Hərbi qulluqçuların məzuniyyət hüququ necə qorunur?

Üzeyir Cəfərov: «Zabit verilən 45 günlük məzuniyyətdən istifadə etməyibsə, dövlət onun əvəzini kompensasiya ilə ödəyir»

Ölkənin ən önəmli sahələrindən olan hərbi sahədəki problemlərdən narazı olanların sayı yüzlərlədir. Hərbçilər ordudakı problemləri ictimailəşdirməklə bu sahədə baş verən neqativ halların ortadan qaldırılmasına, strateji cəhətdən vacib olan bu sektorun çətinliklərinin həll olunmasına çalışır. Bu yöndə redaksiyamıza müraciət edən hərbçilər qanunla müəyyən olunmuş məzuniyyət və güzəştlərdən istifadə etmədə çox vaxt süni maneələrlə rastlaşdıqlarını söyləyir.

Hərbçilərin hansı güzəştlərdən istifadə etməsini aydınlaşdıran hərbi ekspert Üzeyir Cəfərov hərbi qulluqçular üçün məzuniyyətin qanunla nəzərdə tutulduğunu söyləyir. Ekspertə görə, mükafatlandırma və növbəti məzuniyyət kimi məsələlər müvafiq sənədlərdə göstərilir: “Hərbi qulluqçu Müdafiə Nazirliyi və yaxud daxili qoşunların əsgəridirsə, o, təyinatına uyğun nazirliyin təsdiq etdiyi qaydalardan yararlanmalıdır. Qeyd edim ki, hərbi qulluqçuya qanunvericilik mükafatlandırma qaydasında 10-15 gün məzuniyyət verilməsini nəzərdə tutur. Hərbçi xəstəliyilə bağlı stasionar müalicə alırsa və ya cərrahiyyə əməliyyatına məruz qalıbsa, buna görə hərbi hissənin komandanlığı onu hərbi xidmətdən azad edir və əsgər qısa müddətdə reabilitasiya kursu keçir”. Ü.Cəfərov həmçinin bildirir ki, hərbi qulluqçuya xidmət müddətində bir dəfə məzuniyyət verilir. Ailə daxilindəki itkilərə görə isə o, qısa müddətə məzuniyyətə buraxılır. Bu baxımdan əsgər üçün hansısa kompensasiya nəzərdə tutulmayıb. 

Cəbhə bölgəsində xidmətə gəlincə, bu xidmətdə olan zabitə dövlət ikiqat maaş ödəyir: “Onların xidmətə çıxması bir neçə dəfə təkrar olubsa, həmin hərbi qulluqçuya müvafiq güzəştlər tətbiq olunur. Zabitlər ildə bir dəfə 45 gün müddətində məzuniyyətdə olmalıdır. O bu məzuniyyətdən hansısa bir səbəbdən istifadə edə bilmirsə, misal üçün, döyüş şəraitindədirsə, dövlət onun istifadə edə bilmədiyi məzuniyyət üçün müvafiq kompensasiya ödəməlidir. Yəni ona aldığı məvacibin ikiqat mislində kompensasiya ödənməlidir”.

Nigar