«Çox işləməliyik. O qədər çox ki, bütün inzibati yollarla və saxtakarlıqla toplanılacaq səsləri kompensasiya edə bilək»
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçki kampaniyasını uğurlu təşkil etmək üçün vətəndaşlara müraciət edib. Əli Kərimli bu barədə rəsmi Facebook səhifəsində yazıb:
“Birləşmiş müxalifətin vahid namizədi Cəmil Həsənli üçün imzaların qısa zamanda, asanlıqla toplanması, cəmiyyətin bütövlükdə Cəmil müəllimə müsbət münasibəti bəzi insanları arxayınlaşdırıb. Ölkədə köklü dəyişiklik istəyən xeyli sayda insan ”müxalifət partiyalarında adam çoxdur, mənsiz də keçinərlər” düşüncəsi ilə Cəmil müəllimin seçki kampaniyasına hələ də qoşulmayıb. Arxayınlaşmış dostlara demək istəyirəm ki, bəli, haqlısınız, gerçək seçki olsa, Milli Şuranın namizədi asanlıqla Ilham Əliyevə qalib gələr. Amma təəssüf ki, bizdə demokratik seçkilərə indi heç bir zəmin yoxdur.
Siz yalnız həqiqətən də Ilham Əliyevə səs verməyə hazırlaşan insanları hesablamayın. Onun üzərinə hərbi hissələrdəki, həbsxanalardakı, xəstəxanalardakı, ucqar yerlərdəki səslərin mütləq əksəriyyətini gəlin. Onun da üzərinə büdcə təşkilatlarında çalışanların əksəriyyətini (bir qismi səsvermənin gizliliyini nəzərə alıb, hakimiyyət namizədinə səs verməməyə cəsarət edəcək) gəlin. Onun da üstünə gəlin irili-xırdalı oliqarxların yaxın ətrafını. “Karusel”lə gələcək səsləri də unutmayaq. Deməli, hökumət, namizədinin kimliyindən asılı olmayaraq, onun lehinə xeyli səs təşkil edə bilər.
Çox işləməliyik. O qədər çox ki, bütün bu inzibati yollarla və saxtakarlıqla toplanılacaq səsləri kompensasiya edə bilək. Kampaniyaya könüllü kimi qoşulmaq istəyənlər Gözəl Bayramlıÿvə Əbülfəz Qurbanlı, yaxud da Milli Şuranın istənilən fəalı ilə əlaqə saxlasınlar. Hamılıqla çalışmalıyıq. O qədər çox olmalıyıq ki, kampaniya dövründə 100 minlərlə ailənin qapısını döyə bilək, Cəmil müəllimin təşviqat materiallarını milyonlarla insana çatdıraq. 5000-dən artıq seçki məntəqəsinin hər birində bir neçə nəfərlə təmsil olunaq. Daha azad, daha ədalətli Azərbaycan arzulayan hər bir şəxs bu kampaniyaya könüllü olaraq qoşulmalıdır. Hamıya iş çatacaq”.