Həbsdə olan ilahiyyatçı bloger, AMEA-nın doktorantı Rəşad Ramazanovun anası Zemfira Əkbərova oğlunun əfv olunması üçün ölkə başçısı İlham Əliyevə müraciət edib.
Surəti “Azadlıq” qəzetinin redaksiyasında göndərilən müraciətdə Ramazanovun anası bildirir ki, 40 ildən artıqdır Vətənimizə öz şərəfli peşəsi – müəllimliklə xidmət edir, ancaq buna baxmayaraq, böyük bir haqsızlıqla qarşılaşıb.
“Gözümün ağı-qarası bircə övladımı – Ramazanov Rəşad Ağaddin oğlunu şərə-böhtana salaraq həbs etmişlər. Mən bir anayam, yalan danışmaram. Millətin övladlarına tərbiyə verən bir ana kimi mən heç zaman nankor övlad böyudə bilməzdim. Etiraf edirəm ki, oğlum müxalif fikirli olub, amma bu o demək deyil ki, o, hər hansı bir şərəfsiz işlə məşğul olub. Rəşad Ramazanov AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantıdır. O, bir neçə elmi məqlənin müəllifidir və bir ana kimi də fəxr edirəm ki, övladımın bir kitabı Prezidentin Kitabxanasında saxlanılır.
Mən düşünürəm ki, çox gənc, ziyalı olan, özünü elmə həsr etməyə çalışan bir şəxsi şərləmək, ona qara yaxmaq bütöv Azərbaycan gəncliyinə, gənc ziyalılara qarşı atılan namərd bir addımdır.
Mən Sizə üz tuturam. Siz də bir ata, bir valideyinsiniz. Ona görə də mənim bu fəryadıma ümid edirəm ki, biganə olmayacaqsınız. Mənim oğlumun iki az yaşlı uşağı var. Onlardan biri heç öz atasını görməmiş, onu duymamışdır. 5 yaşlı nəvəm isə hər gün ağlayaraq atasının yolunu gözləyir. Çox səmimi olaraq deyirəm ki, bu körpəni aldatmaqdan başqa çarəmiz olmur”, – deyə yazan Zemfira xanım sonda ölkə başçısına ümid bağladığını, oğlunun əfv edilməsini gözlədiyini bildirib.
Həbsdəki bloqçunun anası əfv üçün müraciət etdi
•