Ötən yüzilə baxdığımızda Latın Amerikasının “diktatorlar vətəni” olduğunu görürük. Diktatorlarla bağlı ən çox və ən yaxşı romanların da məhz orada yarandığına bu mənada təəccüblənməmək lazımdır.
Bəli, keçən əsrin ortalarında bu qitənin çeşidli ölkələrində bir-biri ilə çox oxşar, amma bir o qədər də fərqli tiranlar hökmranlıq edirdilər. Onlardan biri Truxilyo idi.
Çox sevdiyim yazıçı Mario Varqas Lyosanın “Keçilərin şənliyi” romanındakı diktator prototipi məhz Truxilyo idi. Truxilyonun ləqəbi də “keçi” olub.
Ümumiyyətlə, bu romanı tapıb oxumağınızı məsləhət görürəm. Orada diktatorun və diktatorluqların yaranış, yüksəliş səbəbləri, idaretmə normaları haqqında hər şey parlaqlığı ilə ifadə və izah edilib. “Diktatorları əslində elə onların öz qurbanları yaradır” – “Keçilərin şənliyi”ndə müəllifin anlatmaq istədiyi həm də budur.
Bu günlərdə hakimiyyətdə olduğu müddətdə tiranlıq etdiyi Dominikanda özünə nə az, nə çox, 7 min heykəl ucaltmış Truxilyo ilə bağlı oxuyarkən iki məqam diqqətimi çəkdi.
Bir: onun çoxsaylı əcaib mərəzlərindən biri dostlarının, hökumətindəki adamların arvadlarını yatağına atmaq idi.
Iki: Truxilyonun “qurbanları” arasında qadınlar xüsusi üstünlük təşkil edirdi. Hətta indi bütün dünyada “Qadın zorakılığına qarşı 16 gün” (25 noyabr-10 dekabr) kampaniyasının kökündə də məhz Truxilyonun öldürtdüyü Mirabal bacılarının (Patriya, Minerva və Mariya Tereza) qətl hekayəsi dayanır.
Truxilyonun dostlarının arvadlarına qarşı ehtirası ilə bütünlükdə qadınlara qarşı amansız, qəddar rəftarı arasında bir bağ vardımı? Bunlar əslində biri digərinin davamı idimi? Biri digərini tamamlayırdımı?
Bilmək, demək çətindir. Bəlkə heç buna ehtiyac da yoxdur.
Qoy bu da diktatorlar haqqında saya-hesaba gəlməyən cavabsız suallardan biri olsun.
“Səfillər”in bir oxucusu
Iranın dini lideri Ayətullah Xamneyinin ən sevimli kitabı Hüqonun “Səfillər”i imiş.
“Səfillər” haqqında nəsə demək artıqdır. Dünya ədəbiyyatının şedevrlərindən biridir, bizə insanlığın iztirablarını, ağrılarını ən gözəl, aydın bir şəkildə anladır.
O üzdən Xameneyinin “Səfillər”i sevə-sevə oxumasında təəccüblü heç nə yoxdur.
Amma anlaşılmayan “Səfillər” oxucusu olan bir ali rəhbərin ölkəsinin dünyada edamların sayına görə tanınmasını necə sinəyə çəkdiyidir. Buna könlünün necə razı olduğudur.
Həm “Səfillər”i oxuyacaqsan, həm də edamlardan, dar ağaclarından yana olacaqsan. Allah eşqinə, səmimiyyət, məntiq bu işin harasındadır?
Niyə Istanbul yox?
Dünən gecə 2020-ci il Olimpiya oyunlarının keçiriləcəyi şəhərin adı açıqlandı.
Istanbulla Tokio arasında seçim sonuncudan yana edildi.
Indi türklər sosial şəbəkələrdə bunu böyük haqsızlıq adlandırır, mason barmağı axtarır, xristian-müsəlman qarşıdurmasının bir təzahürü kimi qələmə verir və…
Və bir daha olimpiya oyunlarını izləməyəcəklərini deyirlər.
Əminəm ki, ilk dəfədir olimpiada onların ölkəsində keçirilməyəcək deyə bir xalq kiçik istisnalarla olimpiya oyunlarına bu qədər aqressiv, aşağılayıcı, təhqiramiz münasibət sərgiləyir. Ən azı buna görə “niyə Tokio? Niyə Istanbul yox” sualının cavabı aydındır. Olimpiya oyunları xoşgörü deməkdir. Sevgi və sayğı deməkdir. Olimpiya oyunlarına münasibətdə bunu bacarmayanlar hələ gedib Olimpiya dəyərlərinə sahib olsunlar, sonra gəlib ona ev sahibliyi etmək iddiasına düşsünlər.
Bu öz yerində.
Amma mənim diqqətimi Türkiyənin olimpiya tanıtımı filmindəki bir məqam çəkdi. Tanıtım filmi məşhur müğənni Rihannanın ifası üzərində qurulub.
Çox gözəl.
Həmin ifadə “ekstazi” sözü keçir.
Halbuki AKP hökuməti bundan həftələr əvvəl içində “rakı” sözü olduğu üçün məşhur “Vardar ovası” türküsünü yasaqlatmışdı.
Öz ölkəsində şəriət kurallarını, dinçi dəyərlərini hakim qılmağa çalışıb, dünyəviliyin təməl prinsiplərini sarsıtmaq üçün əlindən gələni beş qaba çəkən, amma kənarda, bütün dünyaya Türkiyəni çağdaş, layiq görsədərək bununla uğur qazanmağa çalışan bir zehniyyətin bu riyakarlığının və saxtakarlığının qarşılığı Olimpiya oyunlarına ev sahibliyi etmək olmamalı idi.
Necə ki, olmadı da.



