəlirdi və görünür, torpağın ”tok”u mənə sağlamlıq energiyası göndərirdi. Mən səadət, dinclik hiss etdim və yuxuladım. Yuxuda mən əqli xəstəliyə düçar olmuş adamı gördüm, o, xoşbəxt görünürdü. Qarşısında qum üzərində qadın uzanmışdı. Kişi əlini haldan düşmüş, tağın aşırımında dayanan it tərəfə çəkdi. O kimisə görmək xoşbəxtliyində idi. Ondan bir qədər aralı Ruh-Işıq dururdu. O onu görmürdü. Lakin mövcudluğu ona ümid işığı verirdi. Sonralar mən o görüş əsasında şəkil çəkdim. Onu “Ümid işığı” adlandırdım və Salvador Daliyə ithaf etdim”.
Rəssamın əsərlərində bir çox təkrarlanan kompozisiyalara da rast gəlmək olur. “Şubanda” (1984), “Naxır” (1986) əsərləri, “Dəvə belində”nin bir neçə kompozisiyası bu qəbildəndir.
Artıq xatırlanan “Yırtıcılar”, “Buxov”, “Qurbanlıq” şəkillərindəki bəzədilmiş qoyun motivi də həmin əsərlərlə səsləşir. “Təmas” (1984) və “Humay” – sülh quşu” (1986) əsərlərindəki kompozisiya da eyni əsaslıdır.
“Humay – sülh quşu” tablosunda kompozisiyanın simmetriyasında verilmiş rənglər toplusuna daxil olunan mifoloji quş Humayın pozitiv obrazı ilə raslaşırıq. Lakin birdən mərkəzi obrazın duruşu barədə sual meydana çıxır. Quşu yuxarı uzadılmış əllərində tutan qadının başı qeyri-təbii tərzdə arxaya atılıb, sanki burulub. Və bu, ilk baxışda, xalis formal üsul ani olaraq kompozisiyaya həm gərginlik, həm təəssüf, həm acı istehza gətirir.
C.Mircavadovun yaratdığı əsərlər arasında bir sıra mənzərələr də var. Iki kiçik Abşeron mənzərəsində Abşeron qəsəbələri üçün ilk baxışda tipik olan bir guşəni görürük…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir