Əsəd ailəsinin Ermənistana qaçan tərcüməçisi danışdı

“Bəşər Əsəd aldadılıb”

Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Əsədin erməni əslli təırcüməçisi Miqran Bertizlyan 4 ay əvvəl ailəsini də götürüb Ermənistana qaçıb.  O, Yerevanda “Hurriyet Daily News”a bildirib ki, Suriyadan qaçmaq istəməsə də ailəsinin təhlükəsizliyi üçün buna məcbur olub: “Evdən çıxanda heç xırda bir əşyamı da götürə bilmədim. Suriyanın havası, suyu, oradakı evimiz, hətta, küçələrdəki kasıbları üçün çox darıxmışam. Burda müvəqqətiyəm, özümü Ermənistanın bir parçası kimi hiss edə bilmirəm.”

Miqran Bertizlyan qeyd edir ki, Bəşər Əsəd təhsilli insandır və o, sadəcə hansısa oyunda aldadılıb: “Əsəd demokratiya üçün çox iş görməli idi. Amma atası Hafiz Əsədə baxanda Bəşər və onun xanımı Əsma xeyli fərqlidir. Orda baş verənlərə görə çox təəssüflənirəm.”

Suriyada vətəndaş müharibəsinə görə yüzlərlə erməni ailəsi Ermənistana qaçıb. Azərbaycan tərəfi bir neçə dəfə bəyan edib ki, Ermənistan həmin qaçqın ailələrini qanunsuz olaraq işğal altında saxladığı Qarabağ torpaqlarında yerləşdirir (“Azadlıq” radiosu).