Cəbhəçi gənclər 2 rayonda tədbir keçirdi

Qəbələ və Yevlaxda gənclər komitəsinin strukturu yaradıldı

Polis tədbirlərə müdaxilə etdi

Əbülfəz Qurbanlı: “Bütün təzyiqlərə baxmayaraq fəaliyyətimizi davam etdirəcəyik və haqlı mübarizəmizdə ardıcıl olacağıq”

Məlumat verdiyimiz kimi AXCP Gənclər Komitəsi sentyabrın sonunda ümumrespublika konfransı keçirəcək. Bu məqsədlə Gənclər Komitəsi Azərbaycanın bütün coğrafiyası üzrə təşkilat komitələri yaradır. Artıq 40-dan çox rayonda AXCP Gənclər Komitəsinin yerli strukturları formalaşıb.
Ancaq, hakimyyət bütün vasitələrdən istifadə edərək gənclərin tədbirlərinə müdaxilə edir, təzyiqlər göstərir.
Ötən gün AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, komitənin koordinatoru Nihad Hüseyn və digər fəal gənclər növbəti konfransı keçirmək üçün Qəbələ, Yevlax və Oğuz rayonlarına yola düşüblər.
Ancaq, bu tədbirlərdən xəbər tutan yerli polis bölmələri səfərbər olaraq, tədbirlərin keçirilməsinə əngəl törədiblər.
Ilk öncə Oğuz rayonunun Bayan kəndində keçirilən tədbirə polis müdaxilə edib. Polis dəstəsinə başçılığı Oğuz rayon polis idarəsinin ictimai təhlükəsizlik idarəsinin rəisi İlqar Babayev edib. Onlar cəbhəçi gənclərə bildiriblər ki, tədbir keçirilməsinə imkan verilməyəcək və 20-dən çox gəncin ad və soyadın qeyd edərək götürüblər. Bundan cəbhəçi gənclər Qəbələ tədbirinə yola düşüblər. Ancaq, 90 GX 777 nömrə nişanlı NİVA markalı avtomobil gəncləri təqib edib və Qəbələ rayon polis əməkdaşları konfransa icazə verilmədiyini bildirib. Daha sonra Yevlax rayonuna yola düşən cəbhəçiləri post patrol maşınları müşayiət edib və gənclərin Yevlax tədbirinə də icazə verilməyib.
Ancaq, buna baxmayraq Qəbələ və Yevlax gəncləri komitə rəhbərliyinin iştirakı olmadan konfrans keçiriblər və təşkilat komitəsinə sədr, müavinlər seçilib.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı qəzetimizə açıqlamasında bildirdi ki, hakimiyyət bu tipli qanunsuzluqlarla seçkiləri bir daha saxtalaşdırmaq istədiyini göstərir və müxalifətin fəaliyyətini məhdudlaşdırmaqda davam edir: “ Bizim 3 rayonda tədbir keçirməyimizə icazə verilmədi. Polis əməkdaşları bizə bildirdilər ki, yuxarıdan tapşırıq var, tədbiri dağıdacağıq. Ümumilikdə 7-8 müxtəlif avtomobillərlə bizi təqib etdilər və gənclər komitəsinin rəhbərliyinin konfransda iştirakına imkan vermədilər. Ancaq, bütün bu basqılara baxmayaraq biz konfrans sənədlərini yerli təşkilatlara təqdim edə bildik və Qəbələ və Oğuzda AXCP GK-nın təşkilat komitəsi yaradıldı. Hakimiyyət həmişə olduğu kimi cılızlıq nümayiş etdirdi və təlaş içində olduğun göstərdi. Azərbaycan hakimiyyəti öz ənənəvi saxtakrlığından əl çəkmir və növbəti dəfə xalqı aldatmağa hazırlaşır. Ancaq, bütün təzyiqlərə baxmayaraq biz bütün ölkə boyu təşkilatlanmağa davam edəcəyik və bu haqlı mübarizəmizdə ardıcıl olacağıq”.

İlham